18 iyul 2025 00:47
139

Qətiyyətin təntənəsi

Müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlığı və öz müqəddəratlarını təyinetmə hüququ bəşəriyyətin ən fundamental haqlarından biridir. Birləşmiş Millətlər Təşkilatı (BMT) artıq uzun illərdir ki, bu istiqamətdə müxtəlif addımlar atır. Son günlərin hadisələri göstərir ki, bu sahədə irəliləyişlər əldə olunmaqdadır.

Xəbər verildiyi kimi, Parisdə imzalanan sənədə görə, Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması nəzərdə tutulur. Razılaşmaya görə, Yeni Kaledoniya Fransanın tərkibində qalsa da, geniş muxtariyyət əldə edəcək və beynəlxalq münasibətlər sahəsində müəyyən funksiyaları üzərinə götürəcək. Yeni statusun hüquqi çərçivəsi 2026-cı ildə qəbul ediləcək fundamental qanunla müəyyən ediləcək. Bu məsələdə Azərbaycanın, daha doğrusu, Bakı Təşəbbüs Qrupunun (BTQ) rolu danılmazdır.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan xarici siyasətində daha bir uğura imza atıb: “Azərbaycan  121 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 21-ci əsrdə davam edən müstəmləkəçilik və onun yeni təzahürlərinin aradan qaldırılmasını əsas xarici siyasət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyev nüfuzlu beynəlxalq platformalarda, xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı müstəmləkəçiliklə mübarizəni gündəmə gətirib, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqların müstəqil yaşaması, öz müqəddəratını təyin etməsinə dəstək ifadə edib.  Nəticədə bu günlərdə 2 yaşı  tamam olan BTQ bu müddət ərzində beynəlxalq qeyri-hökumət təşkilatı kimi Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada dekolonizasiya və insan haqları məsələləri üzrə əhəmiyyətli nəticələr əldə edib. Onu da vurğulayaq ki, məqsədi müstəmləkə altında yaşayan xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməkdən ibarət olan bu təşkilat dünyada neokolonializmə qarşı mübarizədə mühüm rol oynayır. Odur ki, Fransanın müstəmləkə cinayətlərinin ifşa edilməsi və ona qarşı mübarizədə BTQ-nin fəaliyyəti rəsmi Parisi ciddi narahat edir. Elə bu səbəbdən ölkəmizə qarşı əsası olmayan iddialarla çıxış etməkdə davam edir. Amma bütün bunlara baxmayaraq, dünyada ən güclü müstəmləkəçi ölkə kimi tanınan Fransa geri çəkilməyə məcbur olub, bir çox nüfuz dairələrində zəifləyib, yerli xalqlar üzərində öz imicini və gücünü itirib”.

Millət vəkilinin sözlərinə görə, iyulun 12-də Yeni Kaledoniyanın gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə Parisdə sazişə imza atılıb: “Fransa dövlətinin başçısı Emmanuel Makron ilk dəfə Yeni Kaledoniya ilə bağlı danışıqda şəxsən iştirak edib. Sazişə əsasən, Fransa Konstitusiyası tərəfindən tanınan və beynəlxalq ictimaiyyətin tanıması nəzərdə tutulan, Fransa tərkibində unikal institusional qurum - Yeni Kaledoniya Dövləti yaradılacaq. Onu da qeyd edək ki, Yeni Kaledoniya öz müqəddaratını təyin etmək hüququnu özündə saxlayır. Bununla da bəzi Fransa rəsmilərinin dəyişdirilməsi mümkünsüz elan etdiyi Fransa Konstitusiyasının “toxunulmazlığı”na son qoyulur. Beləliklə, dekolonizasiya istiqamətində unikal presedent yaranır”.

P. Vəliyeva daha sonra bildirdi: “Ermənistan-Azərbaycan normallaşma prosesinə hər vəchlə mane olan, revanşizmi dəstəkləyən, Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına baxmayaraq, birtərəfli qaydada təcavüzkar ölkəni silahlandıran, maliyyə dəstəyi verən Fransa Prezident İlham Əliyevə təzyiq etməyin mənasız olduğunu başa düşsə də, düşmənçilik mövqeyindən əl çəkməyib. Fransa ərazi baxımımdan Azərbaycandan 7 dəfədən artıq, əhali baxımımdan 6 dəfədən çox olsa da, dövlət başçımız fransalı həmkarını bütün cəbhələrdə neytrallaşdıra, hətta açıq-aşkar üstələyə bilib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Ermənistan üzərində Zəfərini öz şəxsi məğlubiyyəti hesab edən Makron bu dəfə “daxili iş” deyərək neytrallaşdırmağa çalışdığı koloniyalaşdırma məsələsində də cənab Prezident İlham Əliyevə məğlub oldu və o, müstəqillik tərəfdarlarına münasibətdə böyük güzəştə getməyə - Yeni Kaledoniya üzərindəki müstəmləkəçiliyini bitirməyə məcbur oldu”.

Qvami Məhəbbətoğlu, “İki sahil”