24 iyun 2026 12:16
507

Müəllim bugün sadəcə bilik ötürən deyil — o, dəyər aşılayan insandır

Müasir dövrdə müəllimin əsas missiyası şagirdi düşünməyə öyrətmək, onu informasiya selindən qorumaq və milli kimliyini ona sevdirməkdir

Müəllim öz uğurunu şagirdinin uğurunda görür — bu, peşənin ən gözəl fəlsəfəsidir

Təhsil hər bir xalqın gələcəyini müəyyənləşdirən ən mühüm sahələrdən biridir. Cəmiyyətin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvər və savadlı gənclərin yetişdirilməsi məhz məktəbdən və müəllimdən başlayır. Müəllim yalnız dərs deyən, bilik ötürən şəxs deyil; o, eyni zamanda düşüncə formalaşdıran, xarakter yetişdirən, gələcəyin vətəndaşını həyata hazırlayan bir ziyalıdır. Bu baxımdan müəllimlik peşəsi bütün dövrlərdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilmişdir.
Xüsusilə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür. Çünki onlar təkcə dil qaydalarını öyrətmir, həm də xalqın tarixini, mədəniyyətini, milli yaddaşını və mənəvi sərvətlərini yeni nəslə çatdırırlar. Ana dilinin qorunması, klassik və müasir ədəbiyyatın təbliği, milli kimlik şüurunun formalaşdırılması məhz bu fənlərin tədrisi vasitəsilə həyata keçirilir. Bu səbəbdən Azərbaycan dili və ədəbiyyatı müəllimi yalnız pedaqoq deyil, həm də milli dəyərlərin daşıyıcısı və təbliğatçısıdır.
Bu dəfəki həmsöhbətimiz filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, dərslik müəllifi, esse və hekayələri ilə oxucuların rəğbətini qazanan, “Qızıl alma” monoqrafiyasının müəllifi Əhmədova Ülviyyə Kərəmqızıdır. Uzun illərdir təhsil sahəsində çalışan, elmi fəaliyyətlə pedaqoji fəaliyyəti uğurla birləşdirən Ülviyyə xanım həm müəllim, həm tədqiqatçı, həm də yazıçı kimi Azərbaycan sözünə xidmət edən ziyalılardandır.
Onun həyat və fəaliyyət yolu sözə, kitaba və elmə bağlılığın nümunəsidir. Uşaqlıqdan ailəsində formalaşan ədəbiyyat sevgisi sonradan onu filologiya sahəsinə gətirib, müəllimlik və yaradıcılıq yoluna istiqamətləndirib. Hələ 18 yaşından müəllimlik fəaliyyətinə başlayan Ülviyyə xanım illər ərzində qazandığı təcrübə ilə yüzlərlə şagirdin həyatına toxunub, onların düşüncə dünyasının formalaşmasında mühüm rol oynayıb.
Müasir dövrdə təhsil sahəsində baş verən dəyişikliklər, rəqəmsal texnologiyaların həyatımıza sürətlə daxil olması, sosial şəbəkələrin gənclərin dünyagörüşünə təsiri, mütaliə vərdişlərinin zəifləməsi və süni intellektin yaratdığı yeni çağırışlar müəllimlərin qarşısında fərqli vəzifələr qoyur. Bu mürəkkəb və dinamik dövrdə müəllimin missiyası, onun cəmiyyətdəki rolu, milli dəyərlərin qorunmasındakı mövqeyi daha da aktuallaşır.
Müsahibəmizdə Ülviyyə xanım müəllimlik peşəsinin mahiyyəti, Azərbaycan dili və ədəbiyyatının tədrisindəki aktual məsələlər, klassik irsin müasir gənclərə çatdırılması yolları, mütaliə mədəniyyətinin formalaşdırılması, rəqəmsal mühitin dilə təsiri, süni intellektin təhsildə yaratdığı imkanlar və risklər, müəllim–şagird münasibətlərinin incəlikləri, eləcə də gələcəyin təhsili ilə bağlı baxışlarını bölüşür.
Səmimiyyəti, dərin müşahidələri və peşəkar yanaşması ilə seçilən bu müsahibə yalnız müəllimlər və təhsil işçiləri üçün deyil, həm də valideynlər, tələbələr, gənclər və ümumilikdə təhsilin inkişafında maraqlı olan hər bir oxucu üçün maraqlı düşüncələr təqdim edir. İnanırıq ki, bu söhbət müəllimlik peşəsinin əsl mahiyyətini daha yaxından anlamağa, Azərbaycan dilinin və ədəbiyyatının cəmiyyətimizdəki əvəzsiz rolunu bir daha dərk etməyə imkan yaradacaq.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Müəllimlik yolunuz necə başlayıb?
-Mən Əhmədova Ülviyyə Kərəmqızı. Filologiya üzrə fəlsəfə doktoru, yazıçılar birliyinin üzvü, prezident təqaüdçüsü, dərslik, onlarla esse və hekayələr, həmçinin “Qızıl alma” monoqrafiyası müəllifiyəm. Hazırda 281 saylı tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm. Müəllimlik yolum çox erkən — cəmi 18 yaşımdan başlayıb. O vaxtlar müxtəlif liseylərdə, özəl kurslarda dərs deyirdim. O illər məni həm peşəkarcasına intizamlandırdı, həm də uşaqlarla ünsiyyətin sirlərinə yiyələndirdi. İndi 34 yaşımda arxaya baxanda görürəm ki, həmin erkən başlanğıc təsadüf deyilmiş — bu, taleyimin mənə göstərdiyi bir yol idi.
-Azərbaycan dili və ədəbiyyatını tədris etməyi seçməyinizə hansı amillər təsir edib?
-Həm atamın, həm də anamın ədəbiyyata olan bağlılığı, evimizdə kitab rəflərinin boydan-boya dolu olması, valideynlərimin bir-biri ilə zarafatında belə ağlıma qazınan söz sevgiləri. Uşaqlıqdan kitabla böyüdüm, sözlə “oynamağı” sevdim. Filologiyanı seçəndə bilirdim ki, bu sadəcə ixtisas deyil, həyat tərzidir. Mənim ilk müəllimim atam olub… ardınca da sözü ilə həyatıma toxunan müəllimim, elmi rəhbərim Arif Əmrahoğlu. Çox təəssüf ki, ikisini də hər zaman üçün erkən sayılan anda itirdim. Atatürkün bir sözü var, o demiş ki, mənim qanımın, canımın atası Məhmət əfəndi, ruhumun atası Ziya Göyalpdır. Mən də öz atam və öz müəllimim haqqında belə deyərdim. “Qızıl alma” və sonradan böyük eşqlə müdafiə etdiyim “Azərbaycan milli istiqlal mübarizəsi və Gültəkin poeziyası” məhz onlardan mənə əmanətdir. Sonradan yazıçı kimi fəaliyyətə başlamağım da bu seçimin nə qədər düzgün olduğunu təsdiqlədi. Müəllimlik isə bu sevgini başqalarına ötürmək imkanıdır — bu, mənə məhz yazıçılıq qədər mənalı görünür. Söz gücdür, zəriflikdir, duyğudur, gerçəklikdir. Söz yaratmaqla sözü sevdirtmək — ikisi də bir missiyaya xidmət edir.
-Sizcə, müasir dövrdə müəllimlik peşəsinin cəmiyyətdəki əsas missiyası nədir?
-Müəllim bugün sadəcə bilik ötürən deyil — o, dəyər aşılayan insandır. Məlumat artıq hər yerdədir: internətdə, süni intellektdə, kitabxanalarda. Amma bu məlumatları dəyərə, düşüncəyə, mənəviyyata çevirmək — bu ancaq duyan, duyğusunu həssaslıqla ötürən müəllimin əlindən gələr. Müasir dövrdə müəllimin əsas missiyası şagirdi düşünməyə öyrətmək, onu informasiya selindən qorumaq və milli kimliyini ona sevdirməkdir.
-Yaxşı müəllimi fərqləndirən əsas keyfiyyətlər hansılardır?
-Yaxşı müəllim, hər şeydən əvvəl, öyrənməkdən yorulmayan insandır. Bundan əlavə: şagirdə insan kimi baxmaq bacarığı, səbir, yaradıcılıq, dürüstlük və öz fənnini dərindən sevmək. Mən buna bir keyfiyyət daha əlavə edərdim — özünü tanımaq. Müəllim kim olduğunu bilmədən başqasına nə verə bilər ki?
-Azərbaycan dili və ədəbiyyat müəlliminin gənc nəslin formalaşmasındakı rolunu necə qiymətləndirirsiniz?
-Bu rol son dərəcə məsuliyyətlidir və eyni zamanda çox böyük bir imkandır. Azərbaycan dili müəllimi yalnız qrammatika öyrətmir; o, uşağa öz dilini sevdirməklə ona milli kimliyini qaytarır. Ədəbiyyat müəllimi isə Füzulinin, Sabirin, Cavidin dünyasını açaraq gəncə insan ruhunun dərinliklərini tanıdır, qürur duyğusunu aşılayır. Bu duyğunu dadan hər bir şagird milli kimliyini ürəyində qürurla daşıyır. Biz təkcə dərs deyil, dünya görüşü formalaşdırırıq.
-Müəllimlik fəaliyyətiniz boyunca təhsil sistemində müşahidə etdiyiniz ən mühüm dəyişikliklər nələr olub?
-İşlədiyim ilk illərlə müqayisədə bugün rəqəmsal texnologiyaların sinfə girişini ən böyük dəyişiklik kimi görürəm. İnteraktiv lövhələr, elektron resurslar, onlayn platformalar — bunlar tədrisin formasını kökündən dəyişdi. Bundan başqa, şagird profilinin dəyişdiyini müşahidə edirəm: bugünkü uşaqlar daha çox vizual düşünür, amma daha az oxuyur. Bu, müəllim kimi bizə yeni çağırışlar ünvanlaması deməkdir.
-İlk müəllimlik təcrübənizdən bu günə qədər peşəkar baxışlarınızda hansı dəyişikliklər baş verib?
-18 yaşımda müəllim idim — enerjili, coşqulu, amma təcrübəsiz. O zaman yaxşı dərs = çox məlumat vermək demək idi mənim üçün. İndi isə başa düşürəm ki, yaxşı dərs — az danışıb çox düşündürmək deməkdir. Zaman və dəyişən tələblər mənə anlatdı ki, müəllim nə qədər az izah edib şagirdi nə qədər çox kəşfə sövq edə bilirsə, o qədər uğurludur.
-Şagirdlərdə Azərbaycan dili və ədəbiyyatına marağın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
-Səmimi olmaq istəyirəm: maraq azalmayıb, lakin pərakəndələşib. Uşaqlar hekayəni, obrazı, dramatik anı sevirlər — bu, hər zaman olub. Amma bu sevgini kitaba, mütaliəyə çevirmək getdikcə çətinləşir. Rəqəmsal məzmun çox güclü rəqibdir. Ona görə də biz müəllimlər artıq yalnız tədris etmirik — həm də maraq oyatmağın yollarını axtarırıq.
-Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması üçün hansı addımlar daha effektiv hesab olunur?
-Məcburiyyət heç vaxt işə yaramır. Şagirdə “oxu” deməkdənsə, onu oxumaq istəyəcək vəziyyətə salmaq lazımdır. Bunun üçün: kitabı həyatla əlaqələndirmək, oxunan əsəri müzakirəyə çevirmək, şagirdin öz fikrini dəyərli saymaq. Mən dərsdə çox zaman “bu kitabdakı qəhrəman siz olsaydınız nə edərdiniz?” sualını verirəm — bu, uşağı mətni içindən yaşamağa məcbur edir. Bir çox halda əsərlə, yaxud müəlliflə bağlı onlara maraqlı gələcək hansısa hadisəni, məlumatı, videonu paylaşır, maraqda saxlayıram. Təsiri olur, şagirdlər o marağın arxası ilə gedirlər.
-Klassik ədəbiyyatın müasir gənclərə çatdırılmasında hansı yanaşmalar vacibdir?
-Klassikanı muzeyə çevirmək — ən böyük səhvdir. Füzulinin qəzəlini şərh edərkən onun daxilindəki universal insan həqiqətini göstərməliyik — ayrılıq, sevgi, vüsal həsrəti. Bunlar duyğulardır. Fərq etməz Tanrıya, ailəyə, qeyri-varlığa qarşı. İnsan var olduqca duyğular zamansızlaşır. Bu hisslər TikTok nəslinin də hissləridir. Əgər biz klassik mətni müasir həyatla körpü qurub çatdıra biliriksa, şagird onun 500 il əvvəl yazıldığına şübhə edəcək.
-Sosial şəbəkələrin və rəqəmsal mühitin gənclərin dil mədəniyyətinə təsirini necə qiymətləndirirsiniz?
-Narahatedici, böyük problemə çevrilmək üzrədir. Qısa, hissə-hissə yazılmış, emojilərə dayanan ünsiyyət tərzi gənclərin cümlə qurmaq qabiliyyətinə ciddi zərər vurur. Mütaliə sevgisi mühitin də aşılaması lazımlı vərdişdir. Müəllimlər olaraq çox zaman “təklənirik”… Amma eyni zamanda rəqəmsal mühit yeni yazı janrları da yaradıb — blog, şərh, məqalə. Müəllim kimi bu mühiti inkar etməkdənsə, onu düzgün istifadə etməyə yönəltmək daha ağıllıdır. Çünki başqa cür tarazlığı saxlamaq olmur.
-Azərbaycan dilinin saflığının qorunması istiqamətində ən vacib problemlər hansılardır?
-Üç əsas problem görürəm: birincisi — lazımsız alınma sözlərin axını, ikincisi — dil normalarına etinasızlıq, üçüncüsü — ana dilinin nüfuzunun azalması. Xüsusilə gənclər arasında “Azərbaycanca danışmaq köhnəlmiş görünür” kimi yanlış bir qavrayış formalaşıb. Bu, dil məsələsi deyil — milli kimlik məsələsidir. Hər dəfə vurğulayıram ki, tarixə, milli kimliyə gedən yol ədəbiyyatdan, dilimizdən keçir. Dəyərlərsiz insan köksüz ağac kimidir. Həllini isə ilk növbədə ailədə, sonra məktəbdə, mediyada axtarmaq lazımdır.
-Televiziya, media və sosial platformalarda ana dilinin istifadəsi sizi qane edirmi?
-Açıq deyim: xeyr. Bir çox media qurumlarında diktorların tələffüzü, xəbər mətnlərindəki leksika, hətta reklam dilindəki kobud yanlışlar — bunlar mütəxəssis olaraq məni narahat edir. Sosial platformalarda isə vəziyyət daha kəskindir. Milyonlarla izləyicisi olan bloger bir yanlışı gündə dəfələrlə təkrar edəndə, bu artıq fərdi səhv deyil — dil normasının deformasiyasıdır. Bu uyğunsuz hal dildən-dilə adiləşir, dildə fəsadlara səbəb olur.
-Müasir texnologiyalar Azərbaycan dili və ədəbiyyatının tədrisində hansı imkanlar yaradır?
-Əvvəllər mümkün olmayan şeylər indi əldədir: video-şərhlər, audio kitablar, interaktiv testlər, onlayn lüğətlər, yazarlarla canlı görüşlər. Şagirdlərə Hüseyn Cavidin tamaşasını video formatda göstərə bilmək — bu, mətnin quru oxunuşundan qat-qat güclüdür. Texnologiya fənni öldürmür, əksinə — düzgün istifadə edildikdə onu canlandırır. Daha da əlçatan olması, təhsil mühitimizin bunlarla zənginləşməsi biz müəllimlərin də işinə yarayardı.
-Süni intellekt və rəqəmsal alətlərin təhsil prosesinə təsirini necə qiymətləndirirsiniz?
-Süni intellekt bizə kömək də edə bilər, ziyan da. Aradakı tarazlıq önəmlidir. Şagird süni intellektə inşa yazdırmaqla yalnız özünü aldadır — düşüncəsini, ifadə gücünü inkişaf etdirmək imkanını itirir. Standart cümlələr düşünməyə, araşdırmağa imkan vermir. Axıcı nitqə təsadüfən rast gəlirik. Amma müəllim üçün bu alətlər fərdi yanaşmanı, məzmun hazırlığını asanlaşdıra bilər. Vacib olan budur ki, süni intellekt köməkçi olsun. Sadəcə köməkçi. İstifadəçini bütünlüklə əvəz etməsin, əvəz edilməsinə göz yumulmasın.
-Şagirdlərin yazılı və şifahi nitq bacarıqlarının inkişafı üçün hansı metodlar daha səmərəli hesab olunur?
-Yazılı nitq üçün: müntəzəm sərbəst yazı, gündəlik, qısa esselər — nəticəyə deyil, prosesə diqqət yetirməklə. Şifahi nitq üçün: debat, çıxış, şeir ifası, rol oyunları. Əsas şərt — şagird fikrini ifadə edərkən yanlış olmaqdan qorxmamalıdır. Sinfin mühiti təhlükəsiz olmalıdır ki, uşaq “səsini” qaldıra bilsin.
-Sizcə, məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisində hansı yeniliklərə ehtiyac var?
-Proqramda daha çox müasir Azərbaycan ədəbiyyatına yer ayrılmalıdır. Şagirdlər yalnız klassikləri deyil, bu gün yaşayan və yazan müəllifləri də tanımalıdır — ədəbiyyatın canlı bir proses olduğunu görməlidirlər. Bundan başqa, yaradıcı yazı fənni ayrıca yer tutmalıdır. Qrammatikanın yalnız qaydalar çərçivəsindən çıxarılıb kommunikasiya aləti kimi tədris edilməsi vacibdir.
-İmtahan yönümlü tədrislə yaradıcı düşüncənin inkişafı arasında balans necə qurulmalıdır?
-Bu, müasir müəllimin ən böyük dilemmasından biridir. İmtahan tədrisə çərçivə çəkir; yaradıcılıq isə çərçivəni aşmaq istəyir. Mən şəxsən bu balansın belə qurulmasının tərəfdarıyam: texniki biliklər — imtahana, düşüncə — həyata gərəklidir. Dərsin bir hissəsini imtahan bacarıqlarına, bir hissəsini isə azad müzakirəyə, yaradıcı yazmağa ayırıram. Çünki yaxşı imtahan nəticəsi şagirdin gələcəyini açır, amma yaxşı düşüncə həmin gələcəyi dolduracaq.
-Müəllimlik peşəsinin qarşısında duran əsas çağırışlar hansılardır?
-Maddi motivasiyanın zəifliyi, sosial nüfuzun kifayət qədər yüksək olmaması, artan iş yükü və azalan resurslar — bunlar sistemik problemlərdir. Amma mənə görə ən böyük çağırış — istedadlı gəncləri bu peşəyə cəlb etmək məsələsidir. Dəyər görmək, bunu hiss etmək önəmlidir. Müəllim bir cəmiyyətin beyninə, düşüncəsinə yön verəndir. Bu bu qədər sıradanlaşmamalı, müəllimin həyat qayğısı yaradıcılığını kölgələməməlidir; bunun üçün də qayğı göstərilməli, varlıqları nəzərdə saxlanmalıdır. Müəllimlik sevilməyib seçilmirsə, gələcək nəsillər nə qazanacaq?
-Müəllim–şagird münasibətlərində uğurun əsas şərtləri nələrdir?
-Hörmət — qarşılıqlı. Müəllim şagirdi kiçik bir insan kimi görməlidir, şagird müəllimi canlı bir bilik qaynağı kimi. Bu münasibətdə qorxunun yeri yoxdur — yalnız etimad. Bir uşaq müəlliminə etibar etmirsə, o dərs onun üçün bağlı bir qapıdır.
-Valideyn–məktəb–müəllim əməkdaşlığının səmərəli qurulması üçün hansı prinsiplər vacibdir?
-Şəffaflıq, müntəzəm ünsiyyət və uşağın mənafeyi ətrafında birlik. Valideyn müəllimin rəqibi deyil — tərəfdaşıdır. Müəllim evdəki problemdən xəbərdar olmasa, sinifdəki davranışı anlaya bilməz. Valideyn isə məktəbdə nə öyrənildiyi ilə maraqlanmasa, evdə onu möhkəmləndirə bilməz. Bu üçbucaq sağlam olduqda uşaq çiçəklənir.
-Bu günün gəncləri ilə əvvəlki nəsillər arasında hansı əsas fərqləri müşahidə edirsiniz?
-Bu nəsil daha sürətli düşünür, daha çox məlumat emal edir — amma daha az dərinə gedir. Hər zaman deyirəm, biz daha nizamlı idik, hazır əldə edə bilməməyimiz, öz şansımızı özümüz yaratmaq məcburiyyəti doğururdu. Bizi o nizam-intizam xilas etdi. Bir mövzu üzərində saatlarla oturub düşünə bilərdik; amma bu gün beş dəqiqədən uzun diqqət müddəti nadir hala çevrilib. Şagirdlərimdən, tələbələrimdən müşahidə edirəm ki, məncə, indiki nəsil daha istedadlı, sadəcə daha nizamsızdırlar. Onlar azad fikirli, daha az stereotipə kökləniblər — bu isə əgər düzgün istiqamətləndirilirsə, böyük bir üstünlükdür.
-Ədəbiyyatın milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində rolunu necə qiymətləndirirsiniz?
-Ədəbiyyat — millətin yaddaşıdır. Tarixə gedən yol ədəbiyyatdan keçir. Səlnamələrdən, təzkirələrdən, qaynaqlardan… Xalq öz şairini, yazıçısını oxuduqca özünü tanıyır. Ədəbiyyatı oxuyan uşaq yalnız şeir, hekayə, roman oxumur — o, Azərbaycanın ruhunu içinə çəkir. Buna görə ədəbiyyat dərsi heç vaxt yalnız ədəbi təhlil dərsi deyil — o, milli özünüdərk dərsidir.
-Müəllim fəaliyyətində ən böyük motivasiya mənbəyi nədir?
-Şagirdin gözündəki o an — bir şeyi anladığı an. Həmin parıltı bütün yorğunluğu silib aparır. Söz həyatımın hər sahəsini birləşdirir — bu bütövlük özü bir motivasiyadır.
-Şagirdlərin əldə etdiyi uğurlar müəllimin peşəkar fəaliyyətinə necə təsir göstərir?
-Dərin və qalıcı bir şəkildə. Bir şagirdin olimpiadada qalib gəlməsi, bir inşanın mükəmməl yazılması, bir uşağın “müəllim, mən bu kitabı bitirdim” deməsi — bunlar müəllim üçün ən böyük mükafatlardır. Bu uğurlar peşəkar inamı gücləndirir, metodik axtarışlara ilham verir. Müəllim öz uğurunu şagirdinin uğurunda görür — bu, peşənin ən gözəl fəlsəfəsidir. Bu gün mən öz bitirdiyim məktəbdə müəllim kimi çalışıram. Bu duyğunu müəllimlərimlə çiyin-çiyinə işlədikcə həm şagird, həm də müəllim olaraq hiss edirəm.
-Təhsil sahəsində dövlət tərəfindən həyata keçirilən yenilikləri və islahatları necə qiymətləndirirsiniz?
-Son illərdə kurikulum yenilənməsi, rəqəmsal infrastrukturun gücləndirilməsi, müəllim sertifikasiyası — bunlar müsbət addımlardır. Hər islahat müəyyən çətinliklər də yaradır — adaptasiya müddəti, metodiki hazırlıq, resurs çatışmazlığı. Amma ümumi istiqamətin düzgün olduğunu düşünürəm. Vacib olan islahatların kağız üzərindən sinif otaqlarına enməsidir. Şəraitin yaxşılaşdırılması bizə işimizdə vasitədir.
-Uzun illər müəllimlik fəaliyyətindən sonra geriyə baxdıqda, bu peşənin sizə qazandırdığı ən böyük həyat dərsi nə olub?
-Səbir — həqiqi, dərin səbir. Uşaqla işləmək öyrədir ki, hər şey öz vaxtında açılır. Bir toxum əkib bitkini sabah görmək istəyirsən — amma o bəlkə bir il sonra cücərəcək. Müəllimlik mənə öyrətdi ki, nəticəni tələsmədən əkmək lazımdır. Bəlkə də, hər hansısa bir şagirdin fənn bilgisi, o anki hazırlığı bizi qane etmir, amma mütləq ki, onun da əlindəki imkanları və bacarığı hansısa sahədə ona bəs edəcək şəkildə var. Bizim cəmiyyətdə bütün peşələrə ehtiyacımız var.
-Gənclər arasında kitab oxuma mədəniyyətinin inkişafı üçün hansı təşəbbüslərə ehtiyac var?
-Məktəbdə kitab klublarının yaradılması, müəlliflərlə canlı görüşlər, şagird ədəbi jurnalları, oxuma marafonları — bunlar praktik addımlardır. Dövlət səviyyəsində isə kitabxana infrastrukturuna investisiya, ədəbiyyat festivalları, gənc yazarlara dəstək proqramları vacibdir. Amma ən güclü addım — ev mühitidir: uşaq valideyninin kitab oxuduğunu görsə, bu hər kampaniyadan güclüdür. Öz imkanlarımızla yay tapşırıqları fonunda müxtəlif əsərlərin oxusunu tapşırır, onların təəssüratlarını bölüşürük. İndiki halda kitab məbləğləri daha münasib olsa valideynlər üçün əlçatan ola bilərdi.
-Müəllim olmaq istəyən gənclərə hansı tövsiyələri vermək istərdiniz?
-Bu peşəni seçin — amma gözünüz açıq seçin. Bu yol çətin, bəzən minnətsiz, maddi cəhətdən məhdud ola bilər. Amma insanın içindəki bir işıq qalıcı olaraq başqa bir insana keçə bilsə — bu, dünyadakı ən qiymətli əməldir. Öyrənməyi heç vaxt dayandırmayın. Şagirdinizdən qorxmayın — ondan öyrənin. Və peşənizi sevin — çünki sevmədən heç bir şeyi tam verə bilməzsiniz. Müəllimlik istisna peşələrdən biridir ki, insan həyatına, beyninə, düşüncəsinə toxuna, dəyişdirə bilər. İnsan qazanırsınız. İnsan qazanmaq, onu həyata qazandırmaq ən çətinidir. Bu yolda işığı tutan müəllimlərdir… öyrənən, öyrədən, insanlığı sevən müəllimlər.
-Son dərs gününüzü necə təsəvvür edir və necə xatırlanmaq istərdiniz?
-Son dərsimi adi bir gün kimi keçirmək istərdim — vidasız. Sevdiyim varlıqlarla, anlarla, məşğuliyyətlə sağollaşmağı sevmirəm. İstərdim ki, hər zaman düşünüm ki, hələ ardı var, hələ davam edəcək. Cavabını axtarmaqdan yorulmayan şagirdlərim məni hər görəndə mən onların gördüyü yaşa və ana geri qayıdacağam… Xatırlanmaq istədiyim isə sadədir: “O müəllim oxumağı, düşünməyi və Azərbaycan dilini, ədəbiyyatı bizə sevdirdi.” Bu mənə bəs edər.

Tədqiqatçı və pedaqoq Əhmədova Ülviyyə Kərəmqızı ilə söhbətimiz bir daha təsdiqlədi ki, müəllimlik sadəcə peşə deyil, insan ömrünü mənalandıran, gələcək nəsillərin taleyinə təsir edən böyük bir missiyadır. Bu missiyanın mərkəzində isə insan sevgisi, sözə bağlılıq, milli dəyərlərə sədaqət və daim öyrənmək arzusu dayanır.
Ülviyyə xanımın fikirlərində müəllimlik peşəsinə sonsuz sevgi, Azərbaycan dilinə və ədəbiyyatına dərin ehtiram, şagirdlərinə qarşı xüsusi həssaslıq aydın hiss olunur. Onun həyat yolu göstərir ki, həqiqi müəllim yalnız sinif otağında deyil, cəmiyyətin mənəvi həyatında da mühüm rol oynayır. O, bilik verir, yol göstərir, düşündürür, ruhlandırır və ən əsası insan yetişdirir.
Müsahibə boyunca səsləndirilən fikirlər müasir təhsilin qarşısında duran mühüm məsələlərə işıq saldı. Mütaliə mədəniyyətinin inkişafı, ana dilinin saflığının qorunması, klassik ədəbiyyatın yeni nəslə sevdirilməsi, rəqəmsal texnologiyaların düzgün istifadəsi, süni intellektin təhsildəki rolu, müəllim nüfuzunun yüksəldilməsi kimi məsələlər hər birimizin diqqət yetirməli olduğu vacib mövzulardır.
Bu söhbət eyni zamanda onu göstərdi ki, təhsil yalnız dərslik və proqramlarla məhdudlaşmır. Təhsil insanın düşüncə tərzini formalaşdıran, ona həyatı anlamağı öyrədən böyük bir prosesdir. Bu prosesin mərkəzində isə müəllim dayanır. Müəllim gələcəyə qoyulan ən qiymətli sərmayədir. Bu gün sinif otağında deyilən bir fikir, verilən bir tövsiyə, oyadılan bir maraq illər sonra cəmiyyətin inkişafına çevrilə bilər.
Ülviyyə xanımın sözlərində tez-tez vurğulanan bir məqam var: dil və ədəbiyyat milli kimliyin əsas sütunlarıdır. Həqiqətən də, öz dilini sevən, öz ədəbiyyatını tanıyan insan köklərini unutmur, tarixini yaşadır və gələcəyini daha möhkəm qurur. Bu baxımdan Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin fəaliyyəti yalnız məktəb auditoriyası ilə məhdudlaşmır; onlar bütöv bir xalqın mədəni yaddaşının qorunmasına xidmət edirlər.
Bu dəyərli və səmimi müsahibəyə görə Əhmədova Ülviyyə Kərəmqızına dərin minnətdarlığımızı bildiririk. Vaxt ayıraraq öz həyat yolu, müəllimlik təcrübəsi, yaradıcılığı və təhsil haqqında baxışlarını oxucularımızla bölüşdüyünə görə təşəkkür edirik.
Ülviyyə xanıma gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı, tükənməz yaradıcılıq enerjisi və ilham dolu günlər arzulayırıq. Qələmi daim məhsuldar, sözü hər zaman təsirli, yetişdirdiyi şagirdlərin uğurları isə sonsuz olsun. Arzu edirik ki, onun müəllim kimi yandırdığı bilik çırağı uzun illər boyunca yeni nəsillərin yolunu işıqlandırsın, Azərbaycan təhsilinə və mədəniyyətinə verdiyi töhfələr daha da genişlənsin.
Çünki müəllimin əsl uğuru diplomlarda, mükafatlarda və titullarda deyil, yetişdirdiyi insanların həyatında, düşüncəsində və xatirəsində yaşayır. İnanırıq ki, Ülviyyə Əhmədova da məhz belə müəllimlərdəndir — öyrədən, düşündürən, ilham verən və Azərbaycan sözünün işığını gələcəyə daşıyan müəllimlərdən. Bu isə hər bir ziyalı üçün ən böyük uğur, ən qiymətli irs və ən şərəfli xatirədir.