22 iyul 2025 17:15
132

Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi BMT-nin forumunda təqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) ABŞ-nin Nyu-York şəhərində təşkil etdiyi Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində keçirilən Nazirlər görüşündə çıxış edib.

“İki sahil” Komitəyə istinadla xəbər verir ki, o, Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib. Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlığa töhfə verdiyini diqqətə çatdırıb.

A.Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə sıx bağlı olduğunu və bu çağırışların daha qabarıq şəkildə məhz şəhər mühitlərində özünü göstərdiyini bildirib. Komitə sədri vurğulayıb ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin 70 faizədək hissəsi şəhərlərdə yaşayacaq və bu səbəbdən də şəhərlərin davamlı inkişafı qlobal gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır.

Həmçinin qeyd olunub ki, şəhər mühitinin düzgün planlaşdırılması və idarə olunması Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da həlledici rol oynayır və bu kontekstdə şəhərlərin baş planları inklüzivlik, təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıq baxımından əsas strateji alətlərdən biridir.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalmanın prioritet istiqamət olduğunu qeyd edən Komitə sədri ölkəmizin iqlim dəyişiklikləri və urbanizasiya sahəsində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsünün şəhərsalma ilə səhiyyə və iqlim siyasətləri arasında inteqrasiyanı təmin etdiyini bildirib.

Çıxış zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı şəhərsalma və bərpa işləri, işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "yaşıl enerji zonası" konsepsiyalarına uyğun şəkildə həyata keçirilən layihələr haqda məlumat verilib və bunun regional sabitliyə, iqtisadi dirçəlişə və dayanıqlı inkişaf hədəflərinə xidmət etdiyi qeyd edilib.

Komitə sədri həmçinin 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası haqqında məlumat verib. O, Forumun şəhərsalma sahəsində qabaqcıl təcrübələrin bölüşməsi, tərəfdaşlıqların gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu bildirib və bütün ölkələri, beynəlxalq təşkilatları bu mühüm tədbirdə fəal iştirak etməyə dəvət edib.

2013-cü ildən etibarən hər il təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal səviyyədə nəzərdən keçirilməsi və onların icrasının sürətləndirilməsi üçün əsas platforma hesab olunur. Bu il Forum 14-23 iyul tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Heç kimin geridə qalmaması naminə 2030 Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üçün davamlı, inklüziv, elmi və sübuta əsaslanan həllərin irəli aparılması” mövzusunda keçirilir.

Forum çərçivəsində A.Quliyevin BMT-nin Məskunlaşma Proqramı “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqda, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün Tərəfdaşlıq Platformasına dair Yüksəksəviyyəli Tədbirdə və bir sıra ikitərəfli görüşlərdə iştirakı nəzərdə tutulur.