12 iyul 2025 00:36
193

Sülhə aparan tarixi görüş

Ona görə “tarixi” deyirik ki, Ermənistan dövlət  kimi mövçud olduğu yüz yeddi ildə ilk dəfə olaraq Azərbaycanla müstəqil şəkildə danışıqlar aparır.

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutan görüşdən sonra bəyanat yayıb. Bəyanatda görüş zamanı dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektlərinin müzakirə edildiyi qeyd olunur: “2025-ci il iyulun 10-da Əbu-Dabidə Ermənistan Respublikasının baş naziri və Azərbaycan Respublikasının Prezidenti arasında görüş keçirilib və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektləri müzakirə edilib.

İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb”.

Təbii ki, bu fikirlər yalnız XİN-ə məxsus olmayıb Ermənistan dövlətinin rəsmi mövqeyini əks etdirir. Bu, onu göstərir ki, ölkədə ciddi fikir ayrılıqları olsa da Ermənistan rəhbərliyi, şəxsən baş nazir Nikol Paşinyan şəkkakların müqavimətini qırmaq əzmindədir. Həm də Nikol Paşinyan daxildəki vəziyyət kövrək olsaydı, təbii ki, bu görüşə razı olmazdı. Deməli o, Ermənistanda ictimai-siyasi vəziyyəti kifayət qədər nəzarətdə saxlayır, bir çox rəqiblərini həbs etdirərək zərərsizləşdirir. Nifaq toxumu səpən kilsəyə isə təzyiqləri davam etdirir. Bir sözlə, Nikol Paşinyanın qətiyyətli addımları nəticəsini verir. Ona görə də,Paşinyan  əminliklə Əbu-Dabiyə gəldi və danışıqlar baş tutdu.

İlk təəssürat odur ki, Paşinyan bundan sonra geri çəkilməyəcək. Bu görüş sülh istiqamətində böyük balans yaradacaq.Qeyd edək ki, Azərbaycan XİN-lə Ermənistan XİN-in bəyanatları təxminən oxşar müddəaları əhatə edir.

Bəyanatlara görə, sərhədin delimitasiyası prosesində irəliləyişlərin olduğunu qeyd edən rəhbərlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər: “Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər”.

Əlbəttə, belə də olmalı idi. Ən böyük müharibələrin də məntiqi sonluğu sülh və barışıq olub. Odur ki, Nikol Paşinyan silahı yerə qoyub yarımçıq qalmış məsələlərin diplomatiya və danışıqlarla həll edilməsi yolunu seçib. Buna mane olmaq istəyən kilsəyə, daşnaklara və revanşistlərə üstün gəlməyi bacarıb. Bağlanacaq sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki iqtisadi blokadada boğulan, iqtisadi inkişafdan qalan, iri iqtisadi layihələrə yaxın buraxılmayan Ermənistandır.

Vəli İlyasov, “İki sahil”