17 iyul 2025 01:59
198

Gömrük əməliyyatlarının operativ və şəffaf təşkilində lider ölkələrdən biri

Azərbaycanın bu uğuru BMT-nin hesabatında da xüsusi vurğulanır

Ölkəmiz iqtisadi inkişaf üzrə daha bir beynəlxalq  təşkilatın hesabatında uğurlu rəqəmlərlə yadda qalıb. Belə ki, BMT-nin 2025-ci il üzrə «Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı»nda  respublikamız şəffaflıq göstəricisi üzrə 2015-ci illə müqayisədə 53,3 faiz, formal prosedurların opreativliyi üzrə 50 faiz irəliləyib. Bütövlükdə  tədqiqat  Azərbaycanın sözügedən göstəricilər üzrə 2015-ci ildən 2025-ci ilə qədər yalnız davamlı olaraq icra faizlərini artırdığını nümayiş etdirib. Ölkəmiz bu araşdırmada yüksək nəticə əldə etməklə Asiya- Sakit okean zonasında yerləşən əksər dövlətləri qabaqlayaraq icra performansına görə 7-ci mövqedə, habelə tədqiqatın regional təsnifatlaşmasında yer alan Şimali və Mərkəzi Asiya, o cümlədən dənizlərə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında birinci sırada qərarlaşıb.

Bundan başqa,  ölkəmiz  üzv olduğu bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda da  (İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr) ticarətin elekrtonlaşdırılması və opreativlik  üzrə də liderdir. Xüsusilə Azərbaycan Trans- Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən dövlətlər arasında Çin Xalq Respublikasından sonra 2-ci mövqedə qərarlaşıb. Bu uğurların  əldə edilməsində əsas amillər xarici ticarət əməliyyatları zamanı prosedurların elektron qaydada olması və izlənilə bilməsi, bütün idxal – ixrac qaydalarının, tariflərin, prosedurların və sənədlərin onlayn olaraq rəsmi sayt və ya portalda dərc edilməsi, yeni ticarət qaydaları və ya gömrük prosedurlarına dəyişiklik edilərkən iş adamları, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə müzakirələr aparılması, yeni və ya dəyişdirilmiş ticarət qaydaları qüvvəyə minməzdən əvvəl sahibkarlara rəsmi bildirişlə məlumat verilməsidir.

Bununla yanaşı, idxaldan əvvəl sahibkarların gömrükdən məhsulun tarif dərəcəsi və mənşəyi haqqında rəsmi yazılı qərar ala bilməsini özündə ehtiva edən şəffaflıq indikatoru üzrə Azərbaycanın 100 faiz nəticə əldə etməsi son illər xarici ticarətin liberallaşdırılması istiqamətində atılan addımlar, habelə gömrük prosedurlarının elektronlaşması sahəsində həyata keçirilən islahatların effektiv kommunikasiyası ilə əlaqədardır.

Sözügedən hesabatın ikinci bəndində yer alan formal prosedurlar mahiyyət etibarıilə sahibkarlıq subyektlərinin gündəlik qarşılaşdıqları klassik gömrük prosedurlarıdır. Bura malların riskəsaslı yoxlanılması, mallar ölkəyə çatmamışdan əvvəl gömrük bəyannamələrinin təqdim edilməsi və ilkin yoxlanılması, rəsmiləşmə və rüsumların yekun hesablanması, sadələşdirilmiş gömrük prosedurları, təcili və prioritet mallar üçün sürətli gömrük rəsmiləşməsi və s. aiddir. Bu istiqamətdə Azərbaycanın 100 faiz nəticəyə nail olması gömrük yoxlanılması, sərhəd-buraxılış məntəqələrində malların sürətli keçidi, müfəttiş – sahibkar münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü islahat tədbirlərinin nəticəsidir.

Kağızsız ticarət üzrə Azərbaycanın mövqeyi 2015-ci illə müqayisədə 37,03 faiz irəliləyərək 92,6 faiz səviyyəsinə çatıb. Buna səbəb gömrük inzibatçılığı sahəsində, o cümlədən xarici ticarət prosedurlarında iştirak edən dövlət xidmətlərinin elektronlaşması, fiziki müraciətlərin minimuma endirilməsi və s. tədbirləri qeyd etmək mümkündür. Sözügedən indicator üzrə qlobal sorğunun çərçivəsinə Avtomatlaşdırılmış Gömrük Sistemi, gömrük və sərhəd xidmətlərinin internet vasitəsilə məlumat paylaşması və əməliyyatları, gömrük və sərhəd prosedurlarının vahid elektron portal üzərindən icrası, gömrük bəyannamələrinin elektron formada təqdim edilməsi, idxal-ixrac icazələrinin elektron alınması, eləcə də göndərilməsi daxildir.

Sonuncu istiqamətə isə «Sərhədlərarası kağızsız ticarət» indikatoru daxildir ki, bura elektron əməliyyatlar üçün qanun və normativ baza, elektron imza və təsdiq üçün hüquqi çərçivə, gömrük bəyannamələrinin elektron şəkildə başqa ölkələrlə qarşılıqlı paylaşılması, mənşə sertifikatı, sanitar və fitosanitar sertifikatların (yəni, ərzaq və bitki mallarının icazələri) başqa ölkələrin gömrük orqanları ilə elektron paylaşılması daxildir. Sözügedən tədqiqat Ümumdünya Ticarət Təşkilatının «Ticarətin asanlaşdırılması Sazişi»ndə nəzərdə tutulan, «Asiya və Sakit Okean regionunda sərhədlərarası kağızsız ticarətin asanlaşdırılması Çərçivə Sazişi», eləcə də digər kağızsız ticarət və ya elektron ticarətlə bağlı inkişaf edən regional və qlobal təşəbbüsləri özündə ehtiva edir.

BMT-nin 2025-ci il üzrə «Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı»nda Azərbaycanın lider mövqedə tanınmasını «Azexport» tərəfindən son illərdə həyata keçirilmiş rəqəmsal həllərin, o cümlədən «Virtual sərgi zalı», rəqəmsal sertifikatlaşdırma imkanları və «Alibaba», «Amazon» kimi qlobal elektron ticarət platformaları ilə inteqrasiya proseslərinin praktik nəticəsi kimi də dəyərləndirmək mümkündür.

Xatırladaq ki, «Azexport.az» portalı dünyanın 150-dən artıq ölkəsindən 50 minə yaxın sifariş qəbul edərək, ixrac coğrafiyasını genişləndirib və «Made in Azerbaijan» məhsullarının beynəlxalq rəqəmsal platformalarda tanınmasını 2500 dəfə artırıb. Portalın fəaliyyəti bundan əvvəl də Avropa İttifaqının «EU4Digital» təşəbbüsü, «Alibaba» platforması, Türk Dövlətləri Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının müxtəlif rəsmi sənədlərində yüksək qiymətləndirilib, nümunəvi təcrübə kimi öyrənilməsi və digər ölkələrdə tətbiq olunması tövsiyə edilib.

Elçin Zaman, «İki sahil»