12 iyul 2025 11:08
128

Ukrayna Aİ ölkələrini 18-ci anti-Rusiya sanksiyalar paketini mümkün qədər tez qəbul etməyə çağırıb

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı (Aİ) ölkələrini 18-ci anti-Rusiya sanksiyalar paketini mümkün qədər qısa zamanda qəbul etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində Rusiyanın Ukrayna şəhərlərinə yeni raket zərbələri endirməsi fonunda yazıb.

“Rusiya terrorunu gücləndirməkdə davam edir, yüzlərlə pilotsuz uçuş aparatı və raketdən istifadə etməklə növbəti hücum dalğasını həyata keçirir, yaşayış məntəqələrinə ziyan vurur, dinc əhalini öldürür və yaralayır. Qərbdəki Çernovtsı, Lvov və Lutsk şəhərləri xüsusilə dəhşətli hücuma məruz qalıb, digər bölgələr də zərər görüb”, - o yazıb.

Sibiqanın sözlərinə görə, raket zərbələrinin miqyası Moskvanın neft gəlirlərindən məhrum edilməsinin təcili zəruriliyini nümayiş etdirir. O əlavə edib ki, Aİ-nin 18-ci sanksiyalar paketini və Qrem-Blumental qanun layihəsini tezliklə qəbul etmək tərəfdaşların da maraqlarına uyğundur.