Yeni Zelandiya da 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə məhdudiyyət tətbiq etməyə hazırlaşır. Problem artıq sadəcə valideyn nəzarəti məsələsi deyil. Platformaların uşaqların təhlükəsizliyinə görə məsuliyyəti də gündəmə gəlir
Bir neçə il əvvələ qədər uşağın sosial şəbəkədən istifadəsi əsasən ailənin nəzarətində olan məsələ hesab edilirdi. İndi isə yanaşma dəyişir. Belə ki, artıq dövlətlər uşağın hansı yaşdan etibarən sosial şəbəkə platformalarında fərdi hesab yarada biləcəyini qanunla müəyyənləşdirməyə, platformaları isə bu tələblərə əməl etməyə məcbur etməyə başlayırlar.

Bu tendensiyanın yeni nümunəsi Yeni Zelandiyadır. Bu ölkənin baş naziri Kristofer Lüksun rəhbərlik etdiyi hökumət 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsi təqdim etməyə hazırlaşır. Layihəyə əsasən, sosial media platformaları istifadəçilərin yaşını yoxlamaq üçün “ağlabatan tədbirlər” görməlidirlər. Bunun üçün mövcud hesab məlumatları, üz tanıma texnologiyaları vasitəsilə yaşın təxmin edilməsi, rəqəmsal identifikasiya və digər üsullardan istifadə nəzərdə tutulur. Qaydalara əməl etməyən platformaların qlobal gəlirlərinin 10 faizinədək cərimə ilə üzləşə biləcəkləri qeyd olunur.
Qeyd edək ki, Yeni Zelandiyada bu, hələ qüvvəyə minmiş qanun deyil. Layihənin parlamentdən keçməsi üçün siyasi dəstək məsələsi də qeyri-müəyyən qalır. Baş nazirin koalisiya tərəfdaşlarından "NZ First" və "ACT" layihəyə qarşı çıxır. Əsas müxalifət partiyası Leyboristlər qanun layihəsini dəstəkləyəcəyini açıqlayıb.
Yeni Zelandiyanın bu addımı əslində daha böyük prosesin bir hissəsidir. Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan aşağı uşaqların sosial media hesablarına məhdudiyyət tətbiq edən ilk ölkə oldu. Yeni Zelandiya da məhz bu təcrübədən sonra analoji mexanizm üzərində işləməyə başlayıb.
Bəs dövlətləri belə sərt qərarlara sövq edən nədir?
Əsas səbəblərdən biri sosial medianın uşaqların psixi sağlamlığına mümkün təsirləri ilə bağlı elmi məlumatların artmasıdır. ABŞ Milli Elmlər, Mühəndislik və Tibb Akademiyalarının 2024-cü ildə hazırladığı geniş hesabatda sosial medianın yeniyetmələrin sağlamlığına təsiri ilə bağlı yüzlərlə araşdırma təhlil edilib. Hesabat sosial medianın bütün yeniyetmələr üçün avtomatik olaraq zərərli olduğunu təsdiqləmir. Əksinə, təsirin istifadə formasından, məzmundan, platformanın dizaynından və istifadəçinin fərdi xüsusiyyətlərindən asılı olduğunu vurğulayır. Bununla yanaşı, platformaların dizaynı, şəffaflıq, hesabatlılıq, onlayn zorakılıq və rəqəmsal savadlılıq xüsusi risk istiqamətləri kimi göstərilir.

2024-cü ildə dərc olunan sistematik icmalda uşaqlar və yeniyetmələrlə bağlı 67 araşdırma nəzərdən keçirilib. Nəticələr problemli sosial media istifadəsinin depressiya və təşviş əlamətləri ilə əlaqəli olduğunu göstərib. Tədqiqatçılar yuxusuzluq, sosial müqayisə və başqalarından təsdiq gözləmək kimi amillərin bu əlaqədə rol oynaya biləcəyini bildiriblər. Daha geniş meta-analizdə isə 143 araşdırma və 1 milyondan çox yeniyetmənin məlumatları təhlil olunub. Sosial media istifadəsi ilə depressiya və təşviş kimi daxili psixoloji simptomlar arasında müsbət statistik əlaqə müəyyən edilib. Bununla belə, belə nəticələr sosial medianın bütün hallarda həmin problemlərin birbaşa səbəbi olduğunu sübut etmir.
ABŞ-ın Baş Cərrahının hesabatında isə üç saat və daha artıq sosial mediadan istifadə edən uşaqlar və yeniyetmələrdə depressiya və təşviş simptomları daxil olmaqla psixi sağlamlıq problemləri ilə bağlı riskin ikiqat artdığı qeyd olunur. Eyni hesabat 13-17 yaşlıların 95 faizə qədərinin sosial media platformalarından istifadə etdiyini göstərir. Yəni problem sadəcə uşağın telefona neçə saat baxması deyil. Uşaq həmin vaxt ərzində nə görür, hansı məzmun ona təkrar-təkrar tövsiyə olunur və platforma onu ekranda daha uzun saxlamaq üçün hansı mexanizmlərdən istifadə edir? Əsas suallar artıq bunlardır.
Məsələnin Azərbaycan üçün də aktualdır. Ölkəmizdə bu istiqamətdə hüquqi mexanizm artıq qəbul olunub. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna sosial şəbəkə platformalarında yaş məhdudiyyəti ilə bağlı yeni müddəalar əlavə edilib. Qanunun əsas müddəasına görə, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına yol verilmir. Hansı platformalara bu yaş məhdudiyyətinin tətbiq olunacağını isə müvafiq dövlət qurumunun müəyyən etməsi nəzərdə tutulur. 16-18 yaş aralığında olan uşaqlar üçün isə fərqli mexanizm müəyyənləşdirilib. Onların hesab yaratması zamanı qanuni nümayəndənin razılığının alınması nəzərdə tutulur. Bundan başqa, valideyn uşağın hesabında qarşısına çıxacaq məzmun və reklamların dairəsini, eləcə də platformadan istifadə saatlarını idarə edə biləcək.
Qanun platforma provayderləri üçün də konkret öhdəliklər müəyyənləşdirir. 16-18 yaşlı istifadəçilərin sağlamlığına, şərəf və ləyaqətinə, cinsi toxunulmazlığına və digər hüquqlarına təhlükə yaradan zərərli məzmunların qarşısının alınması üçün fasiləsiz işləyən rəqəmsal həllər tətbiq edilməlidir. Belə məzmun aşkarlandıqda onun yayılmasının qarşısının 24 saat ərzində alınması tələb olunur. Bundan əlavə, platformaların uşaqlardan yaş yoxlaması məqsədilə topladığı məlumatlardan kommersiya və hədəfli reklam məqsədləri ilə istifadə etməsi də qadağan edilir. Qanunda həmçinin uşağın yetkinlik yaşına çatana qədər paylaşdığı məlumat və məzmunun müəyyən hallarda silinməsini tələb etmək imkanı nəzərdə tutulur.
Xatırladaq ki, provayderlər yaş həddinin müəyyən edilməsi üçün texniki imkanları yaratmalı və bununla bağlı müvafiq quruma məlumat verməlidirlər.
Əvvəllər əsas sual "Uşağım hansı platformadan istifadə edir" idisə, indi dövlətlərin qarşısında daha mürəkkəb sual dayanır: "Platforma uşağın qarşısına nə çıxarır və bunun təhlükəsizliyinə kim cavabdehdir”.
Uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideynlər uşaqların sosial media istifadəsinə nəzarət etməli, yaşlarına uyğun məzmun seçməli, istifadə müddətinə məhdudiyyət qoymalı və onlarla internetdə qarşılaşdıqları təhlükələr barədə açıq danışmalıdırlar.
Şahnigar Əhmədova, "İki sahil"
Fransa Ukraynanın Aİ-dən kənar ölkələrdən silah almasını məhdudlaşdırmaq istəyir