Çinin Nankay Universitetinin Cou Enlay İdarəetmə Məktəbinin təşkil etdiyi “Çin hökumətinin inkişafı” yay məktəbi başa çatıb.
“İki sahil” xəbər verir ki, siyasi və dövlət idarəçiliyi elmləri, beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan magistrant və doktorantların, tədqiqatçıların iştirak etdikləri yay məktəbi 2012-ci ildən bəri davamlı təşkil olunur. “Süni intellekt dövründə hökumətin inkişafı və çağırışlar” mövzusunda təşkil edilən builki yay məktəbində iştirak üçün Çin universitetlərində təhsil alan 489 nəfər müraciət edib. Sevindirici haldır ki, Yanşan Universitetinin doktorantı Sadiq Qaçayev yeganə əcnəbi olaraq yay məktəbində iştirak hüququ qazanıb.
Yay məktəbində Çinin Tsinqhua, Pekin, Renmin, Fudan, Nankay, Çin Siyasi Elmlər və Hüquq universitetlərindən nüfuzlu alimlər müxtəlif mövzularda mühazirələr oxuyublar. İştirakçılar Tiencin şəhəri Süni İntellektlə İdarəetmə Mərkəzi, Tiencin Ağıllı Avtomobil Şəbəkəsi Nümayişi Mərkəzi və müxtəlif sərgi salonlarına gedərək təcrübə mübadiləsi aparıblar.
Məktəbin bağlanış mərasimində çıxış edən Sadiq Qaçayev Çində magistratura və doktorantura təhsili aldığı illərdə bilik və təcrübəsini ölkələrimizin dostluğunun möhkəmlənməsinə, Çində Azərbaycanın, Azərbaycanda isə Çinin daha çox tanınmasına töhfə vermək üçün sərf etdiyini deyib.