22 iyul 2025 11:55
111

“e-Tabib” mobil tətbiqində tibbi xidmətlərin qiymətləndirilməsi üçün yeni bölmə yaradılıb

İcbari tibbi sığorta hesabına əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinə ictimai nəzarətin təşviqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən “e-Tabib” mobil tətbiqinə yeni funksionallıq əlavə olunub. Artıq istifadəçilər istifadə etdikləri tibbi xidmətlərin keyfiyyətini təqdim olunan məmnuniyyət sorğusunda iştirak etməklə qiymətləndirə biləcəklər.

Bu barədə “İki sahil”ə İTSDA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni bölmə vətəndaşlara müraciət etdikləri tibbi xidməti, həmin xidməti göstərən həkimi və tibb müəssisəsini qiymətləndirməyə imkan verir.

Sorğuda iştirak etmək üçün “e-Tabib” mobil tətbiqinin əsas səhifəsində yerləşən “Müraciətlərim” bölməsinə daxil olmaq, daha sonra tibbi xidməti seçərək “İTS məmnuniyyət sorğusu” keçidinə klikləmək kifayətdir.

Bununla yanaşı, tətbiqdə bir sıra digər yeniliklər də yaradılıb:

- Əsas səhifəyə “Xəbərlər” bölməsi əlavə olunub. İstifadəçilər burada icbari tibbi sığorta sahəsindəki yeniliklərlə tanış ola biləcəklər;

- Maarifləndirici hekayələr bölməsi istifadəyə verilib. Bu bölmədə sağlam həyat tərzini təşviq edən və istifadəçiləri məlumatlandıran məzmunlar paylaşılır;

- “Sağlam və təhlükəsiz hamiləlik” adlı yaradılan yeni bölmədə hamilə qadınlara yönəlik faydalı məsləhətlər və tövsiyələr əks olunur.

Yenilənmiş “e-Tabib” mobil tətbiqi tibb müəssisələri ilə vətəndaşlar arasında daha şəffaf və qarşılıqlı əlaqəli münasibətin qurulmasına töhfə verməklə yanaşı, göstərilən xidmətlərin monitorinqi və davamlı təkmilləşdirilməsi üçün də vacib alətə çevrilir.