29 iyul 2025 02:51
153

Cənubi Qafqazın sabitlik, təhlükəsizlik məkanına çevrilməsi əsas hədəflərdəndir

Dövlət başçısı İlham Əliyev III Şuşa Qlobal Media Forumundakı çıxışında regionun əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olduğunu,  Qafqaz xalqlarının çox əziyyət çəkdiyini əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı

«Əgər işğal olmasaydı, azərbaycanlıların vəhşiliklə, dağıntılarla, soyqırımları ilə deportasiyası baş verməsəydi, Cənubi Qafqazda vəziyyət tamamilə başqa cür olardı. Cənubi Qafqaz iqtisadi, siyasi, nəqliyyat və hər şeydən əvvəl, enerji baxımından çoxdan inteqrasiya olunmuşdu. Hər şey yaxşı olardı, bu qədər vaxt itirilməzdi. Səbəb bizdə deyil, səbəb Sovet İttifaqı dağılandan bəri Ermənistanı idarə edən rejimlərin işğalçı xarakterindədir. Onların heç biri azərbaycanofobiyası və Azərbaycana qarşı motivi olmayan təcavüzü ilə bir-birindən xüsusilə fərqlənmirdi.» Dövlət başçısı İlham Əliyev bu günlərdə Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışında onu da əlavə etdi ki, indi biz özümüzə məxsus olanı qaytarmışıq və hamı bununla barışıb, bəli, mən ciddi ziddiyyətlər görmürəm.

Azərbaycanın xarici siyasəti açıq və çoxşaxəlidir. Qarşılıqlı etimad mühitinin, münasibətlərdə səmimiyyətin qorunması, ən əsası yürüdülən siyasətin gələcəyinə inam hissi dövlətimizin xarici siyasət kursunun əsas prinsipləri sırasındadır. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan müharibədən dərhal sonra  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə  yeni səhifənin açılması məqsədilə qarşı tərəfə sülh təklifini etdi. Ölkəmizin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən 5 ildə sülh müqaviləsinin imzalanması istiqamtəində atdığı addımların davamlılığına diqqət yetirmək kifayətdir. Müxtəlif məkanlarda və  tərkibdə keçirilən görüşlər sülh müqaviləsinin imzalanmasına gedən yolun yaxınlaşmasında  stimulverici amilə çevrildi. Lakin bütün hallarda  Azərbaycan dövlətini düşündürən, narahat edən məqam  etimad mühitinin yaradılması və onun qorunmasının mümkünlüyü məsələsi oldu. Dövlət başçısı İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında son illərin reallıqları fonunda sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara  söykənərək «Amma erməni həmkarımla uzun diskussiya zamanı müzakirə etdiyimiz mövzulardan biri də tərəflər arasında etimadın çox aşağı səviyyədə olması idi. Bu, tamamilə başadüşüləndir» söylədi və bildirdi ki, bizə gəlincə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir zəmanət var? Etimologiyanı, şüurun təkamülünü nəzərə alsaq, mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın.  Buna görə də sülh sazişinin mətni razılaşdırılıb: «Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb. Biz sadəcə olaraq, Əbu-Dabidə baş verənləri şərh etmədik. Fikirləşdik ki, kommünikenin birgə mətni üzərində razılığa gəldiyimiz üçün şərh ediləcək heç nə yoxdur. Amma erməni tərəfi həmişə olduğu kimi, öz şərhləri ilə təfərrüatları ortaya qoymağa çalışır.»

Cənab İlham Əliyev həmin çıxışında bu məsələni də tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, prosesin əvvəlinə qayıtdıqda məhz Azərbaycan sülh prosesinin təşəbbüskarı olmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupunun üçlüyü hələ də çalışırdı, Bakıya səfər edirdi.

Sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan və bunu atdıqları addımlarda qabarıq şəkildə nümayiş etdirən bəzi dünya gücləri hər vasitə ilə  Ermənistanı yayındırmağa, müxtəlif bəhanələrlə diqqəti yayındırmağa çalışdılar. Bunun üçün sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gətirildiyi vaxtdan  2023-cü ilin sentyabrına, yəni Silahlı Qüvvələrimizin bir günlük həyata keçirdikləri antiterror tədbirləri nəticəsində  suverenliyimizn tam bərpasına qədər  olan dövrə nəzər salmaq kifayətdir. Müxtəlif məkanlarda  keçirilən müxtəlif tərkibli görüşlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın beynəlxalq hüquqa söykənən 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini dəstəklədiyini bildirdiyi halda, görüşdən dərhal sonra başqa mövqe ortaya qoymağa səy göstərdi. Havadarlarının Qarabağ probleminin hələ həll edilmədiyi barədə səsəlndirdikləri qeyri-ciddi fikirlər Ermənistanın bir-biri ilə ziddiyyət təşkil edən  hərdən bir yanaşma  nümayiş etdirməsi ilə  müşayiət olunurdu.  Cənab İlham Əliyev Forumdakı çıxışında da qeyd etdi ki, Ermənistanın  müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi: «Biz onlara dedik ki, baxın, birincisi, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni, nəyin üzərində israr edəcəksiniz?»

Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və  hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Ötən ilin fevralında  müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbədən sonra cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu  bir daha sübut etdi:  «Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər» söyləyən cənab İlham Əliyev bildirdi ki, birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir: «Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.»

Ötən ildən etibarən ölkə Prezidenti İlham Əliyev ilə  Ermənistanın baş naziri Nikol Paşinyanın  vasitəçilərin iştirakı olmadan  keçirdikləri görüşlərin uğurlu nəticələri bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Sülh müqaviləsinin şərtləri Ermənistan rəhbərliyi tərəfindən qəbul olunur. Artıq bu prosesin yaxınlığındayıq. Təkcə iki şərtin-Ermənistan konstitusiyasında dəyişikliyin edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması şərtlərinin yerinə yetirilməsi qalır. Bunlar da həyata keçirildiyi təqdirdə sülh müqaviləsini imzalanması qaçılmazdır. 30 illik işğal dövründə  missiyasının nədən ibarət olduğunu anlamayan ATƏT-in Minsk qrupunun tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından sonra  fəaliyyətini davam etdirməsinə  ehtiyacın olmadığı artıq Ermənistan tərəfində də çox yaxşı dərk edilir.

Tarixi Zəfərimizdən sonra Azərbaycan Prezidenti tərəfindən  səsləndirilən çağırışlar  30 illik işğal dövründə də gündəmdə saxlanılırdı. Onlardan biri təbii ki, BMT-də islahatlara böyük ehtiyacın olması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi idi. Dövlət başçısı İlham Əliyevin «Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır: «Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir» çağırışı özündə bütün məqamları ehtiva edir.»

Azərbaycan 30 il dünyadan ədalət gözlədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, həmçinin erməni silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapsa da bu sənədlərin icrası müşkülə çevrildi. Onu da nəzərə alaq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü ATƏT-in keçmiş  Minsk qrupunun həmsədrləri idi. 30 il ərzində  işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə böyük maneə yaradacağını bildirən həmsədrlər məsələnin sülh yolu ilə nizamlanacağına əminlik yaratmağa çalışdılar. İmitasiya naminə danışıqlara dəstək olan bu dövlətlər belə yanaşmanın hansı faciələrə gətirib çıxardığının şahidinə çevrildilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini təkbaşına icra etdi. Ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu sübut etdi. Dünyaya edilən çağırışlar uğurlu gələcəyin aydın mənzərəsini yaratdı.

Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan bu gün qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək dövlətlər və xalqlar arasında  birliyə, həmrəyliyə nail olmağa çalışır.  Cənab İlham Əliyevin çıxışlarında bu çağırış da xüsusi qeyd edilir ki, artıq  münaqişə həll olunub, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq. İşğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər.

Çıxışlarında İkinci Qarabağ müharibəsində Zəfərimizi  şanlı tariximiz kimi dəyərləndirən cənab İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl,  böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərdi. Baxmayaraq ki, illər keçdikcə  ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, torpaqlarımızı əbədi işğal altında saxlayacaqlarını düşünürdülər. O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik.

Müharibədən keçən dövr ərzində Azərbaycan  öz prinsipial mövqeyini bütün məsələlərdə- həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı bildirdi. Vasitəçilərə ehtiyacın olmadığı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il Qazaxın dörd kəndinin heç bir vastiəçiyə ehtiyas olmadan geri qaytarılması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlu nəticəsi, növbəti diplomatik uğuru oldu.

Cənubi Qafqazın  sabitlik,  təhlükəsizlik məkanına çevrilməsi əsas hədəflərdəndir.  Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi artıq sülh şəraitində yaşamağımızı şərtləndirir. Beynəlxalq hüququn, ədalətin yanında olan Azərbaycanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə  atdığı addımlar bu məqsədlərə xidmət edir. Bütün hallarda  regionda dayanıqlı sülhün təmin edilməsi əsasdır. 30 il torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan  olsa da yenə də sülh gündəliyinin müəllifi kimi  Ermənistana  münasibətlərdə yeni səhifənin açılması üçün sülh təklifini etdi.

Hazırkı dövr, həmçinin yeni dünya nizamının formalaşdığı bir mərhələdir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən  siyasəti  ədalətli dünya nizamının formalşmasında əhəmiyyətli rol oynayır. Qarşılıqlı etimad mühitinin yaranması üçün ölkəmizin göstərdiyi səylər, verdiyi töhfələr daim  beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. III Şuşa Qlobal Media Forumunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsini şərtləndirən amillərə xüsusi diqqətin göstərilməsi, bununla bağlı çoxsaylı suallara cavab axtarılması dövlətimizin uğurlu siyasətinin, dünyaya təqdim etdiyi inkişaf modelinin göstəricisidir. Azərbaycan sülh və əməkdaşlıq gündəliyinin müəllifi olaraq daim beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirəcək, yeni körpülərin qurulmasını təmin edəcək.

Yeganə Əliyeva, «İki sahil»