Cəbhədə gedən döyüşlərdə sərkərdəlik məharəti, diplomatik masalarda cəsarəti, informasiya cəbhəsindəki hazırcavablığı ilə alternativsiz lider olduğunu təsdiqləyən Prezident İlham Əliyevin bu sözləri azad sözə, müstəqil mətbuata, plüralizmə göstərilən diqqətin ifadəsidir
Ölkə demokratiyasının inkişafında mətbuatın xidmətlərini daim yüksək qiymətləndirdiyini «Jurnalistlər isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz» sözləri ilə bildirən Prezident İlham Əliyev yazılı və elektron KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqətlə yanaşır. Bu sahədə çalışanlardan obyektivlik, peşəkarlıq, hadisələrə ictimai baxış nəzərindən yanaşma tələb edir.
Bu tələbkarlığı siyasi, iqtisadi, hərbi sahədə gördüyü , həyati, tarixi əhəmiyyətli işləri ilə təsdiqləyən, 30 il yurd həsrəti çəkən xalqımıza Qələbə sevincini qazandıran Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə və Vətən müharibəsindən sonra yerli və xarici jurnalistlərə çoxsaylı müsahibələri ilə hərb, diplomatiya sahələrində olduğu kimi, informasiya cəbhəsinin də yenilməz komandanı olduğunu təsdiqlədi. Ermənistanın qondarma «tarixini» faktlarla ifşa edən, erməni lobbisinin beynəlxalq ictimai rəyi çaşdırmaq üçün maliyyələşdirdiyi «feyks-nyus»” müəlliflərini, öyrədilmiş erməni təfəkkürülü jurnalistləri «birbaşa təmas» strategiyası sayılan müsahibələri zamanı hədəfə ünvanlanmış qəti, inamlı cavabları ilə susduran Prezident İlham Əliyev alternativsiz Lider olduğunu göstərdi
Dünyanın tanınmış media şirkətlərinə, televiziya kanallarına Azərbaycanın haqq-ədalət uğrunda mübarizəsinin 44 günlük xəritəsini Ali Baş Komandan kimi «tərtib edən» Prezident İlham Əliyev erməni havadarlarının planlarının üstündən real açıqlamaları ilə qırmızı xətt çəkdi. Cəbhədə gedən döyüşlərə komandanlığı, diplomatik masalarda cəsarəti, informasiya cəbhəsindəki xalqımızın milli maraqlarını, dövlətçilik mənafeinin müdafiəsi kimi müqəddəs vəzifələri paralel yerinə yetirən Prezident İlham Əliyevin açıqlamalarına bu gün də istinad edilir. Bir zamanlar prioritet kimi səsləndirdiyi proqnozları reallaşdıran dövlət başçımızın bəzi açıqlamalarından nümunə gətirək
Valday Diskussiya Klubunda o vaxt özünü qalib hesab edən Ermənistanın baş naziri Nikol Paşinyanı «Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də «Valday»” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”.» Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə yerində oturdan Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindəki Zəfərimzlə «nida»nı dəmir yumruqla əvəzlədi.
21 iyul 2023-cü il: «4-cü Sənaye İnqilabı dövründə Yeni Media»” mövzusunda keçirlən Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti 100-dən artıq xarici jurnalistin müxtəlif suallarını cavablandırmaqla liderlik fəlsəfəsinin əsl simasını diplomatik uğurları, siyasi hazırlığı ilə göstərdi. Ermənistanın Laçın sərhəd-keçid məntəqəsi ətrafında qurduğu təbliğatı darmadağın etdi. Eməni havadarlarının Qarabağda «humanitar fəlakət»” iddialarının xəstə təfəkkürdən qaynaqlanan yalan olduğunu çoxsaylı müsahibələrində açıqladı. Şuşada «Euronews»” televiziyasına müsahibəsi ilə Azərbaycanla bağlı erməni iddialarının saxta olduğunu faktlarla sübut etdi.
44 gün davam edən Vətən müharibəsində xarici KİV-lərə müsahibələrində Azərbaycan həqiqətlərini dünyaya çatdıran Prezident İlham Əliyev jurnalistlərə tövsiyələrini də bildirirdi: «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun!» Beləcə «Qılıncın kəsmədiyini söz kəsər» müdrik kəlamının hikməti İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə təsdiqləndi. Qətiyyətli lider kimi beynəlxalq ictimaiyyətə bəyan etdi ki, müharibənin taleyi yalnız döyüş meydanında deyil, informasiya cəbhəsindəki mübarizlikdən də asılıdır. « Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim» söyləyən dövlət başçımız hədəfinə siyasi iradəsi sayəsində nail oldu. Məntiqli açıqlamaları ilə hayların ideoloji təxribatlarını , ölkəmizə qarşı yaratdıqları informasiya blokadasını darmadağın etdi. Hər kəs gördü ki, yalan ayaq tutdu, lakin yerimədi. Azərbaycana qərəzli mövqeyi ilə tanınan dairələr tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən «jurnalistlərin» «qara piar», «feyk» xarakterli məkrli suallarını belə təmkinlə , səbirlə cavablandıran Prezident İlham Əliyev siyasi hazırlığı, yüksək intellekti, dövləti idarəetmə təcrübəsi ilə müsahiblərini heyrətləndirdi.
Bütün müsahibələrində torpaqlarımızın bütövlüyü uğrunda ədalət savaşında qalib gələcəyimizi inamla ifadə etdi. Ən çətin məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə məsuliyyəti öz üzərinə götürən, məqsədinə çatan, İkinci Qarabağ müharibəsinə qədərki dövrdə bütün beynəlxalq arenalarda, ən yüksək kürsülərdən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu «Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması danışıqların mövzusu ola bilməz”» həqiqətini qətiyyəti ilə bildirən, «Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir… Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz» sözlərinə 44 gün davam edən Vətən müharibəsində qazandığımız Zəfərlə möhür vuran Prezident İlham Əliyev prinsipiallığı ilə bütün maneələri dəf etdi. 44 gün ərzində informasiya cəbhəsində, diplomatiyada durmadan, dincəlmədən sözün əsl mənasında vuruşan dövlət başçımızın bu qətiyyəti qarşısında «qeyri-kafi» qiymət alan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də « sinifdə qaldılar.»
Təəccüblü odur ki, Vətən müharibəsinin davam etdiyi günlərdə belə Ermənistanı dəstəkləyən dövlətlərin təlimatlandırdıqları jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana qarşı qərəzli informasiya müharibəsini davam etdirərək təxribat xarakterli əməllərindən əl çəkmədilər. Prezident İlham Əliyev isə belə sualların «müəlliflərini» məntiqli cavabları ilə susdurur, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə xalqımızın haqlı olduğunu faktlarla sübut edirdi.
Azərbaycanın Ermənistanın işğalı altında qalan torpaqlarında erməni vandallarının törətdikləri vəhşilikləri görsələr də haylara dəstək münasibətlərini «Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır» sualı ilə bildirən Almaniyanın ARD televiziya kanalının əməkdaşına Prezident İlham Əliyevin cavabı ədalət dərsi, diplomatik şillə idi: « Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.»
Ermənistanın havadarlarının təlimatlandırdıqları ABŞ-ın «Fox News»” televiziya kanalını təmsil edən jurnalistin məkrli «… Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz”» sualını «Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər» sözləri ilə cavablandıran Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan xalqı bu müharibədə haqq-ədalət uğrunda vuruşdu və qalib gəldi.
«Əl-Ərəbiyə»” televiziya kanalına müsahibəsində bölgədə gərginliyi artıran Fransanın qərəzli mövqeyinə sərt münasibətini «Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar» sözləri ilə bəyan edən dövlət başçımız ölkəmizə qarşı təxribatlar törədən, aksiyalar təşkil edən, Azərbaycanın haqq işinə qərəzli yanaşanları məntiqli açıqlamaları, ədalətin hökmü, zamanın diktəsi ilə susdurdu.
Bakıda keçirilən « Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik» mövzusunda konfransın iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlət başçımızın bütün zamanlar üçün aktual, xarakterik olan uzaqgörən siyasətinin bariz nümunəsidir.
26 fevral 2021-ci ildə, Xocalı soyqırımının ildönümünə təsadüf edən mətbuat konfransının bəzi məqamlarını xatırlayaq. Xarici və yerli jurnalistlərlə görüşüb, sualları təmkinlə cavablandıran, Vətən müharibəsinin başlanma səbəbləri, hərbi əməliyyatlarda Azərbaycanın üstünlükləri, Ermənistanın fərari ordusu barədə ətraflı məlumatları ilə jurnalistləri heyrətləndirən Prezident İlham Əliyevin uzaqgörənliyinə hər kəs heyran oldu.
Böyük Britaniyadan olan müstəqil jurnalistin «Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım» sözləri dövlət başçımızın liderlik təcrübəsinin, şəxsi nüfuzunun, siyasi hazırlığının və qətiyyətinin nümunəsi kimi tarixə yazıldı.
İkinci Qarabağ müharibəsi zamanı açıqlamaları ilə sonra baş verəcək hadisələrə «bələdçilik» edən dövlət başçımızı həmkarlarından fərqləndirən, anoloqu olmayan xüsusiyyətlərindən biri də gələcəyi keçmişin gözü ilə dəyərləndirməsi, təhlil etməsidir.
İranın Mehr agentliyinin təmsilçisinin region üçün təhlükə olan terrorçuluğa qarşı «kollektiv mübarizə» ilə bağlı, düzgün ünvana istiqamətləndirilməyən sualını da məntiqlə, regionda yaranan reallıqlara uyğun cavablandıran dövlət başçımızın «Bir məsələni aydınlaşdırmaq istəyirəm. Siz müharibə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırsınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?» sözləri məsuliyyətdən və obyektivlikdən qaynaqlanan yanaşma idi. Qeyri-obyektiv, müəmmalı cavabı ilə çaş-başlıq yaradan iranlı jurnalistin «Region ölkələrindən olan xəbər agentlikləri belə məlumat yayırdılar. İcazənizlə onların adlarını çəkməyim» sözlərinin ittiham xarakterli olduğunu ilk baxışdan sezən dövlət başçımız qarşısındakına peşə dərsi keçərək, jurnalist etikasını xatırladaraq bildirdi ki, istənilən məlumat haqqında danışmaq olar, ancaq mənbə region, ölkə qeyd edilməlidir. Mənbə göstərilmədən kimisə ittiham etmək asandır. Dediyinizin arxasında dayanmaq daha çətindir. Nəticədə Prezident İlham Əliyevin qətiyyəti , prinsipiallığı qarşısında günahını «Cənab Prezident, mən üzr istəyirəm, ancaq zənnimcə, mənim terrorçu qruplarla bağlı sualım yanlış anlaşıldı. Mən Azərbaycan tərəfindən terrorçu qrupların fəaliyyətini nəzərdə tutmurdum. Mən Qarabağ müharibəsi zamanı regionda İŞİD kimi qrupların fəaliyyətini nəzərdə tuturdum» sözləri ilə etiraf edən iranlı jurnalistin bədniyyətli cəhdi baş tutmadı.
Azərbaycana qarşı ədalətsizliklə mübarizə aparan Prezident İlham Əliyev xüsusilə müstəqil olmayan media şirkətlərini obyektivliyə səsləyir, tövsiyələrini verirdi. «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun… Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı.»
Gəbhə bölgəsində xalqımıza uğur qazandıran döyüşlərə komandanlıq edən, diplomatiyada ölkəsinin maraqlarını prinspiallığı ilə qoruyan, haqlı mövqeyindən geri çəkilməyən, informasiya cəbhəsində həqiqətlərin dünyaya çatdırılması işinin yükünü çiyinlərinə götürən Prezident İlham Əliyev qətiyyəti, siyasi hazırlığı ilə beynəlxalq münasibətlərdə liderliyin şəxsiyyət formulunu təzələdi. Düşünülmüş məntiqi , məramı qalibiyyət ruhunda formalaşan dövlət başçısı kimi xalqı arxasınca apardı.
ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq»” adlı beynəlxalq konfransda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.
Müsahibələrində şəffaflığa, obyektivliyə, sistemliliyə, operativliyə üstünlük verən Prezident İlham Əliyev «Jurnalistlərin dostu» olmaqla jurnalistika peşəsini incəliklərinə qədər mənimsədiyini göstərdi.
Həqiqəti faktlarla, hadisələri müasir dünya siyasəti baxımından təhlil edən dövlət başçımızın çıxış etdiyi auditoriyanın anlayacağı dildəki açıqlamaları, təxribat xarakterli sualları belə emosiyasız, praqmatik düşüncə tərzi ilə savablandırması yüksək intellektin, diplomatik məharətin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dünya siyasətində nadir rast gəlinən lider kimi böyük nüfuz qazanıb.
Bir zamanlar «Siz də yəqin ki, razılaşarsınız ki, əvvəlki dövrdə daha çox biz deyirdik, biz də eşidirdik. Sanki biz özümüz-özümüzə nəyisə sübut etməyə çalışırdıq. Bu, vacib idi. Vacib idi, məsələni gündəlikdə saxlamaq üçün, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün» söyləyən Prezident İlham Əliyev bildirir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir.
«O ki qaldı, tövsiyələrə, sözün düzü, mən bundan bir qədər uzağam. Çünki Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin» söyləyən Prezident İlham Əliyevin informasiya savaşında parlaq qələbəsi düşmənlərin gözünü kor etdi. Hər kəs əmin oldu ki, cənab İlham Əliyev təkcə hərb meydanında, diplomatik müstəvidə deyil, elə informasiya müharibəsində də Azərbaycana qələbə qazandıran liderdir.
Xuraman İsmayılqızı, "İki sahil"