29 iyul 2025 22:18
223

 Vətən müharibəsində tarix yazan igid

İkinci Qarabağ müharibəsində canından keçərək xalqımızın qəhrəmanlıq salnaməsinə  adını yazdıran igid Vətən sevdalısı Əli Malik oğlu Feyziyevin 32 yaşı tamam oldu.  Əli cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayır və hər an böyük məhəbbətlə  xatırlanır. Doğulub boya-başa çatdığı Astara rayonunun Ərçivan  qəsəbəsində  doğum gününə yığışan insanlar bu əbədi sevgini  bir daha göstərdilər.  Mərasim iştirakçıları ölümsüzlüyə qovuşan öz qəhrəman oğlunun  yatdığı torpağa baş çəkdilər, ehtiram əlaməti olaraq məzarının önünə təzə gül dəstələrini qoydular.

Çıxışlar zamanı bildirildi ki, adı hamımıza əziz olan, onunla qürur duyduğumuz Əli heç vaxt unudulmaz. Çünki o, Vətənin azadlığı, öz xalqının xoşbəxt günləri üçün canından keçib. Ömür yolu çox qısa oldu, amma doğma Azərbaycanına sonsuz məhəbbət mücəssəməsinə dönərək  gələcək nəsillər üçün örkən olacaq bir tarix qoyub getdi. Fəqət, torpaq şəhidlərin qanı ilə Vətən olur. Şəhidlər heç vaxt ölmürlər. Onlar günəş ömrünü yaşayırlar. Bizim Əli də belə. Harada bir günəş müqəddəsliyi var, onun sorağı oradan gəlir.

Onu da bildirək ki, Əli Malik oğlu 44 günlük haqq savaşımıza könülü gedib. Füzuli, Cəbrayıl, Şuşanın azadlığı uğrunda gedən ölüm-dirim  döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib. Mərdliyi, cəsarəti, yurda sevgisi döyüşdən-döyüşə ona  güc verib. Dığaların kabusuna çevrilən igid Əli  8 noyabrda Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub. Müharibə meydanında göstərdiyi şücaəti ölümündən sonra Cəbrayılın, Xocavəndin, Şuşanın azadlığına görə, “Vətən uğrunda”,  “Cəsarətli döyüşçü” medallarına layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü