16 iyul 2025 11:33
120

BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.

“İki sahil” xəbər verir ki,  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən verilən məlumata görə, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.

Qanuna əsasən, sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.

Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.

BDYPİ səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır, onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.