29 iyul 2025 10:25
137

Gürcüstandan gələn nümayəndə heyəti BDU-da olub

Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, qonaqları salamlayan rektor Elçin Babayev belə görüşlərin Azərbaycan və Gürcüstan arasında mövcud olan əlaqələri möhkəmləndirməklə yanaşı, təhsil və elm sahələrində əməkdaşlıq, akademik mübadilə və birgə tədqiqat təşəbbüsləri üçün yeni imkanlar açdığını qeyd edib. O, BDU ilə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığı genişləndirməyin zəruri olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, BDU Gürcüstanın nüfuzlu elm və ali təhsil müəssisələri ilə dinamik əməkdaşlığa hazırdır. Bu tərəfdaşlıq qarşılıqlı müəllim, tələbə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini, müxtəlif istiqamətlər üzrə ikili diplom proqramlarının imzalanmasını əhatə edə bilər.

Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze Azərbaycanın ən böyük və qədim universitetində olmaqdan məmnunluğunu ifadə edib, Gürcüstan-Azərbaycan əlaqələrinin sürətlə və yüksək səviyyədə inkişaf etdiyini deyib. O, Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılmasının xalqlarımızın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Görüşdə BDU ilə Gürcüstanın ali təhsil müəsisələrinin təhsil, elm sahələrində əməkdaşlığının yeni mərhələyə yüksəlməsi istiqamətində müzakirələr aparılıb.