22 iyul 2025 00:35
141

Qeyri-neft sektorunun inkişafında sənaye parklarının rolu artır

Bu,  eyni zamanda əhalinin məşğulluğ prosesinə dəstəkdir

 2025-ci ilin ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu dövr ərzində onlara investisiya portfeli 307 milyon manatdan çox olan vəsait ayrılıb.  Qeyd edək ki, son bir neçə ildə həmin sahibkarlıq subyektlərinin 3-ü Ağdam Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin , 5-i «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının rezidentləri kimi qeydiyyata alınıblar. Buradakı investorlar sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçirəcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası quracaqlar.

Sözügedən müəssisələr istehsal etdikləri məhsulları yalnız daxili bazarlarda satmırlar, həm də xarici ölkələrə də ixrac edirlər. Belə ki, 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan «Azertexnolayn» MMC müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, eləcə də xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 25-dən çox ölkəsinə ixrac edilir.

Məlumdur ki, indi ölkəmizin qarşısındakı iqtisadi hədəflərdən biri də qeyri- neft sektorunun inkişaf etdirilərək dayanıqlı iqtisadi yüksəlişə  nail olmaqdır. Ona görə də Prezident İlham Əliyevin iqtisadi siyasətində sənaye parklarının yaradılması və bunlarınn müasir istehsalat infrastrukturuna malik olmasının təşkil edilməsi prioritet məsələdir.

Bu gün  Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Mingəçevir və Pirallahı sənaye parkları, eyni zamanda, Neftçala, Masallı, Sabirabad və Hacıqabul sənaye məhəllələri qeyri-neft sektorunda çoxsaylı istehsalat müəssisələrinin fəaliyyət göstərdiyi əsas mərkəzlərə çevrilib. Sənaye parklarındakı müəssisələr yüksək texnologiyalara əsaslanan, müasir avadanlıqlarla təchiz olunan istehsalat sahələri ilə seçilir. Bu isə yerli məhsulların həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətini artırır. Məsələn, Sumqayıt Kimya Sənaye Parkında istehsal edilən plastik, gübrə, mis və elektrik avadanlıqları təkcə daxili tələbatı ödəməklə kifayətlənmir, həm də bir sıra Avropa və Asiya ölkələrinə ixrac olunur. Bu proses ölkəmizin ixrac strukturunda qeyri -neft sektorunun payını yüksəltməklə bərabər, həm də xarici valyuta daxilolmalarını da artırır.

Son illərin digər mühüm məsələsi sənaye parklarının ölkə əhalisinin məşğulluğuna verdiyi dəstəkdir. İndi bu parklarda minlərlə insanlar çalışaraq ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Azərbaycan dövləti tərəfindən dəstəklənən bu layihələr xüsusilə regionlarda işsizlik probleminin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Bu isə, öz növbəsində, sosial sabitliyin möhkəmlənməsinə və regionların tarazlı inkişafına xidmət edir.

Bəs bu sənaye parklarının davamlı və dayanıqlı inkişafı üçün investorlara hansı güzəştlər edilir? İlk öncə onlara vergi güzəştləri tətbiq edilir. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən, eləcə də gömrük rüsumundan azad olunublar. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaradılmış sənaye zonalarında fəaliyyət göstərən sahibkarlar da istehsal prosesində istifadə etdikləri bir sıra xammal və materialların idxalına görə 10 il müddətinə əlavə dəyər vergisindən azad ediliblər. Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir. Eyni zamanda, hazır infrastrukturla təmin edilirlər. Onların sürətli qeydiyyat prosedurları da operativ şəkildə həyata keçirilir.

Ən əsası isə əlverişli istehsalat mühiti ilə yanaşı, sənaye parklarında rəqəmsallaşma və «yaşıl» texnologiyaların tətbiqi də birinci palana keçirilir. Bu sahələrdə aparılan yeniliklər istehsal proseslərinin səmərəliliyini artırmaqla yanaşı, ekoloji təhlükəsizliyi də gerçəkləşdirir. Ekoloji təmiz texnologiyaların tətbiqi, tullantıların azaldılması və enerji səmərəliliyi üzrə görülən tədbirlər müasir Avrpoa sənayesi tendensiyasına uyğunlaşdırılır. Belə bir şəffaf mühit ölkəmizdəki sənaye parklarına xarici investorların da marağını xeyli dərəcədə artırır.

Elçin Zaman, "İki sahil"