Əbu-Dabidən erməni havadarlarına mesaj: Azərbaycanın rəyi ilə hasablaşmaq lazımdır
44 gün davam edən İkinci Qarabağ müharibəsinin xalqımıza qazandırdığı uğurlardan biri də Naxçıvan Muxtar Respublikası ilə respublikamızın digər bölgələri arasında əlaqələrin bərpasına imkan yaradacaq Zəngəzur dəhlizinin bərpası istiqamətində işlərin sürətlənməsidir. Prezident İlham Əliyev bu yolun açılmanın vacibliyini «Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı» sözləri ilə diqqətə çatdırıb. Dövlət başçımız bu ilin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Zəngəzur dəhlizinin region üçün müstəsna əhəmiyyət daşıdığını bildirməklə bu infrastrukturu obrazlı deyilsə, beynəlxalq nəqliyyat layihələrinin vizit kartı adlandırıb.
Ermənistan müxtəlif bəhanələr gətirməklə , qeyri-real və cəfəng layihələr ortaya atmaqla dəhlizlə bağlı beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq naminə manipulyasiyalara əl atsa da Cənubi Qafqazda sülh mühitinin formalaşmasının başlıca amili olan bu infrastrukturun açılması beynəlxalq dəstək qazanıb. İrəvanın irəli sürdüyü «sülh kəsişməsi”» kimi sərsəm ideyanın məqsədi Cənubi Qafqazda erməni avantürizmini qorumaqdır. Ermənistanın havadarlarının təşəbbüsləri ilə irəli atılan bu sərsəm ideyanın əsassız olduğunu «Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır» sözləri ilə inkar edən Prezident İlham Əliyev dəfələrlə Ermənistanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırıb. Açıq-aşkar bildirib ki, biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana müxtəlif, başqa yollarla getməyə məcbur deyilik. Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına salmır. Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.
Alternativ kimi İrandan yol açılmasına dair razılaşma əldə olunsa da təkcə Azərbaycan üçün deyil, Orta Dəhliz layihəsinin bütün tərəfdarları üçün Zəngəzur dəhlizi ən optimal variantdır. Şuşada keçirilən «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə»” mövzusuna həs olunmuş konfransda da Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti barədə ətraflı danışılmışdır. Qeyd olunmuşdur ki, daha böyük həcmdə yüklərin tez və sərfəli qiymətlə daşınması üçün böyük potensiala malik Orta Dəhlizin tərkib hissəsi olan, beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizi bərpa edilməlidir. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun davamı olan Zəngəzur dəhlizi «Bir kəmər, bir yol»” layihəsinin və ya Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi ola bilər.
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BBƏ) Əbu-Dabi şəhərində Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüş bu baxımdan tarixi hadisə kimi yadda qaldı. Qeyd edək ki, danışıqlar üçün məkanın Azərbaycanın təklifinə uyğun Əbu-Dabinin seçilməsinin rəmzi mənası var idi. Qalib ölkə kimi sülh sazişi üçün şərtləri diktə edən Azərbaycan siyasi , iqtisadi, hərbi sahələrdə güclü tərəf olduğunu təsdiqləyir. Bu vaxta qədər Moskvada, Brüsseldə, Vaşinqtonda baş tutan görüşlərdə sülh sazişi ilə bağlı istənilən nəticə alınmayıb. Kosmetik razılıqlar əldə edilsə də, yekun sülhə nail olunmayıb. O baxımdan həm Ermənistanın, həm də Azərbaycanın razı ola biləcəyi Əbu-Dabi kimi neytral, təhlükəsiz və mübahisəsiz məkana ehtiyac duyulurdu. Həmçinin BƏƏ-nin tərəflər üçün heç bir tarixi kompleks və ya imperial ambisiyası yoxdur. Bu da Birəşmiş Ərəb Əmiriliklərinin neytral zona önəmini artırırdı.
Xatırladaq ki, Zəngəzur dəhlizinə nəzarətdə maraqlı olan tərəflər də Əbu-Dabi görüşünü məqbul hesab edirdilər. Gündəmdə olan Zəngəzur dəhlizi, maneəsiz hərəkətin təmin edilməsi və təbii ki, sülh müqaviləsi ilə bağlı beş saat davam edən danışıqlarda hər iki tərəfin maraqlarına uyğun məsələlər müzakirə olunub. Dəhlizə nəzarətlə bağlı ABŞ-ın, Rusiyanın və Qərbin təklifləri nəzərə alınıb. Bu cür təkliflərin qəbul olunub-olunmayacağı hələlik sual olaraq qalır. Əsas məsələ odur ki, dəhliz Azərbaycan üçün sırf texniki deyil, siyasi əhəmiyyətli məsələdir. Bu, yolun açılması hər şeydən öncə ölkənin geoiqtisadi mərkəzə çevrilməsi, siyasi əhəmiyyəti baxımından vacibdir. Bu yolun açılması Türkiyə ilə birbaşa əlaqənin yaradılması, bütünlükdə türk dünyasının birliyi baxımından da önəmlidir.
Əbu-Dabi görüşündə danışıqların ikitərəfəli, vasitəçisiz təşkilində də məqsəd kənar qüvvələrin sülh sazişinin imzalanmasına müdaxiləsinin qarşısına almaqlır. Əbu Dabi şəhərində keçirilən ikitərəfli görüş birmənalı olaraq sülh sazişinin əldə olunması istiqamətində atılan mühüm addımdır. Regionda geosiyasi maraqları olmayan Birləşmiş Ərəb Əmirliklərinin ərazisində görüşün bu formatda keçirilməsi sülhün əldə olunmasını sürətləndirə də bilər”. Amma Ermənistanda keçiriləcək parlament seçkilərindən bir neçə ay əvvəl , «Çərçivə Sülh Sazişi»nin imzalanması ilə Ermənistan Zəngəzur dəhlizinin açılmasına və Minsk qrupunun ləğv olunmasına razılıq verəcəyi ehtimal olunur. Demarkasiya prosesi isə daha da sürətlə davam edəcək. Belə ki, Nikol Paşinyanın Türkiyəyə rəsmi səfərindən sonra bölgədə sülh sazişinin imzalanması üçün yaranan xəfif ümidlər Əbu-Dabidə nisbətən «istiləşdi.» Təbii ki, Ermənistanın baş nazirinin Ankara görüşünün də bu proseslərə aktiv təsir olub. Azərbaycan bu cür addımlarla nümayiş etdirir ki, Paşinyandan başqa kimsə ilə müzakirə aparmaq niyyəti yoxdur. Beləliklə, Paşinyan baş nazir kimi fəaliyyətini davam etdirdiyi müddətdə qalan problemlər, o cümlədən Qərbi Azərbaycana qayıdış məsələləri daha aktiv müzakirələr yolu ilə həllini tapacaq. Sülh sazişi yalnız Azərbaycan tərəfinin bütün tələbləri yerinə yetiriləndən sonr imzalana bilər”.
Dövlətimizin başçısı BƏƏ görüşü ilə təkcə Ermənistana deyil, bu ölkənin arxasında dayanan beynəlxalq güclərə də haqlı tərəf olduğunu sübut etdi. Prezident İlham Əliyev siyasi iradəsi ilə göstərdi ki, heç bir tərəf Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə edə, öz maraqlarına uyğun «tövsiyə» verə, istiqamət göstərə bilməz.
Ümumiyyətlə, Cənubi Qafqazla bağlı məsələlərdə də regionun qalib dövləti, regional və hətta qlobal səviyyəli problemlərin həllində öz konstruktiv mövqeyi və baxışları ilə digər dövlətlərə istiqamət verən Azərbaycanın rəyi ilə hasablaşmaq lazımdır. Bu görüşdə mövqelərin son dərəcə yaxınlaşması gələcək çoxsaylı müzakirələr, daha intensiv danışıqlar üçün etibarlı zəmin formalaşdı.
Xuraman İsmayılqızı, "İki sahil"