Dövlətçilik tariximizə «Heydər Əliyev yolu» kimi yazılan salnaməni uğurları ilə zənginləşdirən Prezident İlham Əliyev ata vəsiyyətinə sadiq qaldı , Azərbaycanı dünyaya tanıtdırdı
«1969-cu il iyulun 14—Bastiliyanın alınması günündə Bakıda Azərbaycan Kommunist Partiyası MK-nin Plenumu açıldı. Yayın dözülməz bürküsündən nəfəsi daralan şəhərə bundan bir gün əvvəl Sov. İKP. MK-nın katibi İvan Vasilyeviç Kapitonov gəlmişdi. O partiyanın kadr məsələlərinə baxan əsas şəxs idi və onun səfərləri adətən yeni rəhbərlikdə dəyişikliklərlə bağlı olurdu . Bakıya səfəri də istisna deyildi.» ( Nikolay Zenkoviç. Heydər Əliyev. Tale yolları.)
Əslində burada gizli saxlanılması elə bir məsələ də yox idi. Azərbaycanda hamı bilirdi ki, on il respublikaya başçılıq etmiş Azərbaycan KP. MK-nın Birinci katibi, Vəli Axundov vəzifədən gedir.
Yeni katibin kimliyi ilə bağlı ictimai rəy müxtəlif olsa da sual dəyişilməz idi: Birinci katibi kim əvəz edəcək?
… Sovet ideologiyasının illərdən bəri qorunan kadr siyasəti belə idi ki, vəzifəni təhvil verən şəxsdən potensial imkanlara malik xələfi ilə bağlı fikir, rər öyrənilir, nəzərə alınmasa belə yeni kadr barədə müəyyən fikir formalaşırdı. Kremldə söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə o zaman respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri Heydər Əliyev üzərində dayanmasına Vəli Axundov münasibətini bu sözlərlə bildirmişdi: «Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə- həm siyasi, həm də işgüzar keyfiyyətlərə malikdir.»
Bu seçim təsadüfi deyildi. O dövrdə İttifaqda DTK böyük nüfuza malik idi. Azərbaycanda bu sahəyə başçılıq edən Heydər Əliyev onun üçün gözlənilməz olmuş bu xəbərə münasibətini bu sözlərlə bildirmişdi: «Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmaq asan iş deyil. Ona görə də istəmirəm.»
Sonradan bu görüşün təfərrüatlarını xatırlayan Heydər Əliyev söyləyirdi ki, ki, Sov İKP MK-nın Baş katibi Leonid İliç Brejnev onun etirazlarını qəbul etməmişdir: « Hiss olunurdu ki, o özü üçün artıq qərar qəbul edib. Siyasi Büro da mənim namizədliyimi müzakirə edərək vahid rəyə gəlmişdi ki, respublikanın indiki vəziyyətində ən münasib namizəd Əliyev olar…Yəqin ki, mənim üstünlüyüm DTK-da işləməyim, şəxsi işimin təmizliyi, qazandığım etimad, azərbaycanlıların sevgisi idi.»
Beləliklə, 14 iyul 1969-cu ildə keçirilən plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi.
Təhsili etibarı ilə tarixçi olan bu şəxs, şübhəsiz ki, öz ölkəsinin əsrlərə söykənən keçmişini yaxşı bilirdi. 25 il məxfi xidmətdə çalışdığından xalqının digər - daim dəyişdirilən və hər yeni rəhbər üçün onun ürəyi istəyən tərzdə yenidən yazılan əsl tarixindən xəbərdar idi. O dövrün tələbi başqa idi. Kremldə oturanlar göstəriş verirdilər ki, Azərbaycan xalqının hansı məhşurlarını sevilən qəhrəmanlar hesab etmək olar, hansıların yox. Lakin Heydər Əliyev bilirdi ki, xalqın taleyində yeri, izi, rolu olanları mənfi, müsbət anlamda kateqoriyalara bölmək tarixin özünə xəyanətdir
Respublikanın yeni rəhbəri kimi Azərbaycanın inkişafı və canından artıq sevdiyi xalqı üçün məsuliyyəti öz üzərinə götürən Heydər Əliyev bilirdi ki, məxfi xidmət orqanının başçısı olmağın məsuliyyətindən fərqli olan respublikaya rəhbərlik ikiqat çətindir. Ölkəni siyasi, iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın maraqlarını qorumaq üçün dövlətçilik təcrübəsi lazım idi. İttifaq miqyasında geridə qalan respublika olan Azərbaycanı iqtisadi gerilikdən, böhrandan çıxarmaq səriştə, dövlətçilik təcrübəsi tələb edirdi. Amma Vətənə bağlılıq, işinə məsuliyyət , vətəndaşlıq borcu bütün çətinliklərə üstün gəldi. Ulu Öndər Heydər Əliyevin xidmətlərinə verilən ən dəyərli qiymət isə tanınmış siyasətçilərin bu sözləri oldu: Azərbaycan xalqının bəxti onda gətirdi ki, bu millətin lideri, Azərbaycanın siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu Əliyev oldu.
İlk gündən illərdən bəri yığılmış problemlərin həlli yollarını müəyyənləşdirən respublikanın rəhbəri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti başçılarına müyəssər olmayan nailiyyətlərə də imza atdı.
Ulu Öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etmişdir: 1969- 1982, 1993- 2003-cü illərdə. Birinci mərhələdə respublikada aparılan inkişaf sürətinə görə «Azərbaycan iri addımlarla irəliləyir!» şüarının həyatımızın bütün sahələrinə şamil olunması Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsi idi. Bütün respublikaların eyni mərkəzdən, Kremlin göstərişlərinə uyğun planlı iqtisadiyyat üzrə idarə olunduğu bir məqamda adi qərarın belə sərbəst qəbulu üçün cəsarət tələb etdirildiyi bir zamanda Ulu Öndərin Azərbaycanın gələcəyi naminə apardığı siyasət qarşıdakı onilliklərə hesablanırdı. Heç bir müttəfiq respublika rəhbərinin adi təşəbbüs qaldırmağa imkanının olmadığı o illərdə Azərbaycanın dotasiyasız yaşayan respublika olduğunu, ölkənin istehlakdan artıq məhsul istehsal etdiyini uğurlu dövlətçilik təcrübəsi ilə təsdiqləyən Heydər Əliyev ən kiçik imkandan istifadə etməklə qüdrətli Azərbaycanın müstəqilliyi üçün zəmin hazırlayırdı. Respublikaya rəhbərliyə başladıqdan sonra xalq təsərrüfatının bütün sahələrində gedən prosesləri sürətləndirən, milli gəlirdən istifadəni düşünülmüş şəkildə tənzimləyən Heydər Əliyev neft, yanacaq- energetika sahəsinin inkişafına xüsusi diqqətlə yanaşırdı. Qəsa müddətdə ölkə sənayesinin inkişafı naminə kompleks proqramlar həyata keçirildi, strateji istiqamətlər qabaqcıl beynəlxalq təcrübəyə əsasən təkmilləşdirildi. Yenilikləri liderlik təfəkkürü, bacarığı ilə təsdiqləyən Ulu Öndərin təşəbbüsü ilə o zamanlarda nəinki Qafqazda, Rusiyanın ən iri şəhərlərində belə olmayan məişət kondionerləri zavodunun inşası Azərbaycan üçün böyük nailiyyət idi. Sonralar «Bilirsiniz, mən xoşbəxtəm ki, bizim zavodun tikintisində əməyim olub. Həmin zavod artıq on beş ildir işləyir, çoxdan öz xərcini çıxarıb, respublikaya mənfəət gətirir. Bir dəfə Afrikanın lap cənubuna, Mozambikə səfər etmişdim və orada Azərbaycan kondisionerlərini gördüm. Sonralar Bakı markası ilə kondisionerlər planetimizin ən müxtəlif nöqtələrində- Koreyada, Vyetnamda, Anqolada rastıma çıxırdı və mən gördüyümüz işə görə həqiqətən, iftixar hissi duyurdum» söyləyən Ulu Öndər Azərbaycanı dünyada tanıdan xarici əlaqələrin əsasını qoydu. Bu baxımdan Azərbaycanın tarixində «Əliyev dövrü ən məhsuldar illər olub» deyimində böyük həqiqət vardır. Respublikaya yenilik ruhu ilə rəhbərlik edən, sosial-iqtisadi, mədəni həyatın bütün sahələrində müasir texnologiyaların tətbiqinə çalışan Ulu Öndər Azərbaycan iqtisadiyyatının ən önəmli sahəsi olan neft sənayesini inkişaf etdirdi. Ölkəyə başçılıq etdiyi birinci mərhələdə yanacaq-energetika kompleksinin inkişafını diqqətdə saxlamaqla, bu sahəyə əsaslı vəsait qoyuluşunu artırmaqla aqrar ölkə kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirdi. Neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi. 1970-ci ildən başlayaraq yeni yataqların kəşfi, müasir qazma metod və üsullarının Azərbaycanda tətbiqi gücləndirildi. Təcrübəsi İttifaq miqyasında nümunə göstərilən Heydər Əliyevin təşəbbüskarlığı və müəllifliyi ilə tərtib olunan «Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması» proqramı planlı şəkildə həyata keçirildi. Onun xidmətləri sayəsində Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, «Şelf» seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. 1993-cü ildə müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı ilə «Əsrin müqaviləsi»nin imzalanmasına nail olan Ümummilli Liderin neft strategiyasının həyata keçirilməsi ilə xalqlar arasında əməkdaşlıq, dostluq və həmrəylik körpüsü yaradıldı.
Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını diqqətdə saxlayan Ulu Öndəri əbəs yerə türk dünyasının böyük oğlu adlandırmırlar. Azərbaycana rəhbərliyi illərində milli təfəkkürü formalaşdıran, mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün vətəndaşlıq yanğısı ilə xalqına bağlılığını hiss etdirən müdrik siyasətçi Azərbaycana rəhbərliyinin birinci dövründə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq respublikamıza intibah dövrünü yaşatdı.
Sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı bir dövrdə rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev ilk növbədə iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün, xalqın mənəvi-posixoloji vəziyyətinə mənfi təsir göstərən amillərin qarşısını aldı. İdarəetmə strukturlarında çalışan məmurların milli kadrlar hesabına formalaşdırılmasına diqqət artırıldı.
Bütün hallarda Azərbaycanın müstəqil dövlət olacağına inamı tükənməz olan Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli hərbi kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir xidmət sahəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin daim öyündüyü Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət etməsinlər. Bu baxımdan hərbi məktəbin məzunlarının da qəhrəmanlıq göstərdiyi 44 gınlük Vətən müharibəsindəki Qələbəmizdə Ulu Öndər Heydər Əliyevin xidmətləri təkzibolunmazdır. Azərbaycanlı gənclərin müxtəlif ixtisaslara yiyələnmələri üçün keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi ilə ölkənin ixtisaslı kadr potensialının əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da ilk diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu olmuşdur.
Totalitar sistemin yaratdığı çətinliyə baxmayaraq qorxmaz, cəsur, möhkəm iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlara sərbəst düşünmək və təşəbbüslərini tam ifadə edə bilmək imkanı yaratdı. Görkəmi ilə nümunə göstərilən mədəniyyət ocaqları inşa olundu, tarixi şəxsiyyətlərimizə hörmət əlaməti olaraq mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı. Milli məfkurə, azərbaycançılıq ideologiyası formalaşdı. Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinin təşəbbüskarı da uzaqgörən siyasətçi Heydər Əliyev idi. Onun səyi ilə 1978-ci il Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Ana dilimizin idarəçilikdə geniş tətbiqi, klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.
Onun Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə respublikanın 250-dən çox sənaye müəssisəsində istehsal olunan 350 adda müxtəlif ünvanlı sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu. Ağıl və zəkasından mənəvi silahı kimi istifadə edən, təcrübəsi, siyasi bacarığı, fenomen istedadı ilə fərqlənən tarixi şəxsiyyətlərlə birgə, hətta birincilər sırasında adı çəkilən Ümummilli Lider Heydər Əliyevin liderlik fəlsəfəsinin təkrarolunmazlığı müasir Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmdə qazandığı nüfuz, siyasət və diplomatiya sahəsində əldə etdiyi misilsiz nailiyyətlərdir.
Kremlin təzyiqlərindən qorxmayaraq fərdi təqaüdçü kimi 20 Yanvar hadisələrinə etirazını Moskvada Azərbaycanın Daimi Nümayəndəliyindəki tarixi çıxışı ilə bildirən Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla adını müstəqilliyimizin əbədi qarantı kimi tarixə yazdı, vətəndaşlıq sevgisini, dünya şöhrətli dövlət xadimi olduğunu qətiyyətli islahatları ilə təsdiqlədi.
Amma o illərdə milli xəyanətkarlarımız Heydər Əliyev dühasından qorxaraq onun hakimiyyətə qayıdışını özlərinin məhvi hesab edərək ölkədə çaxnaşmalar yaratdılar. O vaxt iqtidarda olan AXC-Müsavat cütlüyünün xəyanətkarları təxribatlarla, Gəncə hadisələrini törətməklə Ulu Öndərin Bakıya qayıtmasına mane olmağa çalışdılar.
1995-ci il iyunun 15-də Ali Sovetin Sədri seçilən Heydər Əliyevə «Heydər bəy, ... Sizin Ali Sovetin Sədri olmağınız vəziyyətdən çıxmaq üçün bizə - mən bir millət vəkili kimi mənə və mənim yoldaşlarıma, bütünlüklə Azərbaycan xalqına qarant verə bilərsiniz, yoxsa yox?» kimi xəyanətkar suallara qətiyyətlə cavab verən Ulu Öndər bildirmişdi ki, Bakıya öz vicdanımın, ən çox da xalqın təkidi və tələbi ilə, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin xahişi ilə dəvət olunmuşamsa, demək mən burda, bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm: «Bu barədə heç kəsin şübhəsi olmasın. Burada bu məsələnin müzakirəsində cürbəcür sözlər deyib, by məsələnin ayrı-ayrı istiqamətlərə yönəldilməsi məndə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm… Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir.»
Belə də oldu, Azərbaycan Ali Sovetinin Sədri, sonra isə Prezident kimi, o ağır günlərdə xalqı çətinliklərdən, Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas edən Ümummilli Lider Heydər Əliyev
1994-1995-ci illərdə dövlətçiliyimizə qarşı törədilən cəhdlərin qarşısını almaqla xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər Azərbaycanın iqtisadi inkişafı və müstəqilliyinin əbədiliyi üçün başlıca şərt olan neft strategiyasını hazırlamaqla gələcəyimiz üçün etibarlı təməl yaratdı. «Üç dəniz əfsanəsi»nin gerçəkliyinə inanmayanlara, Xəzər neftinin dünya enerji bazarına nəqlini utopiya hesab edənlərə bir daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırmaqla Azərbaycanın dünya birliyində yerini müəyyənləşdiridi. Sonralar neft strategiyasının uğurlarından olan TANAP, Cənub Qaz Dəhlizi, TAP kimi önəmli layihələrin reallaşması, Azərbaycan və Türkiyənin birgə səyi ilə türk xalqlarının birlik və həmrəyliyi möhkəmləndirildi.
… Sadalananlardan və tarixdə özündən sonra iz qoyub, dövlətçilik məktəbi yaradanların təcrübəsindən aydın olur ki, onlar rəhbərliyi şərtləndirən «liderlik kapitalı» və «liderlik şəraiti» tələblərinə uyğun fəaliyyət göstərmişlər. «Liderlik kapitalı»nı özündə birləşdirən perspektivi görmək, müdriklik, cəsarət, inam qazanmaq qabiliyyəti, səmərəli ünsiyyəti yaratmaq bacarığı və dəyərlər sistemi Ulu Öndər Heydər Əliyev məktəbinin varislik ənənəsidir.
Liderlik şansını qazanan müdrikin ən böyük xidməti özündən sonra xalqın etimadını doğruldacaq davamçısını yetişdirməsidir. Ümummilli Lider Heydər Əliyev bu sahədə də zəkasına, dövlətçilik təcrübəsinə güvəndi. 2003- cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa ünvanlanmış tarixi müraciəti ilə Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyinin əbədi, göstərdiyi xidmətlərin davamlı olmasını istəyən dahi Heydər Əliyev davamçısı və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi. Müdrik siyasətçi Heydər Əliyev məktəbini layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizi dünya birliyində qüdrətli dövlət kimi tanıtmaqla, İkinci Qarabağ müharibəsini və 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror tədbirlərini Qələbə ilə başa vurmaqla Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqlədi. Özünün qeyd etdiyi kimi, ata vəsiyyətini yerinə yetirdi.
Xuraman İsmayılqızı, «İki sahil»