14 iyul 2025 15:30
133

Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib

2025-ci il iyulun 14-də Ədliyyə Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.

“İki sahil” xəbər verir ki, tədris zamanı VK sədri ədliyyə sisteminə yeni qoşulan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında vəkillik institutunun inkişafı istiqamətində son illər ərzində həyata keçirilən islahatlardan, göstərilən dövlət dəstəyindən və bu sahədə qarşıya qoyulan mühüm hədəflərdən ətraflı danışıb. 

Anar Bağırov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə vəkilliyin inkişafı yeni mərhələyə qədəm qoyub, bunun nəticəsində hüquqi yardımın keyfiyyəti və vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər ədliyyə sistemində də peşəkar və vətəndaş yönümlü yanaşmaların gücləndirilməsinə xidmət edir.

Tədris zamanı sədr iştirakçılara hüquqi biliklərin artırılması, etik davranış standartlarının gözlənilməsi, qeyri-prosessual münasibətlərdən yayınma və vəkillərlə işgüzar əməkdaşlıq prinsipləri haqqında vacib tövsiyələr verib. Eyni zamanda Anar Bağırov vəkillərin hüquq sistemindəki rolu, ədliyyə orqanları ilə qarşılıqlı münasibətləri və etik çərçivələrin praktik əhəmiyyəti barədə geniş izahlar təqdim edib.

Tədrisin sonunda iştirakçılarla interaktiv müzakirə aparılıb, onların sualları cavablandırılıb və təcrübəyə əsaslanan fikir mübadiləsi həyata keçirilib.