Otuza yaxın media qurumundan nümayəndələrin iştirak etdiyi turda ilk öncə SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin rəisi İlahə Novruzova media-tur iştirakçılarını salamlayaraq, Milli Mətbuat Günü ilə bağlı təbrik edib. Departament rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunduğunu bildirib. Bu xüsusda, SOCAR-ın təşəbbüsü ilə “SOCAR Karbamid” Zavoduna media-turun və bayram tədbirinin təşkil olunduğunu qeyd edib.
Media-tur iştirakçıları təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra “SOCAR Karbamid” Zavodunun “ağıllı kimya” və “açıq anbar” sahələrində olub, burada rəqəmsal texnologiyalardan istifadə olunmaqla həyata keçirilən istehsalat prosesi barədə məlumat əldə ediblər.
Zavodun baş texnoloqu Şöhrət Mirzəyev, baş metroloqun müavini İlkin Hacıyev tərəfindən media nümayəndələrinə zavodun ümumi fəaliyyəti, rəqəmsal transformasiya layihəsi, istehsalat proseslərinin avtomatlaşdırılması üzrə görülən işlərə dair məlumat verilib, müvafiq təqdimat edilib.
Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu hazırda məhsulunu 15-dən çox ölkəyə ixrac edir: “Karbamid gübrəsi əsasən Qara dəniz sahilində yerləşən ölkələrə, o cümlədən Türkiyə, Gürcüstan, ABŞ, Argentina və Braziliyaya ixrac olunur. “Hindistan dünyanın ən böyük gübrə istehsalçılarından biridir, lakin biz onlara da karbamid gübrəsi satırıq. “SOCAR Karbamid” Zavodunun illik istehsal gücü 650-660 min ton təşkil edir. 2024-cü ildə bu göstərici 652 min tonu keçib. Builki məqsəd isə bu rəqəmi daha da artırmaqdır. Zavod daxili bazarın tələbatını tam qarşılayır. Layihələndirilərkən nəzərə alınıb ki, istehsalın 30 %-i daxili bazara, 70 %-i isə ixraca yönəldilsin. Lakin hazırda daxili bazarın təminatı 20 % kifayət edir.”
Qeyd edək ki, “SOCAR Karbamid” Zavodu il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70 %-dən çox hissəsini ixrac edir. Nəticədə daha əvvəl idxal üçün sərf edilən milyonlarla valyuta vəsaiti ölkədə qalır, eyni zamanda, ölkənin qeyri-neft ixrac gəlirlərini artırır.
Daha sonra media nümayəndələri muğam triosunun ifasında konsert proqramını izləyiblər.
Sonda media nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub, birgə foto çəkdirilib.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”