02 may 2026 14:07
152

Elçin Əmirbəyov: Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür

Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın Formiche.net portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ən əsası bu, yeni ideya deyil: "Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen 2022-ci ilin iyulunda Bakıya səfər edərkən Aİ və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənədin məqsədi Cənub Qaz Dəhlizi infrastrukturunun genişləndirilməsi və beləliklə də 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə ixracının ikiqat artırılaraq, ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasıdır".

E.Əmirbəyov bildirib ki, bu proses artıq başlayıb: "Biz həmin hədəfə doğru irəliləyirik. TAP-ın genişləndirilməsi istiqamətində birinci mərhələsi 2026-cı ilin yanvarında istismara verilib və bu, Avropaya illik 1,2 milyard kubmetr əlavə ötürmə gücü qazandırıb. Bu əlavə həcmin 1 milyard kubmetri İtaliyaya yönləndirilir. Bu, dəhlizin statik olmadığını, əksinə, Avropanın enerji ehtiyaclarına cavab olaraq davamlı inkişaf etdiyini göstərir".

Xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib ki, eyni zamanda, daha çox iş görmək üçün aydın potensial mövcuddur: "Azərbaycan Avropaya qaz tədarükünü artırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin bunun üçün Cənub Qaz Dəhlizinin infrastrukturunun daha da genişləndirilməsi tələb olunur. Bu isə hasilatın və qaz kəmərinin ötürücülük qabiliyyətinin artırılması məqsədilə yeni investisiyaların cəlb edilməsini zəruri edir. Hazırkı geosiyasi qeyri-müəyyənlik şəraitində bu ötürmə gücünün genişləndirilməsi getdikcə daha çox Avropanın strateji maraqlarına cavab verir. Burada maliyyələşmə həlledici əhəmiyyət daşıyır. Avropa enerji təchizatı mənbələrini şaxələndirmək istiqamətində səylərini davam etdirərkən, müvafiq Avropa İttifaqı institutları zəruri investisiyalar üçün maliyyə şəraitinin yaradılmasına mühüm töhfə verə bilər".