Vətən müharibəsində qanı bahasına qələbənin qazanılmasında adını tarixə yazan minlərlə qəhrəman oğullardan biri də Elnur Sadıqovdur. 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olan, ölümsüzlüyə qovuşan igidin qəlbində əzəldən doğma Azərbaycana ilahi bir sevgi qərar tutub. Tarixi zəfərimizdə adı olan, şəhidlik zirvəsindən gələcəyə boylanan Elnur günəş ömrü yaşamaqla, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “ Vətən uğrunda” medalı ilə təltif edilib. Yurdun yağı tapdağından qurtulması üçün odun-alovun içində 19 yaşında şərəfli ölümü ilə vətənləşən Elnurun qısa həyat yolunu xalq özünə örnək sayır. Məhz qərinələr boyunca da belə olacaq. Vətən, torpaq uğrunda şəhid olanlar heç zaman ölmürlər. Elə torpaq da belə mərd insanların çiyinlərində Vətən olur.
Həyat yolunu xoş arzular üzrə qurmaq istəyində olan Elnur orta məktəbdə yaxşı oxuyub. Onun vətənpərvərliyi hamıya nümunə olub. Oxuduğu dövrdə cüdo idman növündə də öz gücünü göstərib. Respublikada, rayonda keçirilən müxtəlif yarışlarda qabaqcıl yerlər tutmaqla diplomlara layiq görülüb. Bunlara görə də el-obada əsl övlad məhəbbəti ilə sevilib, ehtiramla qarşılanıb.
Elnur Kərim oğlu Milli Ordu sıralarına çağırılanda əsir düşən müqəddəs Qarabağımızın azadlığı naminə birbaşa səngərə erməni dığalarına qarşı döyüşə can atıb. Həmçinin Vətənin keşiyində olduğu dövrdə öz uğurları ilə seçilən əsgərlərdən olub. Dəfələrlə xidmət etdiyi hərbi hissədə qüsursuz xidmətə görə müxtəlif hədiyyə və fəxri fərmanlar alıb. Təlimlərdə döyüş igidliyinə görə fərqlənib. Hərbi xidmətinin 15-ci ayında 44 günlük haqq savaşımız başlayıb. İgid əsgər düşməndən layiqincə qisas almaq məqsədilə müharibə meydanına girib. Cəbhənin şimal istiqamətində gərgin döyüşlərdə yağıya qan qusdurub. Bir qayda olaraq sinəsini irəli verib düşmən üstünə qartal tək şığıyan Elnur ayağından güllə yarası alıb. Xəstəxanaya göndərilib, 3 günlük müalicədən sonra öz təkidi və istəyi ilə yenidən döyüşlərə qatılıb. Neçə-neçə ölüm-dirim savaşın qəhrəmanı olan Elnur oktyabr ayının 16-da Ağdərə istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib. Beləcə Cəlilabad elinin qəhrəman oğlu özünü fəda edib ki, Vətəni azad, xalqı firavan, xoşbəxt yaşasın...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü