12 oktyabr 2026 01:10
111

İran XİN: Omanla razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil

İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz dəhlizlərin müəyyənləşdirilməsi ilə bağlı əldə olunan razılaşma hüquqi akt olsa da, boğazın dərhal açılmasını nəzərdə tutmur.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "SNN" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Omanla giriş-çıxış marşrutlarına dair əldə olunan ikitərəfli razılaşma əvvəlki illərdə tətbiq edilən prosedurları əvəz edən mühüm hüquqi və texniki tədbirdir.

Bununla belə, Qəribabadi vurğulayıb ki, Maskatla əldə olunan razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil.

İran rəsmisi bildirib ki, Tehran və Maskat sənədi BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Dəniz Təşkilatında qeydiyyata almağa çalışırlar.

Onun sözlərinə görə, boğazın açılması tamamilə ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. Qəribabadi qeyd edib ki, İran hazırkı mərhələdə Hörmüz boğazını yenidən açmağa borclu deyil.

Nazir müavini əlavə edib ki, Vaşinqton münaqişənin hərbi yolla həllinin mümkün olmadığını anlayanadək İranın boğaz üzərində nəzarəti davam edəcək.