30 iyul 2025 21:50
172

Şanlı tariximizin ən şərəfli səhifəsinin qəhrəman oğlu

44 günlük haqq savaşımız ulu  tariximizin ən şərəfli səhifəsinə dönərək heç vaxt unudulmaz.  Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında   rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 30 ilə yaxın erməni separatçılarının  işğalında qalmış əzəli  yurd yerimiz olan Qarabağımızı qanı bahasına azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Bu tarixi zəfərdə qəhrəmanlıq, şücaət  göstərərək şəhidlik zirvəsinə ucalan Vətənin qeyrətli övladı  baş leytenant Asif Məmməd oğlu Kərimovun adı  xalq tərəfindən qürurla çəkilir. Zaman keçəcək baş leytenantın Vətəninə bağlı ömür yolu  gələn nəsillərə də örnək olacaq. Çünki qanı ilə torpağı Vətən edən igid, mərd oğullar heç vaxt ölmürlər.  Şəhid Asif Kərimov da belə. Vətənin azadlığı uğrunda polad sinəsini namərd gülləsinə sipər etməklə o, torpağa gömülmədi, yeni bir həyat yaşamaq üçün ünyetməz, əlçatmaz ulduzlu göylərə ucaldı. Bu hər kəsə nəsib olmur. Eləcə də baş leytenantın  ölümündən sonra dövlət tərəfində layiq görüldüyü  “Vətən uğrunda”, “Hərbi xidmətə görə”,  Cəbrayılın, Qubadlının azadlığı uğrunda medalları müqəddəs şəhid adına daha bir şərəf qatıb.

Asif Kərimov 1989-cu ildə Cəlilabad rayonunun Ləzran  kəndində dünyaya göz açıb. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. Gün-güzəranı yaxşı olsa da, canından əziz tutduğu Vətən torpaqlarının yağı tərəfindən işğal olması onu rahat buraxmayıb və düşməndən qisas alacağı günü gözləyib. Odur ki, 2020-ci ilin 27 sentyabrda həmin məqam yetişəndə Asif könülü ön cəbhəyə yollanıb, ən qaynar nöqtələrdə düşmənlə ölüm-dirim savaşına girib.  Ölümün gözünə dik baxmaqla həmişə öndə döyüşüb. Xeyli sayda ermənilərin  hərbi texnika, silah-sursatını və  canlı qüvvəsini məhv etməklə neçə-neçə döyüşün qəhrəmanı olub. Baş leytenant  rütbəsində   Füzulinin, Cəbrayılın və Qubadlının  azadlığı uğrunda   gedən ağır müharibə meydanlarında sözün əsl mənasında tarix yazıb. Vətən torpağının  hər qarışı uğrunda canından keçməyə hazır olan  baş leytenant Asif Kərimov 3 noyabr 2020-ci ildə Şuşanın  azadlığı istiqamətində gedən haqq savaşımızda yağıya qarşı döyüşə-döyüşə şəhid olub.  Doğulduğu Ləzran kəndində torpağa tapşırılıb. 

Həyat yoldaşı deyir  ki,  Asif  Vətəninə, xalqına çox bağlı idi.  Biz onunla həm dost, həm də sirdaş idik. Onun yoxluğuna dözmək  çox çətindir. O, müharibəyə yollananda  dedi ki,  ağlama, mən Vətən, torpaq üçün gedirəm. Övladlarımı sənə tapşırıram. Onun əmanət qoyduğu övladlarını- qızı Gülayını, oğlu Yusifi  arzu etdiyi kimi  böyüdürəm.  

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü