07 iyul 2025 17:44
120

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

İyulun 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında strateji münasibətlərin dostluq və qardaşlıq prinsipləri əsasında qurulduğu vurğulanıb. Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin növbəti təzahürü olduğunu bildirib. Milli Məclisin sədri qonaqların Prezident İlham Əliyevlə görüşünə toxunaraq qeyd edib ki, dövlətimizin başçısı ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.

Söhbət zamanı qeyd edib ki, Azərbaycan xalqı Ermənistanın torpaqlarımızı 30 il davam etmiş işğalı dövründə və Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyini yüksək qiymətləndirir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, hər iki ölkənin parlamentlərində qarşılıqlı dostluq qrupları uğurla fəaliyyət göstərir və bu gün qanunverici orqanlarımız arasında çox yaxşı münasibətlər qurulub. Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Bildirilib ki, Azərbaycan, Pakistan və Türkiyə arasında yaradılmış üçtərəfli əməkdaşlıq formatı strateji müttəfiq ölkələrimizin nailiyyətlərindən biridir.

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq deyib ki, Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir. Assambleyanın sədri Hindistanla münaqişədə Pakistanla həmrəylik nümayiş etdirdiyinə görə Azərbaycana təşəkkürünü bildirib. O qeyd edib ki, ölkələrimizin yerləşdiyi coğrafi məkanlar arasında bağların gücləndirilməsi gələcək üçün böyük önəm daşıyır.

Qonaq bildirib ki, bir neçə gün əvvəl Xankəndidə keçirilmiş sammitdə dövlət və hökumət başçılarının iştirakı həm dünyaya verilmiş bir mesaj, həm də Azərbaycanın Zəfərinə dəstəkdir.

Söhbət zamanı Milli Assambleyanın sədri Pakistanla Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb, Pakistan parlamentinin strukturu, fəaliyyət prinsipləri barədə məlumat verib, mütəmadi həyata keçirilən qarşılıqlı səfərlərin mühüm rolundan danışıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.