12 iyul 2025 17:17
126

“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqinə bu ilin mart ayında əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya da əlavə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, mobil tətbiqin həmin funksionallığı maraqla qarşılanıb və ötən dövrdə “e-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb.

İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaşlar bu müqavilələri elektron qaydada (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) imzalaya bilirlər.

Tətbiq edilən yeni funksiya əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.