04 iyul 2025 10:00
247

Xankəndidə möhtəşəm beynəlxalq tədbir

ECO-nun 17-ci Zirvə görüşünün  keçirilməsi Azərbaycanın geosiyasi gücünün və qüdrətinin təntənəsidir

Azərbaycan dövlətinin iqtisadi gücü artdıqca onun geosiyasi nüfuzu da davamlı olaraq yüksəlir.  Xüsusilə beynəlxalq iqisadi təşkilatlar ölkəmizlə əməkdaşlıqlarını daha genişləndirməyə çalışırlar. Belə təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır ( ECO). İyulun 3-də və 4- də təşkilatın Azərbaycanın Xankəndi şəhərində yüksək səviyyəli beynəlxalq tədbiri- 17-ci  Zirvə görüşü  keçiriləcək. İki gün davam edəcək  Zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Bu, Azərbaycanın strateji olaraq dəstəklədiyi  istiqamətlərdən biridir.

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış hökumətlərarası regional təşkilatdır. ECO 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş  Inkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının xələfidir. 1992-ci ildə təşkilat Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası kimi 7 yeni üzvün daxil olması ilə daha da genişlənmişdir. Təşkilatın bugünkü  tərkibdə genişləndiyi 28 noyabr tarixi ECO Günü kimi qeyd olunur. İqtisadi Əməkdaşlıq Təşkilatı parlaq ticarət perspektivləri ilə zəngindir. Yaşının gənc olmasına baxmayaraq, ECO inkişaf etməkdə olan regional təşkilata çevrilmişdir. Onun beynəlxalq aləmdəki nüfuzu getdikcə artır. Buna baxmayaraq, təşkilat öz məqsəd və vəzifələrinin həyata keçirilməsi ilə bağlı olaraq çoxsaylı cətinliklərlə üzləşir. Ən əsası isə regionda mövcud resurslardan tam şəkildə istifadə etmək üçün təşkilatın prioritet əsasında inkişaf etdirmək istədiyi müvafiq infrastrukturun və müəssisələrin sayı yetərincə deyildir. Son 12 ildə üzv ölkələr səylərini birləşdirmək vasitəsilə regional inkişaf tempini sürətləndirmək istiqamətində əməkdaşlıq edirlər. Ortaq mədəni və tarixi yaxınlıqlardan başqa, öz ümid və istəklərini aydın bir reallığa çevirmək üçün  mövcud infrastruktur və biznes əlaqələrindən istifadə etməyi bacarmışlar. ECO əməkdaşlığın prioritet istiqamətləri üzrə, o cümlədən enerji, ticarət, nəqliyyat, kənd təsərrüfatı və narkotiklərə nəzarət ilə bağlı bir sıra layihələrin icrasına başlamışdır.

570 milyon əhalisi ilə 2 trilyon 610 milyard dollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumi daxili məhsula (ÜDM) sahib olan ECO artıq regional deyil, həm də qlobal güc mərkəzlərindən hesab olunur. Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir.

Xankəndidə ECO-nun sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geosiyasi gücünü bir daha təsdiq edir. Eyni zamanda, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir. ECO-da Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Onlarla əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir. Bu  baxımdan Xankəndidə keçirilən Sammit, eyni zamanda, təşkilata üzv dövlətlər arasında əlaqlələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün mühüm fürsətdir.

Xüsusilə Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bununla bağlı fikirləri Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: «Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.»

Ölkəmizin  İqtisadi Əməkdaşlıq Təşkilatı çərçvəsində irəli sürdüyü iqtisadi təşəbbüslər ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ən başlıcvsı isə ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərinə səmərəlilik gətirir.

Ölkəmizin ECO- dakı fəaliyyəti həm də ona görə diqqət çəkir ki, bu beynəlxalq təşkilatın məlum coğrafiyasında enerji və nəqliyyat-loqistik üstünlüyə sahibik.  Yəni, Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır.

Eyni zamanda, nəqliyyat sahəsində də Azərbaycanın ECO regionunda aparıcı aktor kimi çıxış etdiyini əminliklə söyləmək olar. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik».

Ölkəmizin başçısının bu fikirləri respublikamızın nəqliyyat sektoruna verdiyi strateji önəmi və region ölkələri ilə əməkdaşlığa göstərdiyi səyləri aydın şəkildə ifadə edir. Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca əlaqələrin genişləndirilməsi ECO məkanında logistik qovşaq rolunu daha da möhkəmləndirir. Ən başlıcası isə  Azərbaycan ECO çərçivəsində yaşıl enerji təşəbbüslərinə də böyük diqqət yetirir. Son dövrlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Hətta iyulun 2-də Özbəkistan Prezidentinin Bakıya səfəri zamanı bu istiqamətdə geniş müzakirələr aparıldı.  Bir sözlə, payğaxtımızda ECO regionu üçün «Təmiz Enerji Mərkəzi»nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur. Həmçinin dövlətimiz ECO ölkələri ilə ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Xatırladaq ki, Azərbacan  ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə də uğurla ev sahibliyi edib. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Hazırda isə Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Elçin Zaman, "İki sahil"