Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda keçirilən media müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Mətbuat Şurasının birlikdə təşkil etdiyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında araşdırma müsabiqəsi “Azərbaycan Dəmir Yollarının 145 illiyi: Tarixi araşdırma”, “Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu” və “ADY-nin fəaliyyətində rəqəmsal həllərin tətbiqi” mövzularını əhatə edib.
Tədbirdə çıxış edən ADY sədrinin müavini Nicat Quliyev qalibləri təbrik edərək Azərbaycanın dəmir yollarının və milli mətbuatının əsr yarımdır birgə addımladığını, bu cür müsabiqələrin keçirilməsində məqsədin sahəvi jurnalistlərin yetişdirilməsinə dəstək vermək, keyfiyyət və məzmunca daha sanballı materialların hazırlanmasına yardımçı olmaq, dəmir yolları haqqında peşəkar məlumat bazasının formalaşdırılmasına təkan vermək olduğunu bildirib.
Qalibləri təbrik edən Nicat Quliyev ADY-nin bundan sonra da jurnalistlərin bilik və bacarıqlarının artırılmasına dəstək verəcəyini qeyd edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid və münsiflər heyətinin üzvləri müsabiqəyə böyük maraq olduğunu, 70-dən çox yazı və video material təqdim edildiyini, belə müsabiqələrin məqsədinin jurnalistləri mövzuları daha dərindən araşdırmağa təşviq etdiyini bildirib, eyni zamanda, araşdırma materiallarında nəzərə alınmalı olan məqamları, mövzunun daha müfəssəl işlənməsinin vacibliyini vurğulayıblar.
Sonda qaliblər mükafatlandırılıb, onlara hədiyyə və sertifikatlar təqdim olunub.
Orxan Vahidoğlu, "İki sahil"