04 iyul 2025 21:46
97

 18 yaşlı ölməz qəhrəman

Səyyad Əliyar  oğlu  Ağahüseynli  44 günlük haqq savaşımız başlayanda ömrünün 18-ci ilini təzə yola salmışdı.  Qaldı ki,  Vətəninə ürəkdən  bağlandığı üçün özünü ona fəda etməyi bacardı. Müharibə meydanında göstərdiyi misilsiz rəşadəti ilə tarixin səhifəsində şərəfli  bir yer tutdu.   Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açmış şəhid Səyyadın adı indi  bütün Azərbaycan  xalqının dilində qəhrəmanlıq simvolu kimi səslənir. Onun şərəfli həyat yolu gələcək nəsillər də örnək olacaqdır.

Canında, qanında Vətən məhəbbəti, xalq sevgisi olan Səyyad Ağahüseynlini yağı düşmənin Qarabağımıza ədalətsiz təcavüzü çox narahat edib. Elə orta təhsildən sonra bir başa ordu sıralarına getməkdə birinci məqsədi dığalardan layiqincə qisas almaq olub. Cəbhə bölgəsində etdiyi nümunəvi xidməti  ilə   qısa zaman kəsiyində  zabitlərin, əsgərlərin gözündə ucalıb. Eləcə hərbi təlimlərdə verilən tapşırıqları uğurla yerinə yetirməyi   bir daha göstərib ki,  o, adına can dediyi Azərbaycanın hər qarış torpağı  uğrunda  canından-qanından keçməyə hazırdır. 

Vətən müharibəsi başlanan andan vədinə sadiq  qalan  Azərbaycan Ordusunun əsgəri olan Səyyad Ağahüseynli  çəkinmədən, qorxmadan birincilər sırasında odun-alovun içinə girib. Qartal tək dığaların üstünə şığıyan igid döyüşçü  çiyin-çiyinə vuruşan  əsgərlərlə  onların atəş nöqtəsini susdurub və çoxlu sayda canlı qüvvəsini məhv edib, hərbi texnikasını sıradan çıxardıb. Qazanılan ilk zəfər döyüş meydanında düşməni tam qırmaqdan ötrü  Səyyadın qollarına yeni güc gətirib. O, hər dəfə savaş meydanına girəndə 30 il əsir düşən Vətən torpaqlarında dalğalanan üçrəngli bayraqların sayı da artıb. Beləcə saat-saat   öz layiqli cavabını alan düşmən ağır məğlubiyyət qarşısında qalıb.

Sinəsini yanar od edib yağının bağrini çatladan  qəhrəman Vətən sevdalısı Qubadlının azadlığı uğrunda gedən şiddətli  müharibə meydanında  şəxsi rəşadət göstərib. Adəti üzrə yenə də öndə olmaqla  dığalara göz açmağa belə imkan verməyib. Düşmənə  qan qusdurub ürəyincə qisas alan Səyyad Ağahüseynli  20 oktyabr 2020-ci ildə  şəhidlik zirvəsinə ucalıb.

Doğulub boy-başa  çatan  Qarazəncir kəndində  dəfn edilən  şəhid  Səyyad   Ağahüseynli  dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın  və Qubadlının  azadlığına görə medallara  layiq görülüb.

Səyyad Ağahüseynli  öz şərəfli ölümü ilə bir daha sübut etdi ki, torpaq onun yolunda  şəhid olmağı bacaran oğulların çiyinlərində Vətən olur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü