Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost və qardaş dövlət arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Xalqlarımızı ortaq tarix, zəngin mənəvi-mədəni dəyərlər və etnik köklər birləşdirir. Müasir dövrdə isə bu tarixi və mənəvi bağlar fonunda hər iki dövlətin oxşar qlobal risklərlə üz-üzə qalması və ortaq strateji hədəflərə malik olması ikitərəfli münasibətləri daha da zəruri edən mühüm faktor kimi çıxış edir. İki ölkə arasında arasında iqtisadi-ticari əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İkitərəfli əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindən dərin inteqrasiya və birgə investisiya layihələrinin icrası müstəvisinə keçib. İki ölkə arasında ticarət dövriyyəsinin həcmində müşahidə olunan dinamika və yaradılan birgə maliyyə institutları yaxın illər üçün qoyulan hədəflərin tam real olduğunu göstərir.

Ticarət dövriyyəsi: 2030-cu il hədəfinə doğru dinamik artım
Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin müəyyənləşdirdikləri strateji kursa uyğun olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollar səviyyəsinə çatdırılması nəzərdə tutulur. Statistik göstəricilər bu hədəfin reallığını təsdiqləyir. Belə ki, ötən il ikitərəfli ticarət dövriyyəsi təxminən 795 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3 dəfədən çox artım deməkdir. Pozitiv artım tempi 2026-cı ildə də davam edir. Yanvar-may aylarında ticarət dövriyyəsi 144 milyon dollar olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artım qeydə alınıb. Qeydə alınan yüksək artım templəri göstərir ki, 1 milyard dollarlıq həddə nəinki 2030-cu ildə, hətta daha tez çatmaq mümkündür. Azərbaycan və Özbəkistan rəhbərlərinin bəyanatlarında iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki hər iki ölkə iqtisadi potensialını artırmaq, yeni investisiyalar cəlb etmək, sənaye istehsalını genişləndirmək və regional iqtisadi əlaqələrdə öz mövqelərini gücləndirmək istiqamətində ardıcıl siyasət həyata keçirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 23 avqust tarixli bəyanatında iqtisadi məsələlərə xüsusi diqqət yetirildiyini vurğulayaraq bildirib: “İqtisadiyyat məsələlərinə xüsusi diqqət yetirdik, əmtəə dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq imkanlarını müzakirə etdik. Lakin biz razılaşdıq ki, bu, son hədd deyil, bunu dəfələrlə artırmaq mümkündür.”
Prezident İlham Əliyev bildirib: “Özbəkistan və Azərbaycan arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq.”
İnvestisiya Fondu: Səmərəli, operativ və nəticəyönümlü
Ticarət və investisiya əlaqələrinin şaxələndirilməsində əsas hərəkətverici qüvvə Azərbaycan–Özbəkistan İnvestisiya Fondu hesab olunur. Nizamnamə kapitalı 500 milyon dollar olan Fond səmərəli, operativ və nəticəyönümlü maliyyə mexanizmini özündə ehtiva edir. Fondun əsas məqsədləri sırasına sənaye və istehsalat kooperasiyası: Həm Azərbaycan, həm də Özbəkistan ərazisində birgə sənaye müəssisələrinin, montaj xətlərinin və emal zavodlarının qurulması, kənd təsərrüfatı və aqrosənaye: Pambıqçılıq, ipəkçilik, bağçılıq və kənd təsərrüfatı məhsullarının emalı sahəsində layihələrin maliyyələşdirilməsi, logistika və nəqliyyat: Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) imkanlarından istifadə etməklə nəqliyyat-logistika infrastrukturlarının inkişafı, üçüncü ölkə bazarlarına çıxış: İki ölkənin resurs və istehsal güclərini birləşdirərək Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarından kənar bazarlara birgə məhsul çıxarılması və s. daxildir. Fond birbaşa investisiyalar, birgə müəssisələrin (JV) təsisi və strateji əhəmiyyətli özəl layihələrin maliyyələşdirilməsi modeli ilə çalışır. Prioritet sahələrdə risklərin bölünməsi və institusional dəstəyin təmin edilməsi investorlar üçün əlverişli mühit yaradır.
Strateji layihələr və perspektivlər
İki ölkəni birləşdirən mühüm layihələri aşağıdakılardır. Füzulidə Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb, Füzulidə yaradılan 100 hektarlıq “Dostluq bağı” nar bağı. Prezident İlham Əliyev bu layihəni iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın nümunələrindən biri kimi qeyd edib. Azərbaycan və Özbəkistan arasında sənaye əməkdaşlığının ən konkret nümunələrindən biri Chevrolet avtomobillərinin istehsalıdır. Məlumata görə, 13 iyul 2026-cı il tarixinədək Azərbaycanda 10 720 Chevrolet avtomobili istehsal olunub. Həmçinin, Azərbaycanda Isuzu avtobuslarının istehsalı. 13 iyul 2026-cı il tarixinə qədər 275 belə avtobus istehsal olunub.
Ən böyük strateji istiqamətlərdən biri Orta Dəhlizdir. Özbəkistan Mərkəzi Asiyanın mərkəzində, Azərbaycan isə Xəzərin qərb sahilində yerləşdiyindən iki ölkə Şərq-Qərb marşrutunda bir-birini tamamlayır. 2026-cı ilin yanvar-mart aylarında Özbəkistanla Azərbaycan arasında beynəlxalq yükdaşımaların həcmi 28,3 min tona çatıb və bir il ərzində 2,9 dəfə artıb.
Perspektivdə olan layihələri qeyd edərkən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə inteqrasiyası məsələsini xüsusi qeyd etmək lazımdır. Burada daha böyük regional layihə gündəmə gəlir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası Özbəkistanın Çindən gələn yükləri Azərbaycan üzərindən Avropaya çıxarmasına imkan verə bilər. Azərbaycan bu layihənin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsini dəstəkləyir. Birgə logistika layihələrinə gəlincə isə, Azərbaycan və Özbəkistan Orta Dəhliz üzrə təkcə mövcud marşrutlardan istifadə etməyi deyil, birgə logistika infrastrukturu yaratmağı da müzakirə edir. Bakı limanı ətrafında Özbəkistanla birgə logistika mərkəzinin yaradılması istiqamətində planlar açıqlanıb. 2026-cı ilin iyulunda Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə birgə müəssisənin yaradılması məsələsini də müzakirə edib. Bu istiqamət iki ölkənin mineral ehtiyatların araşdırılması və yeni istehsal zəncirlərinin yaradılması sahəsində əməkdaşlığını genişləndirə bilər.
Maraqlı məqamlardan biri də Azərbaycanın özəl sektorunun Özbəkistanda həyata keçirdiyi iri layihələrdir. Prezident İlham Əliyevin sözlərinə görə, Daşkənddə PASHA Holding tərəfindən Ritz-Carlton brendi altında hotel və yaşayış kompleksi, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksi layihəsi həyata keçirilir.
Göründüyü kimi, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq bu gün yalnız ayrı-ayrı layihələrin məcmusu deyil. Bu, iki ölkənin iqtisadi potensiallarının birləşdirilməsinə əsaslanan, regional əhəmiyyət daşıyan strateji tərəfdaşlıq modelidir. Daşkənddə keçirilmiş görüşlər və dövlət başçılarının bəyanatları göstərdi ki, qarşıdakı mərhələdə əsas məqsəd iqtisadi əlaqələri daha da dərinləşdirmək, qarşılıqlı ticarəti artırmaq, investisiya layihələrinin sayını çoxaltmaq, sənaye kooperasiyasını genişləndirmək və nəqliyyat imkanlarından maksimum istifadə etməkdir. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəyi olduqca nikbin görünür.
Sevinc Azadi, “İki sahil”