25 noyabr 2026 18:10
60

Azərbaycançılıq məfkurəsi milli birliyin və tərəqqinin sarsılmaz təməlidir - TƏHLİL

Prezident İlham Əliyevin bu günlərdə sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı paylaşdığı videoçarxda vurğulandığı kimi, azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.

Hər bir müstəqil dövlətin dayanıqlı inkişafı üçün möhkəm ideoloji dayaqların olması və cəmiyyətin vahid, sağlam məfkurə ətrafında birləşməsi həyati əhəmiyyət daşıyır. Xüsusilə müstəqilliyini bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək yeni tarixi mərhələyə qədəm qoymuş Azərbaycan üçün milli ideologiyanın gücləndirilməsi dövlətçiliyin qorunması baxımından strateji zərurətdir. Prezident İlham Əliyevin bu günlərdə sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı paylaşdığı videoçarxda vurğulandığı kimi, azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.

Müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən sistemləşdirilən və bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla inkişaf etdirilən azərbaycançılıq ideologiyası cəmiyyətimizi vahid məqsəd ətrafında bir araya gətirən, milli şüuru möhkəmləndirən və vahid Azərbaycan kimliyini formalaşdıran əsas amilə çevrilib. Hər zaman bu reallıq xüsusi qeyd edilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə inamla baxan ölkələr daim  zamanın sərt sınaqlarında uğurla çıxır. Azərbaycanın timsalında bunu daha aydın görür və bundan böyük qürur hissi keçiririk. Hər zaman tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, incəsənətinə sahib çıxan Azərbaycan xalqı yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətində olub. Azərbaycan ənənələri olan ölkəı kimi  nüfuz qazanır. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində qurulan əlaqələrinə, diaspor quruculuğu prosesinə diqqət yetirsək hədəf Azərbaycanın söz sahibliyini qorumaq, bir dövlət olaraq varlığını təsdiqləmək, zəngin tarixə malik olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq, azərbaycançılıq ideologiyasının inkişaf və təbliğ etməkdir. Bu günlərdə cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində səsləndirilən fikirlərə diqqət yetirmək kifayətdir. Vyetnam Prezidenti To Lam bildirdi ki, Siz “Odlar Yurdu”ndan minilliklər boyu mədəniyyət tarixi olan paytaxt şəhər Hanoya özünüzlə səmimi sevginizi gətirmisiniz. Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni xüsusiyyətləri var. Ölkələrdən biri Şərq dənizinin, digəri isə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir. Bunlara ana vətənimizə sevgi, milli qürur və məğlubedilməz iradə daxildir. Hər iki xalq sarsılmaz olmaqla yanaşı, mehriban, qonaqpərvər və sadiqdir. Ölkənin qonaqlarını ürəkdən və səmimiyyətlə salamlayan Azərbaycanın zəngin mədəni xalçaları şəxsən məni çox təsirləndirmişdir.

Azərbaycanın ünvanına səsləndirilən belə xoş, reallığı özündə əks etdirən fikirləri xeyli sayda sadalamaq olar. Təkcə  bu il ölkəmizin  ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında səsləndirilən fikirləri yada salmaq kifayətdir. Azərbaycan qədimliyin və müasirliyin sintezini yaradan ölkə olaraq hər bir addımında dəyərlərimizə böyük hörmətlə yanaşdığını sübut edir. Azərbaycanın milli kimliyi həm zəngin tarixi-mədəni köklərimiz, həm də ölkəmizin yerləşdiyi strateji coğrafiya ilə sıx bağlıdır. Qafqaz və Xəzər regionunun aparıcı dövləti olan Azərbaycan, eyni zamanda, İslam sivilizasiyasının ayrılmaz parçasıdır və mənəvi-dini dəyərlərə hörmət cəmiyyətimizin həyatında mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərindən xalqa müraciətində vurğuladığı kimi, bizi irəliyə aparan məhz milli-mənəvi dəyərlərimizdir: “Azərbaycan dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik. Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bu, gələcəyə aparan yoldur”.

Bu möhkəm birlik müstəqillik tariximizin ən ağır və sınaqlı dövrlərində özünü tam gücü ilə göstərmişdir. Ermənistanın hərbi təcavüzü və işğalı dövründə, eləcə də Vətən müharibəsi və antiterror tədbirləri zamanı ölkəmizdə yaşayan bütün etnik və dini qrupların nümayəndələri milli kimliyimizi qorumaq, tarixi ədaləti bərpa etmək və dövlət suverenliyimizi tam təmin etmək naminə Zəfərimizin rəmzi olan “Dəmir yumruq” ətrafında sıx birləşərək qəhrəmanlıq göstərmişlər. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramı azərbaycançılıq ideologiyasının praktik təntənəsidir. İşğaldan azad edilmiş torpaqlara qayıdan vətəndaşların doğma yurd-yuvalarına bağlılığı, xalqımızın ümummilli quruculuq əzmi göstərir ki, azərbaycançılıq artıq təkcə mənəvi-tarixi bağ deyil, həm də ölkənin sosial-iqtisadi dirçəlişinin əsas hərəkətverici qüvvəsidir. Müasir dünyada sürətlə dəyişən geosiyasi reallıqlar, qloballaşma prosesləri və informasiya təhlükəsizliyi məsələləri milli ideologiya qarşısında yeni vəzifələr qoyur. Rəqəmsal informasiya axınının sərhəd tanımadığı bir dövrdə milli-mənəvi dəyərlərin qorunması, yad ideoloji təsirlərə qarşı mənəvi immunitetin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir.

Cənab İlham Əliyev 2024-cü ildə yeni dövrün reallıqları fonunda ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıya qoyulan hədəflərdən bəhs edərkən bu məqamları xüsusi qeyd etmişdir. “Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir” söyləyən cənab İlham Əliyev bu çağırışı etmişdir ki, biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur: “Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq.” Dövlətimizin başçısının çağırışında bu məqam da xüsusi diqqətə çatdırıldı ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir.  İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır: “Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.”

Bu baxımdan müasir azərbaycançılıq məfkurəsi ənənəvi dəyərlərlə müasir texnoloji tərəqqinin və intellektual inkişafın sintezini hədəfləyir. Bilik iqtisadiyyatına keçid, rəqəmsal transformasiya və yaşıl enerji strategiyası fonunda yetişən gənc nəslin həm yüksək texnoloji bacarıqlara yiyələnməsi, həm də dərin vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritetidir. Eyni zamanda, dünya azərbaycanlılarının vahid məqsəd ətrafında təşkilatlanması və diaspor fəaliyyətinin gücləndirilməsi milli maraqlarımızın qlobal müstəvidə müdafiəsinə mühüm töhfə verir.

 Qeyd etdiyimiz kimi, Azərbaycanın coğrafi mövqeyi onun müxtəlif dinlərin və mədəniyyətlərin bir araya gəlməsində körpü rolunu oynamasını şərtləndirir. Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olduğunu önə çəkərək multikulturalizm ənənələrinin, dini və etnik dözümlülüyün xalqımızın fundamental dəyərləri olduğunu vurğulamışdır. “Ortaq gələcək naminə dialoq” çağırışının mahiyyəti müxtəlif mədəniyyətlərin sadəcə bir masa ətrafında görüşməsi ilə məhdudlaşmır. Əsl dialoq qarşılıqlı hörmətin, etimadın və ortaq məsuliyyətin formalaşdığı münasibətlər sistemidir. Müasir beynəlxalq münasibətlər sisteminin fəal və etibarlı iştirakçısı olan Azərbaycan bəşəriyyəti narahat edən qlobal problemlərin həllinə də real töhfələr verir. Ölkəmizin COP29 kimi mötəbər iqlim konfransına ev sahibliyi etməsi, yaşıl enerji gündəliyini irəli sürməsi və sülh təşəbbüsləri ilə çıxış etməsi Azərbaycanın dünyaya açıq, sülhpərvər və məsuliyyətli dövlət imicinin bariz göstəricisidir.

Tarixi reallıqlar sübut edir ki, əsrlər boyu müstəqil dövlətçilikdən məhrum qaldığı dövrlərdə belə xalqımız öz milli dəyərlərini, ana dilini və adət-ənənələrini qoruyub saxlamağı bacarmış, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə bu dəyərləri daha da zənginləşdirərək güclü dövlət quruculuğunun təməlinə çevirib. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və bu gün Prezident İlham Əliyev tərəfindən  yeni tarixi reallıqlarla daha da zənginləşən azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin gələcək inkişaf yolunu işıqlandıran etibarlı mayak missiyasını  yerinə yetirir.

Yeganə Əliyeva, “İki sahil”