04 iyul 2025 11:09
127

Azərbaycanda ilk dəfə 8 tibb müəssisəsində “ağıllı daşıma sistemi” qurulub

TƏBİB Azərbaycanda ilk dəfə laboratoriya nümunələrinin daşınması üçün “ağıllı daşıma sistemi” tətbiq etdib.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

TƏBİB-in tabeliyindəki 8 tibb müəssisəsində laboratoriya nümunələrinin toplanması, daşınması zamanı pre-analitik və post-analitik mərhələlərdə gedişatın dəqiq və xətasız şəkildə təqib edilməsi, sürətləndirilməsi məqsədilə “ağıllı daşıma sistemi” qurulub.

Belə ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki tibb müəssisələrinin - Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Nərimanov Uşaq Klinik Xəstəxanası, Yasamal Uşaq Kilinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası standartlaşma və keyfiyyət standartlarının təkmilləşdirilməsini təmin etməklə ən müasir cihaz və proqram təminatı ilə təchiz olunub.
İlk dəfə olaraq ölkədə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında biokimya və immunassay cihazları bir-birinə inteqrasiya olunmaqla heç bir mexaniki müdaxiləsiz tam avtomat qapalı sistem qurulub. Cihaza eyni anda 300 xəstə nümunəsi yüklənə bilinir. Cihazlar çox kiçik həcmli qan nümunələrindən bir sıra testləri icra edə bilir. Bu isə öz növbəsində test nəticələrinin daha qısa müddətdə əldə edilməsinə, xəstədən alınan 1 tüp qandan eyni anda daha çox test parametrinin işlənilməsinə, mexaniki müdaxilənin minimuma endirilməsinə səbəb olur.
Laboratoriyalarda qurulan tam avtomat sistem ən son beynəlxalq standart və sertifikatlara malikdir.
Tam avtomat şəkildə qanın ümumi analizini icra etmək üçün, eyni zamanda tam avtomat sidik cihazı da Ə.Qarayev Adına Uşaq Klinik Xəstəxanasında istifadəyə verilib. Respublika Pediatriya Mərkəzinin xəstəxanalarının bütün laboratoriyaları qan qrupu, kumbs testlərinin icrası üçün qızıl standart hesab olunan gel texnologiyasına əsaslanan aqqlütinasiya üsulu ilə işləyən cihazlarla təchiz olunub. Cihaz qan qrupunun təyinini və dəyərləndirilməsini icra edir. Bundan başqa Mərkəzin xəstəxanalarının bütün laboratoriyalarında eyni qan ümumi analiz nümunəsindən EÇS (eritrositlərin çökmə sürəti) testini icra etmək üçün də cihazlar qurulub. Bu da öz növbəsində pediatrik xəstə qrupundan çox çətin olan əlavə qan nümunəsinin alınmamasını təmin edir.

Bütün bunların hər biri işçi xətasının minimuma endirilməsinə və düzgün nəticə əldə edilməsinə xidmət edir.

“Ağıllı daşıma sistemi” laboratoriyalardan mərkəzi laboratoriyaya qədər daşınan müddətdə tüplərin daşınmasının bütün mərhələlərini onlayn izləmək, qeydiyyata almaq və daşınma zamanı itirilən tüpləri aşkar etmək imkanını təmin edir. Eyni zamanda nümunələrin çeşidlənməsi maksimum həddə asanlaşıb.

Sözügedən cihazların və proqram təminatının TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrində də qurulması nəzərdə tutulur.