150 ildir milli mətbuatımız bu günəşin saçdığı nurdan güc alır
Hər xalqın həyatında dönüş nöqtələri olur. Azərbaycan xalqının oyanış tarixində belə dönüş nöqtələrindən biri 1875-ci ilin iyulunda baş verdi – “Əkinçi” qəzeti çap olundu. Həsən bəy Zərdabinin bu qəzeti təkcə mətbuat orqanı deyildi; bir millətin düşüncəsinin sözə çevrilməsi, susqunluğun danışmağa başlaması, qaranlıqda işığın görünməsi idi.150 illik yol. Bu yolun hər addımı yeni qəzetlərin doğuluşu, satirik jurnalların cəsarəti, senzuranın ağır kölgəsində milli səsin qorunması, azadlığın nəfəsində sözün açılması, informasiya savaşlarında haqqın müdafiəsi... Bütün bu mərhələlər Azərbaycan mətbuatının tarixini yalnız informasiyanın ötürülməsi deyil, həm də xalqın mənəvi və siyasi yaddaşının salnaməsinə çevirdi. Bu yazı həmin yolun xəritəsidir – ideyaların, qələmlərin, sətirlərin və sətiraltıların qurduğu bir millət tarixinin mətbu simfoniyası...
Rəqəmsal dalğalarda media: Yeni zamanın yeni çağırışları
Azərbaycan mediası bu gün yalnız qəzetlər və televiziya ilə təmsil olunmur – internet saytları, sosial media platformaları, podkastlar və süni intellekt vasitələri də jurnalistikanın yeni simasına çevrilib. Bu transformasiya həm imkan, həm də məsuliyyət yaradır.Media agentlikləri bu sahədə yenilənmə proqramları, texnoloji təlimlər, kadr hazırlığı və hüquqi təkmilləşməyə ciddi önəm verir.
Rəqəmsal dövrün hüquqi bazasının qurulması
Yeni dövrün medianın qarşısına qoyduğu tələblər fərqlidir: rəqəmsal transformasiya, sosial media idarəçiliyi, süni intellektin mediaya təsiri və informasiya təhlükəsizliyi kimi məsələlər ön plana çıxır. “Media haqqında” Qanun, Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş təlimlər bu yeni çağırışlara cavabdır.
Medianın rəqəmsallaşması həm fürsətdir, həm də məsuliyyət. Sürətli informasiya dövründə yalnız dürüst, dəqiq və məsuliyyətli mətbuat ictimai rəyi formalaşdırmaq gücünə sahib olacaq.
Sürətə qarışan sözün taleyi
Bu gün informasiya saniyələrlə yarışır. Sosial şəbəkələr isə bu yarışın ən güclü meydanıdır. Artıq bir xəbərin çap olunması, redaksiyadan keçməsi, səhifəyə yerləşdirilməsi dövrü geridə qalıb. Bir “status”, bir “tvit”, bir “story” – və milyonlarla insanın diqqəti o bir neçə cümləyə yönəlir. Sosial media jurnalistikanı dəyişdi – həm forma, həm məzmun, həm məsuliyyət baxımından. Əvvəllər oxucu xəbər üçün redaksiyaya üz tuturdu, bu gün isə redaksiya oxucunun ardınca sosial şəbəkəyə çıxır. İnformasiya verilməsi ilə yanaşı, təqdimat üslubu, vizual cəlbedicilik və reaksiyalara dərhal cavab vermək zərurəti yaranıb.Bu transformasiya imkanlarla yanaşı, risklər də gətirib. Sosial mediada dezinformasiyaların, “feyk xəbər”lərin sürətlə yayılması, emosiya yönümlü manipulyativ məzmunlar cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edir. Media artıq yalnız xəbər mənbəyi deyil, həm də bu axının içində dürüstlüyün qalası olmalıdır. Azərbaycan mediası üçün bu dövr bir imtahandır. Həm yeni auditoriyalara çıxmaq, həm də peşəkarlıqla fərqlənmək imkanıdır. Ənənəvi media qurumları sosial şəbəkə platformalarında aktiv olmalı, operativliklə yanaşı, məsuliyyət daşıdıqlarını da unutmamalıdırlar. Çünki informasiyanın əli sürətə çatsa da, onun qəlbi həqiqətdə döyünməlidir. Bəli, sosial şəbəkələr medianın səsini yüksəldib. Amma bu səsin tonu, doğruluğu və məqsədi hələ də redaktor vicdanından və jurnalist peşəkarlığından asılıdır.
Mədəniyyətin güzgüsü: Jurnalistika və milli irsin təbliği
Bir xalqı tanımaq istəyirsənsə, onun nə qədər bina tikdiyinə deyil, hansı mahnını unutmadığına, hansı dastanı hələ də danışdığına bax. Mədəniyyət millətin ruhudur – jurnalistika isə bu ruhun səsini gələcək nəsillərə daşıyan aynadır. Mədəni jurnalistika – sadəcə tamaşa haqqında xəbər, ya da bir kitabın təqdimatı deyil. Bu, həm də xalqın yaddaşına, mənəvi mirasına, estetik zövqünə və dünyagörüşünə nəzarət edən bir vasitədir. Mədəniyyət sferasında çalışan jurnalist, əslində, xalqın milli kimliyini qoruyan görünməz qəhrəmandır. Televiziya ekranlarında bir sənətkarın ömür yolunu işıqlandırmaq, radio efirində bir qədim xalq nəğməsini səsləndirmək, qəzet səhifəsində xalq şairinin yubileyini qeyd etmək – bunların hər biri ictimai şüura vurulan bir möhür, unudulmaq üzrə olan dəyərlərə verilən bir nəfəsdir.
Həqiqətin müdafiəsində: Saxta xəbərlə mübarizə və mənbənin dəqiqliyi
Bir cəmiyyətin ağlına yayılan yanlış bir informasiya, bəzən illərlə qurulan inamı, ictimai sabitliyi və həqiqətin özünü sarsıda bilər. İnformasiyanın silaha çevrildiyi bu dövrdə jurnalistin rolu sadəcə xəbər yazmaq deyil, həqiqətin keşiyində dayanmaqdır. Saxta xəbər – yəni məqsədli şəkildə uydurulmuş, manipulyativ və ya kontekstdən çıxarılmış məlumat – bu gün təkcə sosial şəbəkələrdə deyil, bəzən peşəkar media mənbələrində də yayılır. Bu, jurnalistikanın etimadına zərbə vurmaqla yanaşı, ictimai düşüncəni yanlış istiqamətə yönəldə bilər. Ona görə də mənbənin yoxlanması, faktın dəqiqləşdirilməsi və doğru dəyərləndirilməsi jurnalistin peşə fəaliyyətinin ayrılmaz hissəsidir. Peşəkar jurnalist heç vaxt “eşitdim ki...” ilə başlayan xəbəri tirajlamaz. O, hər məlumatın ardınca gedər, ən azı iki müstəqil mənbədən təsdiq gözləyər, sənəd istəyər, ekspert rəyini dinləyər. Çünki jurnalistin silahı informasiyadır, lakin bu informasiya yalnız dəqiqliklə kəsər, doğruluqla yara açar, vicdanla mühakimə edilərsə ədalətə xidmət edər. Azərbaycanda da son illərdə bu istiqamətdə ciddi addımlar atılıb. Xəbər portallarının məsuliyyəti artırılıb, fakt-yoxlama mexanizmləri yaradılıb, jurnalistlər üçün təlimlər təşkil olunur. Medianın İnkişafı Agentliyinin təşəbbüsləri, “Media haqqında” Qanunun tələbləri bu sahədə şəffaflığı və peşəkarlığı təşviq edir.
Amma bu, yalnız sistem işi deyil – bu, qələm sahibi olan hər kəsin vicdani borcudur. Bir xəbəri tirajlamazdan əvvəl onun cəmiyyətin taleyinə təsir edə biləcəyini düşünmək jurnalistin peşə məsuliyyətinin ilk şərtidir. Çünki bir səhv xəbər bəzən bir insanın həyatına, bir ailənin ad-sanına, bir xalqın sabitliyinə toxuna bilər. Jurnalist üçün ən böyük güc — sürətli yazmaq deyil, doğru yazmaqdır.
Qələbə xəbərlərinin cəbhəsi: Mətbuatın Vətən müharibəsində missiyası
2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq miqyasda informasiya cəbhəsində döyüşdü. Dövlətə sadiq, operativ və peşəkar xəbər yayımı ilə düşmənin yalan məlumatları ifşa edildi.Cəbhədən hazırlanan reportajlar, canlı bağlantılar, şəhid və qazilərimiz haqqında yazılar xalqın həmrəyliyini gücləndirdi. Media vətənpərvərlik ideologiyasının daşıyıcısına çevrildi. Bu gün mətbuatın təkcə informasiya yox, ideoloji mübarizə vasitəsi olduğunu bir daha gördük.
Gələcəyə istiqamətlənmiş yol xəritəsi…
2025-ci il aprelin 25-də Prezident İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycan milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının göstəricisidir. Bu sənəd mətbuat tariximizə verilən dəyər olmaqla yanaşı, medianın gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir. Sərəncamda qeyd olunur ki, Azərbaycan mediası dövlət maraqlarını uca tutmalı, informasiya mübarizəsində milli mənafeləri qorumağa davam etməlidir. Bu, mediamıza verilmiş strateji etimadın göstəricisidir. Prezident İlham Əliyevin yubiley münasibətilə imzaladığı Sərəncam, bu mətbuat salnaməsinin dövlət səviyyəsində tanınması və gələcəyə yönəlmiş strateji yol xəritəsidir. Azərbaycan mətbuatı artıq təkcə tarix deyil – o, sabahın qurucusudur. Bu 150 illik yol, qələmə verilmiş müqəddəs vəzifənin – sözlə xalqın tale yoluna işıq salmağın – şərəfli salnaməsidir. Qarşıda yeni mərhələlər, yeni vəzifələr var. Amma dəyişməyən bir dəyər mövcuddur: Azərbaycan mətbuatı xalqın, dövlətin və gerçəyin tərəfindədir. Bu Sərəncam yalnız yubileyin qeyd olunması deyil, həm də mətbuat nümayəndələrinin qarşısında konkret vəzifə və məsuliyyətlər müəyyən edən strateji sənəddir. Sərəncam həm tarixi dəyərləndirmə, həm də gələcəyə istiqamətlənmiş yol xəritəsi funksiyası daşıyır.
Bir qələm, bir millət, bir sabah: Azərbaycanın söz tarixinin şərəf lövhəsi
Azərbaycan milli mətbuatı 150 illik tarixi ilə təkcə hadisələrin şahidi olmayıb, onların formalaşmasında da iştirak edib. Azərbaycan milli mətbuatı bu gün özünün intellektual və ideoloji zirvəsində dayanır. Keçdiyi yol, apardığı mübarizə, qoruduğu dəyərlər onu sadəcə informasiya vasitəsinə yox, milli ideologiyanın mərkəzinə çevirib. 150 yaşlı mətbuatımız tariximizin, dövlətçiliyimizin, xalqımızın aynasıdır. Bu güzgüdə yalnız keçmiş yox, gələcək də görünür. “Əkinçi”nin ilk sayından başlayaraq Azərbaycan mətbuatı xalqın maariflənməsində, milli şüurun oyanışında, dövlətçiliyin əsaslarının möhkəmlənməsində əvəzsiz rol oynayıb. Sovet dövrünün sərt senzurası, müstəqillik illərindəki çağırışların, informasiya əsrinin rəqəmsal çətinliklərinin bütün mərhələlərində Azərbaycan mediası bir dirəniş, bir öhdəlik, bir əqidə nümayiş etdirib.
Bu gün mediamız həm tariximizin daşıyıcısı, həm gələcəyimizin yolçusudur. “Əkinçi” ilə başlayan bu səyahət indi müasir jurnalistikanın, rəqəmsal informasiya texnologiyalarının imkanları ilə davam edir. Bu 150 illik yubiley təkcə keçmişin şərəfləndirilməsi deyil, gələcəyə verilən ümidin, etimadın və çağırışın təntənəsidir.
Yaqut Ağaşahqızı, ”İki sahil”