30 iyul 2025 22:25
167

Xocavəndin azadlığı uğrunda mərdliklə savaşan igid

 İkinci Qarabağ müharibəsində  minlərlə mətin, qeyrətli oğlumuz 30 il düşmən tapdağında olan Vətən torpaqların azadlığı uğrunda canından, qanından keçərək  şanlı tarix yazdılar. Beləcə 44 günə düşmən əsarətindən  çıxan  müqəddəs, ulu yurd yerimiz olan Qarabağın bağrına zəfər bayrağı sancanlardan  biri də 1987-ci il dekabrın 25-də Cəlilabadın Göytəpə şəhərində dünyaya gələn Muxtar Rəhim oğlu Babayev idi.   Muxtar həyatla tez vidalaşsa da, torpaq, Vətən uğrunda  canından keçməklə gələcək nəsillərə də örnək olacaq   şərəfli ömür yaşadı. Özü cismən olmasa da, adı şanlı hərb tariximizin bir hissəsi olmaqla , bütöv bir xalqın qəhrəmanlıq simvolu kimi çəkilir.

Muxtar Babayev  2006-ci ildən ürəyində mənfur düşmənə qarşı nifrət hissi cəbhə bölgəsində öz doğma Vətənin keşiyində durub. Nümunəvi xidməti, təlimlərdə fəallığı ona əsgər və zabitlərin  yanında yaxşı hörmət qazandırıb. Hamı onu  təmiz ürəkli, vicdanlı, qeyrətli, yurduna, torpağına bağlı  gənc kimi sevib. Sözün qısası, əsgərlik  həyatı mərdliklə, fədakarlıqla dolu olan Muxtar evə üzüağ qayıdıb...

Canına yağı dadanmış Vətəninin ağır günündə Muxtar heç cür rahat yaşamağı öz vicdanına sığışdıra bilməyib. Yerini hərbidə görən  Cəlilabadın igid oğlu  2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıdıb. Bir müddət təcrübə keçəndən sonra kiçik çavuş rütbəsində  müddətdən artıq həqiqi hərbi  qulluqçusu olaraq xidmət edib.  Həm də yurdunu yağı tapdağından azad etmək üçün döyüşə atılmaq məqamını gözləyib. Və başa düşüb  tezliklə o gün gələcək. Odur ki, ən ağır təlimlərdə fəallıq göstərib, müharibə meydanında yağıya amansız zərbələr vurmağa hazır durub.

 Nəhayət kisik çavuş Babayev 2016-cı ilin Aprel döyüşlərindı erməni dığaları ilə üz-üzə gəlib.  Vətənin qeyrətli oğlanları ilə bərabər Muxtarın vurduğu sarsıdıcı zərbələri nəticəsində düşmən hər gün çoxlu canlı qüvvə, texnika, hərbi sursat  itirərək  ağır məğlubiyyətlə qaçmağa üz qoyub. Nəticədə Lələ təpədə Azərbaycanın qələbə bayrağı ucaldan əsl qəhrəmanlardan biri də məhz Muxtar olub..

Düşməndən Vətənin qisası alınan gün-  27 sentyabr 2020-ci il gəlib çatıb. Ali Baş Komandanın verdiyi əmrə əsasən İkinci Qarabağ müharibəsi başlanıb. Yağıdan qisas almaq üçün alışıb, yanan Muxtar atıldığı ilk döyüşdə dığaların kabusuna çevrilib.  Vətən, torpaq məhəbbəti sayəsindən neçə-neçə ağır sınaqlardan zəfərlə çıxıb. Daha sonda Xocavəndin azadlığı uğrunda  mərdliklə savaşıb.  Noyabr ayın 2-də düşmən gülləsi Muxtarın ürəyinə  dəyib. Şəhid Muxtar Babayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü” və “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bəli, Muxtar kimi oğlanların qanı bahasına 44 günlük Vətən müharibəsi  Azərbaycanın, eləcə dünyanın hərb tarixinə qızıl hərflər yazıldı, xalqımızın kimliyi, mənliyi bir daha bütün millətlərə bəlli olundu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü