30 iyul 2025 08:05
164

Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” layihəsinin kəsişmə nöqtəsi olacaq 

Zəngəzur dəhlizi artıq beynəlxalq dairələrin diqqət mərkəzindədir. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zəngəzur dəhlizinin ABŞ-a icarəyə veriləcəyi ilə bağlı məlumatlardan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələnin Ermənistan baç nazirinin administrasiyasına aid olduğunu bildirib. Bildirib ki, bu məsələdə Azərbaycanın maraqları türk ölkələri ilə əlaqəni asanlaşdırmaq, sıxlaşdırmaq  və ticari münasibətləri irəli aparmaqdır.

ABŞ-ın Ermənistanla  tərəfdaş olmasının ən mühüm səbəblərindən biri bəzi dövlətlərin dəhliz məsələsində aranı qarışdırmasına imkan verməməkdir. Bununla belə, Azərbaycan və Türkiyənin mövqeləri fərqlidir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyənin Zəngəzurda “kirayəçi” olmaq istəmədiklərini açıq şəkildə bəyan ediblər. Rəsmi İrəvanla danışıqlar müəyyən nöqtəyə çatıb. Türkiyə və Azərbaycan koordinasiyalı fəaliyyəti saxlayır. Çünki bu 41 kilometrlik dəhliz hər şeydən əvvəl türk dünyası üçün birləşdirici körpü olacaq.

Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” layihəsinin kəsişmə nöqtəsi, həm də Şərq-Qərb oxları boyunca yeni ticarət və enerji tranziti olacaq.  Buradan kəmərə Çin öz maraqları üçün birləşdiriləcək. Çinlilər bu nəqliyyat layihəsini “bizim dəhliz” adlandırmaqla onun açılmasında nə qədər maraqlı olduqlarını bildiriblər.

Məlumdur ki,  gələn ilin iyununda Ermənistanda seçkilər keçiriləcək. Ona görə də Zəngəzur məsələsi bu il ərzində qəti şəkildə həll olunacaq. Şübhəsiz ki, Azərbaycan Türkiyəsiz heç bir addım atmayacaq. Hər şey ən xırda təfərrüatına qədər hesablanıb.

Məqalənin davamında vurğulanıb:  “Bakıda söhbət etdiyimiz yüksək vəzifəli məmur dəhlizdən milyardlarla dollar qazanc əldə edə olunacağını deyib. Dəhliz Türkiyənin 40, Azərbaycanın 40, Ermənistanın isə 20 faiz payı ilə fəaliyyət göstərəcək”.

Bu cür pay bölgüsü ilə Ermənistan özü də razıdır. Niyə də olmasın? Heç bir ciddi sərmayə qoymadan ildə yüz milyonlarla dollar xalis gəlir əldə edəcək, bununla da geri qalmış iqtisadiyyatını inkişaf etdirəcək, əhalisinin sosial rifah halını bir qədər də yaxşılaşdıracaq. Qrantlar, yardımlar və borclar hesabına yaşayan bir ölkə üçün bu, göydəndüşmə fürsətdir və onu əldən buraxmaq ağılsızlıq olardı. Görünən odur ki, baş nazir Nikol Paşinyan kilsə xadimlərinin, daşnakların və revanşistlərin müqavimətini qıraraq Zəngəzur dəhlizini türk dünyasının üzünə açmağa hazırdır. Lakin onun qarşısını kəsən iddialı qüvvələr var. Ümumiyyətlə, Nikol Paşinyanın müəllifi olduğu “real Ermənistan” ideyasında heç bir dövlətə qarşı ərazi iddiası nəzərdə tutulmur. Ancaq bu, sağalmaz  “erməni xəstəliyi”nə düçar olmuş anormal düşüncəli toplumun bir qismini narazı salıb. Həmin qism isə baş nazir Nikol Paşinyanın devrilməsindən başlayaraq terror olunmasınadək  hər şeyə çalışır. Həmin qism hər fürsətdə Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmağa cəhd göstərir. Daxildəki narazı qruplar yerlərində oturdulsa da xarıci təsirlər hələ qalmaqdadır. Onlar ərazinin sahibi olan Ermənistanı hədələməklə, əzələ nümayiş etdirməklə ram etmək və dəhlizin açarlarını almaq üçün sonadək geri çəkilmək fikrində olmadıqlarını gizlətmirlər.

Türkiyə nəşri Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı açıqlamasına da diqqət çəkib: “Azərbaycan lideri Zəngəzur dəhlizində Türkiyə ilə birlikdə irəlilədiklərini bəyan edib: “Biz istəyirik ki, hər şey danışıqlar yolu ilə həll olunsun. Ancaq bizi qəzəbləndirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik. Zəngəzur dəhlizi açılmalıdır, açılacaq. Türkiyənin xeyrinə olan bizim də maraqlarımızdır.”

Ancaq dediyimiz kimi, elə dövlətlər də var ki, onların məqsədi dəhlizə nəzarəti ələ keçirmək və ondan digər iştirakçı ölkələrə təsir və təzyiq vasitəsi kimi istifadə etməkdir. Onlar otuz beş il əvvəlki kimi davranır, müstəqillik qazanmış ölkələrin yerində saydığını hesab edirlər. İndiyədək Azərbaycanı zəif dövlət hesab edənlər kobud səhvə yol verdiklərini ya görmürlər, ya da görmək istəmirlər. Ancaq anlamalıdırlar ki, hazırda Cənubi Qafqazda hər hansı iqtisadi layihə Azərbaycanın və Türkiyənin razılığı olmadan həyata keçirilə bilməz. Bu həqiqəti zaman və siyasi, hərbi-iqtisadi güc diktə edir. O ki qaldı Azərbaycanın gücünə 2020-ci ilin payızında onu bütün dünya gördü.

Vəli İlyasov, “İki sahil”