29 iyul 2025 20:25
142

Lu Mey: Bu, Çin-Azərbaycan əlaqələrində yeni tarixi mərhələ açıb

Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdır. İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 33 il ərzində əlaqələrimiz sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq dövlətlərimizin inkişaf və dirçəlişinə güclü təkan verib, xalqlarımıza real faydalar gətirib.

“İki sahil” xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

“Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Prezident Si Cinpin və Azərbaycan lideri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması barədə Birgə Bəyanat imzalayıblar. Bu, Çin-Azərbaycan əlaqələrində yeni tarixi mərhələ açıb. Çin dövlət başçılarımızın əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsi və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycanla birgə işləməyə hazırdır”, - deyə Lu Mey vurğulayıb.