31 iyul 2025 00:49
230

ƏLİFBAMIZ NECƏ DƏYİŞDİRİLDİ?

Çox qədim dövrlərdən bəri göytürk və uyğur əlifbalarından istifadə edən türklərin V əsrdən başlayaraq bu əlifbalarla yaratdığı Orxon-Yenisey abidələri dünya mədəni irsinin ən mükəmməl nümunələrindən hesab olunur. Lakin qədim yazılı abidələrimizdə işlənən ortaq türk əlifbası sonradan işləklikdən qalmış türk xalqlarının hər biri yeni yazı sisteminə keçmişlər. Qaynaqlara əsasən, hələ e.ə. IV- bizim eranın III əsrlərində Azərbaycan ərazisində mövcud olmuş qədim Albaniyanın türkdilli əhalisinin 52 hərfdən ibarət öz əlifbası mövcud olmuşdur. Alban tarixçisi Moisey Kalankatuklu özünün “Alban tarixi” əsərində yazısı olan xalqlardan danışarkən albanların da adını qeyd edərək, alban əlifbasının təkmilləşdirilməsi üçün görülən işlərdən bəhs edir.

İslam dinin bölgədə yayılmasından sonra dini amillərin də təsiri ilə Azərbaycanda uzun əsrlər boyu ərəb əlifbası istifadə olunmuş, bu əlifba ilə Qətran Təbrizi, Xaqani Şirvanı, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif kimi görkəmli şairlərimiz böyük bir irs yaratmışlar. Lakin ərəb dili və onun əlifbası Azərbaycan dilinin quruluşuna uyğun olmadığı üçün ondan istifadədə bir çox çətinliklər meydana çıxırdı. Məlumdur ki, ərəb dili sami dillər qrupuna daxildir. Bu dillərdə isə sait səslər çox zəif inkişaf etmişdir və onları ifadə etmək üçün əlifbada xüsusi işarələr yoxdur. Yazıda saitlər yazılmır, ancaq sözün üzərində qoyulan müxtəlif işarələrlə göstərilir. Azərbaycan dilində isə saitlərin çox güclü mövqeyi var. Həmçinin ərəb əlifbasında hərflərin çoxlu yazılış formalarının olması, sözlərin sağdan sola yazılması da dilimiz üçün uyğun deyildi. Ona görə də ərəb əlifbasından istifadə yazı prosesində çox ciddi çətinliklər törədirdi. Məhz bu səbəbdən XIX əsrdə Azərbaycanın bir sıra mütəfəkkirləri ərəb əlifbasına qarşı çıxış edirdilər və onun dilimizin yazı tələblərinə cavab vermədiyi fikrini irəli sürürdülər. Bu problemləri aradan qaldırmaq üçün onlar müxtəlif əlifba layihələri hazırlamağa cəhd göstərirdilər. Bu sahədə ən çox çalışanlardan biri görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə idi. O, bir neçə əlifba layihəsi hazırlamışdır.

Əlifba islahatı məsələsi XIX əsrin sonu XX əsrin əvvəllərində bir çox ziyalılarımızı narahat edirdi. Məhəmməd ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov kimi mütəfəkkirlər öz tənqidi yazılarında tez-tez bu məsələyə toxunur, ərəb əlifbasının çətinliyini, onun xalqın inkişafına mane olmasını dönə-dönə qeyd edirdilər. Onların maarifçilik görüşlərinin əsasında xalqın savadlanması, oyanışı üçün əlifba problemi dayanırdı. Onların fikrincə, yeni əlifba, təkmilləşdirilmiş milli yazı sistemi cəmiyyətin inkişafında ən vacib amildir.

Azərbaycan dilinin inkişafının dönüş noqtəsi sayılan 1918-1920-ci illərdə, yəni Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaranması və yaranan kimi də dilimizin inkişafı uğrunda fəaliyyətə başladığı dövrdə də əlifba məsələsi diqqətdən kənarda qalmamışdır. Onu da qeyd etmək lazımdır ki, əlifba islahatının gündəmə gəldiyi ilk dövrlərdən ziyalılar məsələyə iki müxtəlif qütblərdən yanaşmışlar. Onların bir qismi “İslahatçılar” adlandırılırdı və ərəb əlifbasının tərəfdarı kimi  çıxış edərək yaşanan çətinlikləri aradan qaldırmaq üçün bu əlifbada islahatlar aparmağı daha məqsədəuyğun hesab edirdilər. Onların fikrincə, ərəb əlifbasından imtina etməklə biz qədim ədəbiyyatımız, mədəniyyətimiz, türk dünyası və islam birliyindən ayrı düşmüş olacağıq. İkinci qütbün tərəfdarları isə “Latınçılar” adlanırdırılırdı və onlar, ümumiyyətlə, ərəb əlifbasından imtina etməyi təklif edirdilər. Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, hətta müasir dövrümüzdə də bununla bağlı fikirlərdə haçalanmalar mövcuddur və bəzi tədqiqatçılar bunu sovet ideologiyasına xidmət edən bir addım olaraq xalqı öz tarixindən ayırmaq kimi qiymətləndirirlər. Çünki Azərbaycanda ərəb əlifbasından imtina və latın qrafikalı yeni əlifbaya keçid məhz sovet dövrünə təsadüf edir. Belə ki, 1922-ci ildə latın qrafikalı yeni əlifba layihəsi hazırlanmış və müəyyən bir tarixi dövr ərzində bu əlifba ərəb əlifbası ilə paralel şəkildə istifadə olunmuşdur. Bu tarixi prosesdə 1926-cı ildə Azərbaycanda keçirilən Birinci Türkoloji Qurultayın da rolunu xüsusi qeyd etmək lazımdır. Türk xalqlarının mədəni-elmi həyatında çox mühüm rol oynayan bu yığıncaqda əlifba məsələsi də öz əksini tapmış və burada latın qrafikalı yeni əlifbaya keçidin əsas prinsipləri işlənib hazırlanmışdır. Qurultay iştirakçıları arasında da latın qrafikalı əlifba layihəsi birmənalı qarşılanmamışdır və onların bir qismi bunun əleyhinə çıxış edərək ərəb əlifbasının saxlanması təklifini irəli sürürdülər. Məsələn, qurultaydakı çıxışında Bəkir Çobanzadə deyirdi: “Asiya tarixinin ən mühüm, ən uca dövrləri, monqollar, hunlar, teymurilər dövrü, ya islamın yayılma dövrü bu əlifba ilə yazılmışdı. Gələcək türk nəsilləri öz babalarının bu şanlı tarixini oxuya bilməyəcək, kimin övladları olduqlarından xəbərsiz qalacaq və tarixin 1920-ci illərdən başlandığını sanacaqlar”. Lakin qurultay iştirakçıları səs çoxluğu ilə yeni əlifba layihəsinə səs verdi. 1928-ci ilin oktyabr ayında ölkədə latın qrafikalı yeni əlifbaya keçidlə bağlı qərar qəbul edildi və 1929-cu ilin yanvarından yeni əlifbanın tətbiqinə başlandı.

Bəs nə üçün ilk başlarda Rusiya öz işğalçılıq planlarını həyata keçirdiyi və zorla sovet bayrağı altında birləşdirdiyi xalqları özünün kiril əlifbasından istifadəyə məcbur etmədi və məhz latın qrafikalı əlifbaya üstünlük verdi? Əlifba məsələsi ilə məşğul olan tədqiqatçıları gəldiyi ümumi nəticə bundan ibarətdir ki, Rusiya onsuz da müstəqilliyini əlindən aldığı və zorla özündən asılı hala saldığı bu xalqlar arasında narazılıqların artacağından ehtiyat edərək belə bir addım atmışdır. Özünün ruslaşdırma siyasətini birdən-birə həyata keçirməyə cəsarət edə bilməmişdir. Qeyd edək ki, elə qardaş Türkiyə Respublikasında da 1928-ci ildən latın hərflərinə əsaslanan yeni Türk əlifbasına keçid baş vermişdir.

1933-cü ildə latın qrafikalı Azərbaycan əlifbasına bəzi dəyişikliklər edildi. Burada hərflərin sayı əvvəlki əlifbadakı kimi 33 idi və həmçinin apostrof işarəsi də öz əksini tapmışdır. Beləliklə, Azərbaycanda 1929-cu ildə qəbul olunmuş latın qrafikalı yeni əlifba 1939-cu ilə qədər istifadə edildi. 1939-cu ildə Azərbaycanda kiril əlifbası əsasında hazırlanmış yeni əlifbaya keçidlə bağlı qərar qəbul edildi və 1940-cı il yanvarın 1-dən yeni əlifba tətbiq olunmağa başladı.

Ölkədə kiril əlifbasına keçid rus dilinin bütün SSRİ xalqları üçün vahid, ortaq dil kimi möhkəmlənməsinə xidmət edirdi. Belə bir vəziyyətdə xalqların müxtəlif əlifbalardan istifadəsi məqsədəuyğun deyildi və mərkəzləşmiş hakimiyyətin tələblərinə uyğun olaraq, həmçinin rus dilinin bütün sahələrdə tətbiqini genişləndrimək, asanlaşdırmaq, onun yayılmasına şərait yaratmaq məqsədilə bütün ölkədə vahid əlifbanın tətbiqi daha səmərəli idi. Gürcü və ermənilər isə bu qərardan kənarda qaldılar və öz əlifbalarını qoruyub saxladılar və bütün sonrakı dövrlərdə də ondan imtina etmədilər. 1939-cu ildə təsdiq olunmuş kiril qrafikalı Azərbaycan əlifbası 40 hərf və apostrofdan ibarət idi. Buraya Azərbaycan dili üçün xarakterik olmayan rus dilindən keçən bəzi sözlərin tərkibində işlənən rus əlifbasındakı Ёё, Йй, Цц, Щщ, Ъъ, Ьь, Ээ, Юю, Яя hərfləri də əlavə edilmişdi. Lakin sonrakı illərdə əlifba üzərində bəzi təkmilləşdirmələr aparılaraq 1947-ci ildə Цц hərfi, 1958-ci ildə isə Ёё, Щщ, Ъъ, Ьь, Ээ, Юю, Яя hərfləri əlifbadan çıxarıldı, Йй hərfi isə Јј hərfi ilə əvəz olundu. Eyni zamanda bu əlifbaya rus dilində olmayan, Azərbaycan dilinin öz hərfləri üçün də müəyyən işarələr (Əə, Ҝҝ, Ҹҹ, Үү, Ғғ, Өө) əlavə olunmuşdu.

Kiril qrafikası əsasında yaradılmış bu əlifba 1991-ci ilə qədər istifadə olunmuşdur. SSRİ-nin dağılması ilə ölkələr hər biri, o cümlədən Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdi. Bununla da müstəqil dövlətin dil siyasəti həyata keçirilməyə başladı ki, onun da əsas hissəsini əlifba məsələsi təşkil edirdi. Beləliklə, 1991-ci ildə Azərbaycanda latın qrafikası əsasında hazırlanmış yeni əlifbaya keçidlə bağlı qərar qəbul olundu. 1992-ci ildən artıq birinci sinifdə uşaqlar latın qrafikalı əlifbanı öyrənməyə başladılar. Yeni əlifbaya keçid tədricən həyata keçirildi və bir müddət hər iki əlifba paralel istifadə olundu. Yeni əlifbaya tam keçid 2001-ci ildə başa çatdırıldı. Bu əlifba 32 hərfdən ibarət idi və 1929-cu il əlifbasına bəzi kiçik dəyişikliklərlə hazırlanmışdı. Bu əlifba layihəsinin hazırlanmasında Azərbaycanın görkəmli dilçi alimi, professor, o dövrdə Azərbaycan Əlifba Komissiyasının sədri Afad Qurbanovun xüsusi xidmətləri olmuşdur. Burada dilimiz üçün xarakterik səslərin hər birinin öz işarəsi vardır. Müasir dövrümüzdə latın əlifbasından istifadə Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafına təkan vermək baxımından çox əhəmiyyətlidir. Bu əlifba türk xalqlarının bir-birinə inteqrasiyasında, onların mədəni-siyasi əlaqələrinin genişlənməsində mühüm rol oynayır, həmçinin dünya azərbaycanlılarının birliyinin, onların əlaqələrinin genişlənməsinin simvolu kimi də çıxış edir. Bu əlifba həm də ölkəmizin beynəlxalq aləmə çıxışında bir vasitədir. Azərbaycan dilinin ən yaxşı mühafizəkarı, eyni zamanda istifadəçisi və bilicisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin uğurlu dil siyasətinin bir istiqamətini də əlifba sahəsində görülən işlər təşkil edirdi. Məhz bu işlər çərçivəsində Ulu öndərimizin 9 avqust 2001-ci ildə imzaladığı Fərmanla avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsbit edilmişdir. Bu isə dövlətin və onun rəhbərinin milli dilə və xalqın dəyərinə çevrilmiş milli əlifbaya olan hörmət və ehtiramının ən yaxşı nümunəsidir. 2004-cü ildən başlayaraq Azərbaycanda əvvəlki dövrlərdə çap olunmuş əsərlərin böyük bir hissəsi latın qrafikalı yeni əlifba ilə oxuculara təqdim olunur.

Əlifba xalqın yazı mədəniyyətini formalaşdıran əsas vasitədir. Azərbaycan əlifbası aid olduğu xalqın taleyi kimi keşməkeşli tarix yaşayaraq günümüzə çatmışdır. Xalqın keçmişini özündə əks etdirən əlifba bu gün artıq xalqımız kimi müstəqildir, ümumtürk müstəvisində istifadə olunaraq türk xalqları arasında mühüm ünsiyyət vasitəsinə çevrilmişdir. 

Nuray Əliyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya elmləri doktoru