15 iyul 2025 01:14
106

Sülhə aparan ən optimal yol

Rəsmi Bakı həmişə İrəvanla münasibətlərin bölgədə öz maraqları olan dövlətlərin vasitəçiliyi olmadan normallaşdırılmasının tərəfdarı kimi çıxış edib və hazırda da bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də bunun növbəti sübutudur. Qarşılıqlı anlaşma ruhunda keçən həmin görüşdə sülh sazişinə aparan yollar, yəni, sərhədin delimitasiyası prosesi, regionun kommunikasiya xətlərinin açılması kimi məsələlər diqqət mərkəzində olub. Bu görüş göstərdi ki, artıq Ermənistan Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları qəbul etməkdədir. Həm də bir daha sübut edildi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi kənar müdaxilələr olmadan, qarşılıqlı suverenliyin tanınması və beynəlxalq hüququn prinsipləri əsasında mümkündür. Çünki belə görüşlərdə bir qayda olaraq hər hansı üçüncü tərəfin maraqları deyil, yalnız region ölkələrinin - Azərbaycanın və Ermənistanın milli maraqları ön planda dayanır. Bu mənada demək olar ki, Əbu-Dabi görüşündə sülh danışıqları formatının təntənəsi yaşandı. Şübhəsiz, bu da ölkəmizin müstəqil siyasət yürütməsindən, konseptual diplomatiya kursunu seçməsindən irəli gəlir. Bütün bunlar isə Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində reallığa çevrilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən görüşün yekunlarına dair yayılan bəyanatda qeyd olunduğu kimi, bu, ikitərəfli formatda danışıqlar normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli yoldur. Azərbaycan öz siyasi iradəsi, diplomatik təşəbbüskarlığı və prinsipial mövqeyi ilə regionda sülhün əsas aparıcı qüvvəsinə çevrilib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında həllini gözləyən məsələlərdə müdaxiləçi siyasət həmişə əks nəticələr verib. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında heç bir vasitəçi olmadan aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib. Daha sonra Qazax rayonunun erməni işğalı altında olan 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) Azərbaycana qaytarılıb. Ermənistan BMT-nin İqlim Dəyiş­ikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə öz namizədli­yini geri götürüb və Azərbaycanın na­mizədliyini dəstəkləyib. Üstəlik, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində ikili təmaslar müstəvisində müəyyən nəticələr əldə edilib. Hətta 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib. Bütün bunlar daha daha sübut edir ki, bölgədə asayişin bərpa olunmasında, həmçinin sülhə nail olmaqda ikitərəfli danışıqlar ən səmərəli yoldur.

Milli Məclisin deputatı Tural Gəncəliyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, biz hər zaman sülh danışıqlarına və bunun iki ölkə arasında birbaşa, vasitəçilərsiz aparılmasının daha uğurlu format olduğuna inanmışıq: “Bəri başdan deyim ki, Prezident İlham Əliyev hər zaman məhz belə bir formatda – vasitəçilərsiz və ikitərəfli danışıqların tərəfdarı olub və bu istiqamətdə təşəbbüslərlə çıxış edib. Sülh danışıqları uzun illər ABŞ, Avropa İttifaqı və Rusiya kimi üçüncü tərəflərin vasitəçiliyi ilə aparılsa da, bu zaman onların prosesə öz maraqlarını daxil etməsi müşahidə olunurdu. Hesab edirəm ki, vasitəçilərin iştirakı olmadan keçirilən bu görüş yekun sülh sazişinin imzalanmasına aparan səmərəli bir yolun başlanğıcıdır. Eyni zamanda, bu tarixi görüş bir daha dünyaya göstərdi ki, ikitərəfli format sülh üçün ən uğurlu modeldir. Bu mənada demək olar ki, sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır”.

Müsahibimiz, həmçinin vurğuladı ki, bu ilin martında Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb: “Amma hələ də Azərbaycanın ərazi bütövlüyünə olan iddialar Ermənistan konstitusiyasından çıxarılmayıb, o cümlədən uzun illər iflic vəziyyətində olan Minsk qrupu ləğv edilməyib. Halbuki, Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi, eyni zamanda, Minsk qrupunun buraxılması regionda dayanıqlı sülhün əldə olunması üçün başlıca şərtlərdir. Şübhəsiz, bu görüş onların da həllinə vasitəçi olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”