29 iyul 2025 10:12
110

DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən “İki sahil”' verilən məlumata görə, müraciətdə deyilir: "Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.

Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.

Nazik və hündürdabanlı, topuqlu, arxasıaçıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.

Təhlükəsizliyinizi düşünün - özünüzü və digərlərini qoruyun!"