12 iyul 2025 13:31
122

Pekində qlobal sivilizasiyalar dialoqu üzrə nazirlər toplantısı keçirilib

İyulun 10-11-də Pekində Qlobal Sivilizasiyalar Dialoqu üzrə Nazirlər Toplantısı keçirilib.

“İki sahil” xəbər verir ki, “Dünya sülh və inkişaf üçün bəşər sivilizasiyalarının müxtəlifliyinin qorunması” mövzusunda keçirilən tədbirdə 140 ölkədən və regiondan 600-dən çox qonaq iştirak edib.

Tədbirin açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrik mesajı, BMT-nin Baş katibi Antonio Quterreşin təbrik məktubu səslənib, yerli və xarici qonaqla çıxış ediblər.

Paralel sessiyalarda inklüziv dünyanın qurulmasında, qlobal inkişafın və rifahın, mədəni varisliyin və innovasiyanın, xalqlar arasında anlaşmanın və dostluğun, elmi və texnoloji tərəqqinin, akademik mübadilənin təşviqində sivilizasiyalararası mübadilə və qarşılıqlı öyrənmənin həlledici rolundan danışılıb.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti, Vyana Universitetinin doktorantı Aytən Əliyeva tədbirdə iştirak edib. O, “China Youth Daily” qəzetinə müsahibəsində müasir dünyada sülh və dialoqun bəşəriyyət üçün zəruri olduğunu vurğulayıb, bu məqsədə çatmaq üçün mədəniyyətlərarası əlaqələrin genişlənməsinin, gənclər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. A.Əliyeva Qarabağın zəngin mədəniyyət tarixi barədə qısa məlumat verib, xarıbülbülün Azərbaycan xalqı üçün sülh və dözümlülük rəmzi olduğunu bildirib. O, Azərbaycanın tarixən mədəniyyətlərarası dialoqa önəm verdiyini və bu istiqamətdə beynəlxalq təşəbbüslərdə fəal iştirak etdiyini xüsusi olaraq vurğulayıb.