Fransa Avropa fondlarından ayrılan vəsaitlər hesabına Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrdən silah almasına rəsmi məhdudiyyət qoyulmasına nail olmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Kiyev üçün nəzərdə tutulan Avropa maliyyələşdirmə proqramı 2026 və 2027-ci illərdə hərbi də daxil olmaqla müxtəlif ehtiyaclara ümumilikdə 90 milyard avro ayrılmasını nəzərdə tutur. Eyni zamanda, Kiyev bu yardım paketləri çərçivəsində ödənişini etmək istədiyi bütün silah tədarükü müqavilələrini təsdiqlənmək üçün Avropa Komissiyasına (AK) təqdim etməyə borcludur. Bu yardımın şərtlərinə əsasən, Ukrayna müdafiə məhsulları üzrə yardım paketinin 35%-dən çoxunu Aİ və Avropa İqtisadi Məkanı hüdudlarından kənarda istehsal olunan mallara ayıra bilməz. Lakin müəyyən məhsullar Aİ-də istehsal olunmadıqda və ya Aİ-də istehsal tələb olunandan daha baha və ya daha uzun çəkdikdə istisna hallar üçün müraciət edə bilər.
Ukrayna avropalılar tərəfindən ayrılan vəsait hesabına Aİ-dən kənarda silah və texnika almağa imkan verən istisna hallara nail ola bilib. Xüsusilə, söhbət PUA istehsalı üçün Çin komponentlərinin və ABŞ-nin "Patriot" HHM raketlərinin satın alınmasından gedir. Eyni zamanda, Fransanın hərbi-sənaye kompleksi Aİ ölkələri arasında ən böyüklərindən biridir və o, İtaliya ilə birgə ABŞ-nin "Patriot" sisteminə Avropa alternativi olan "SAMP/T" HHM sistemini istehsal edir.
"Fransa indi bu istisna halların qüvvədəolma müddətini məhdudlaşdırmağa çalışır ki, Aİ tərəfindən təmin edilən maliyyənin böyük hissəsinin Avropa və böyük ehtimalla Fransa müdafiə istehsalının dəstəklənməsinə yönəldilməsinə təminat verilsin", — deyə məlumatda bildirilir. Telekanal, həmçinin xatırladır ki, iyul ayında Almaniya, Danimarka, Latviya, Litva, Niderland, Polşa, Finlyandiya, İsveç və Estoniyanın müdafiə nazirləri Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas və müdafiə üzrə avrokomissar Andryus Kubilyusa məktub göndərərək, Ukraynaya zəruri avadanlıqların satın alınmasında maksimum çeviklik verilməsinə çağırıblar.
İran və Oman Hörmüz boğazında müvəqqəti dəhlizin yaradılmasını müzakirə ediblər