Ermənistanda parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçiriləcəyi ilə bağlı açıqlamadan sonra ölkədə qalmaqalların əhatə dairəsi genişlənir. Sonuncu parlament seçkilərində Ermənistan baş naziri Nikol Paşinyanın «Vətəndaş Müqaviləsi» partiyası 54 faiz üstünlüklə 71 deputat kürsüsünü qazanmışdı. Baş nazirin komandası Ermənistan cəmiyyətinin müharibəni istəmədiyi, xalqın övladlarının başqa dövlətin torpaqlarında işğalçı olaraq ölməsinə etiraz etdikləri üçün növbədənkənar parlament seçkisində uğur qazanmışdı. Bu gün Ermənistanda baş verənlər, daim Rusiyanın əlində vasitə olan kilsə ilə dövlət arasında yaranan qarşıdurmalar, rəsmi Kremlin kadrları olan sabiq prezidentlərin kreslo uğrunda mübarizələri, Nikol Paşinyanın Qərblə Rusiya arasında yerdəyişmə seçimləri ictimai- siyasi vəziyyəti mürəkkəbləşdirir.
Kilsə-din amilindən istifadə etməklə Paşinyana qarşı birləşən qüvvələr ilk olaraq «Vətən naminə» Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın başçılığı ilə keçirilən yürüş və mitinqlərdə baş nazir əleyhinə təxribatlara başladılar. «İstefa» tələbləri səsləndirildi. Erməni Apostol Kilsəsi (EAK) ətrafında yaranan qalmaqallar dövlət-din münasibətlərini daha da kəskinləşdirdi. Baqrata dəstək verən Ümumerməni katolikosu II Qaregini müdafiə etməklə öz məqsədlərinə çatmaq istəyən sabiq prezidentlər Robert Koçaryanın və Serjik Sarkisyanın tərəfdarları meydanlarda göründülər. Paşinyanın Moskvadakı pravoslav kilsəsinə bağlı Ümumerməni kilsəsinin başçısını əxlaqsızlıqda, dini əqidəsinə zidd həyat tərzində ittiham edərək, onu «dələduz”» adlandırması Rusiyadakı din xadimlərini də narahat etdi. Müxalifyönümlü, başqa sözlə deyilsə rusiyameyilli iş adamlarının fəaliyyəti ilə bağlı aparılan yoxlamalar milyarderləri təşvişə saldı. Paşinyanın Ankaraya səfərindən, Əbu-Dabidə Prezident İlham Əliyevlə görüşündən, Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıtması, Zəngəzur dəhlizinin bərpası istiqamətində danışıqların sürətlənməsi ilə bağlı müzakirələrdən sonra daha da hiddətlənən antitürk qüvvələr baş nazirə qarşı birləşiblər. Hazırda seçim qarşısında olan Ermənistan ictimaiyyəti , siyasi dairələr biri-birindən fərqli vəziyyətdən çıxış yollarını axtarırlar. Antitürk, anti-Azərbaycan siyasətdən imtina, Rusiyanın kadrı olan II Qarageni uzaqlaşdırmaqla yeni kilsə şəbəkəsi formalaşdırmaq, Paşinyanın irəli sürdüyü « Real Ermənistan» konsepsiyasını qəbul etmək, daşnakların əsrlərdən bəri xəyallarında yaşatdıqları sərsəm «dənizdən dənizə böyük Ermənistan»” xəyalları, yeni konstitusiyanın qəbulu, qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq… Suallar çox olduğu kimi, problemlərin həlli yollarının müxtəlifliyi ilə bağlı açıqlamalar İrəvanın siyasi həyatını cəhənnəmə çevirib. Baş nazir 7 ili arxada qalan hakimiyyətinin davamını istəyir. Yeni dövrə yol isə islahatlar tələb edir. Ən əsası odur ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın dövlət kimi mövcudluğuna təminat ola bilər. Bu, həm də yeni Ermənistan qurmağın yoludur.
Rusiya ilə münasibətləri kritik həddə olan Ermənistanın baş naziri Nikol Paşinyanın qədim türk torpağı Altayda keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirakı, Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı dayanması da əlavə söh-söhbətə səbəb olub. Son vaxtlarda Paşinyanı gözdən salmağa çalışan Moskvanın İrəvana yenidən «jestini» Kremlin geosiyasi oyunlarının növbəti şousu hesab edən qərbyönümlülər bu «yaxınlaşma» ilə razılaşmırlar. Ölkəsinin Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirən Paşinyan belə iki ölkə arasındakı münasibətlərə dağıdıcı təsir göstərən şəxslər olduğunu təsdiqləyib. İrəvanda Zəngəzur dəhlizinə fərqli yanaşmalar isə ölkədə daha çox ajiotaj yaradıb. Dəhlizlə bağlı müzakirələrin intensivləşməsi, sülh müqaviləsinin imzalanması istiqamətində ümidverici informasiyaların yayılması, Rusiyanın Gümrüdəki 102-ci bazasına yeni texnika və hərbçilər daşıması fərqli məlumatlar olsa da nəticədə bir ölkənin daxilində ziddiyyətlrin yaranması üçün əsas səbəblərdəndir. Paşinyanı Türkiyə və Azərbaycanın mənafeyinə xidmətdə günahlandıran Rusiya meyillilərlə Qərbə üz tutanlar arasında güclənən rəqabət, dövlət-din münasibətlərinin dramatik səviyyəyə qalxması ölkədə davam edən çoxprofilli münaqişələri gərginləşdirir. Paşinyanla razılaşmayanlara, onun sülh sazişi ilə bağlı danışıqlar masasında güzəştlərini pisləyənlərə qarşı təmizləmə prosesi 2026-cı il seçkilərinə qədər davam edəcək. Təbii ki, bu məsələdə maneələr də olacaq. Revanşistlər xalqı Azərbaycanla müharibəyə təhrik edir. Sərhəddə atəşkəsi pozmaqla fövqəladə vəziyyət elan etmək, bununla da parlament seçkilərini yubatmaq iətəyənlər də vardır. Hazırda davam edən «beşinci kolon»u zərərsizləşirmək variantı da qüvvədədir. Hətta seçki saxtakarlığı tərəfdarları da bu istiqmətdə planlarını həyata keçirirlər.
Amma bütün hallarda ən səmərəli variant bölgədə sabitliyin yaranması üçün sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinn açılması olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»