01 avqust 2025 00:35
329

Erməninin sonrakı ağlı…

Rəsmi İrəvan gec də olsa Zəngəzur dəhlihinin açılmasına razılığını bildirir

43 kilometrlik Zəngəzur dəhlizinin açılması bu gün nəinki bölgənin müzakirə predmetidir, hətta beynəlxalq aləmin də marağında olan bir məsələdir. Bəs Zəngəzur dəhlizinin əhəmiyyəti  nədən ibarətdir və onun açılmasını istəyən və istəməyən ölkələr hansılardır?

Öncə deyək ki, bu dəhlizin açılmasının qəti əleyhdarı İran İslam Respublikasıdır. Bu ölkənin rəsmiləri iddia edirlər ki, sözügedən dəhliz İranın milli təhlükəsizliyinə cavab vermir. Çünki dəhliz açılsa İran sərhədləri yaxınlığından keçən digər ölkələrin nəqliyyat vasitələri onlar üçün təhlükə mənbəyinə çevrilə bilər. Təbii ki, bu uydurma iddiadır və əslində onların niyyətləri Türkiyənin və digər bölgə ölkələrinin TIR-larının İran ərazisindən keçməsini davam etdirməkdir. Bu tranzit yoldan isə onlar hər il yüz milyonlarla dollar vsait qazınırlar.

Zəngəzur dəhlizinin açılmasını istəməyən digər ölkə Rusiyadır. Rusiya bildirir ki, dəhliz o vaxt açıla bilər ki, həmin ərazidəki giriş- çıxış postlarına Rusiyanın xüsusi xidmət orqanları nəzarət etsin. Buna isə Ermənistan razı deyil.  Zəngəzur dəhlizinin açılmasına ilk əvvəllər Ermənistan da razı deyildi. Lakin Azərbaycanın ciddi təsir imkanlarından sonra ölkənin baş naziri Nikol Paşinyan dəhlizin açılmasında problem olmadığını bildirdi. O, həm bölgələrə səfəri zamanı ermənilərə, həm də palamentdəki çıxışlarında deputatlara izah etməyə çalışır ki, dəhlizin açılması Ermənistan iqtisadiyyatına yeni nəfəs gətiəcək və ölkənin iqtisadi blokadasına son qoyacaqdır.

Nikol Paşinyandan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi)  sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılması zərurətindən danışıb: «Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır». Bax buna deyirlər ki, ermənini sonrakı ağlı…

Ermənistan prezidentinin dediklərindən belə məlum olur ki, qarşı tərəf Azərbaycanın tələblərini yerinə yetirməyə hazırdır. Əlbəttə, bu, İrəvanın konstruktiv mövqeyi kimi yox, Bakının diplomatik səylərinin nəticəsi kimi də qiymətləndirilməlidir. Zəngəzur dəhlizinin açılmasında maraqlı ölkələr arasında Çin,  Hindistan,  Pakistan, ABŞ, Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan, Tacikstan və Qırğızııstan da var. Çünki bu Asiya ölkələri Orta Dəhlizin əsas komponenti olan Zəngəzur dəhlizini açılması ilə məsafənin qısalmasını istəyirlər. Bu isə nəqliyyat daşımaçılığında əlavə gəlir deməkdir.

 Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistandan gələn müsbət mesajlar bir daha göstərir ki, Nikol Paşinyanın ötən ay Türkiyə səfərində ona qətiyyətli olmaq üçün hərtərəfli dəstək veriləcəyini bildiriblər. Çünki Ermənistandakı revanşistlər və Rusiyapərəstlər, xüsusilə də kilsə xadimləri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı müsbət fikirlərini qəbul etmirlər və onu satqınlıqla ittiham edirlər. Burada bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır ki, indi rəsmi İrəvan ikili oyun oynamağa məcburdur. Çünki ona həm Qərbdən, həm də Rusiyadan kifayət qədər təzyiq göstərilir. Bu isə Ermənistan üçün yeni təhlükəsizlik çətirinin vacibliyini gündəmə gətirir. Belə bir vaxtda Azərbaycan və Türkiyə Ermənistanın təhlükəsizliyinə təminat verə bilərlər. Əslində bu, Ankara və Bakının  maraqlarına uyğundur. Çünki kənar qüvvələrin Cənubi Qafqaza soxulması yeni münaqişə mənbələri deməkdir.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Zəngəzur dəhlizinin qlobal əhəmiyyətindən danışaraq deyib: « Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir».

İqtsadçıların qəti qənaətinə görə, Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların effektiv təşkilində Zəngəzur dəhlizi alternativsiz marşrut ola bilər. Bu yolun Xəzər dənizi üzərindən keçərək Türkiyəyə, oradan da Avropa bazarlarına çıxışı təmin etməsi iqtisadi cəhətdən böyük üstünlüklər vəd edir. Dəhlizin əsas üstünlüklərindən biri vaxt və məsafə baxımından rəqabətqabiliyyətli olmasıdır. Əlavə olaraq, marşrut üzrə iştirakçı ölkələrlə müştərək tarif siyasətinin formalaşdırılması iqtisadi səmərəliliyi daha da artıracaq. Bu, yalnız Azərbaycanın deyil, bütün regionun tranzit potensialının artmasına və beynəlxalq yükdaşımaların şaxələndirilməsinə xidmət edəcək.

Həmçinin beynəlxalq ekspertlərin proqnozlarına görə, qarşıdakı on il ərzində Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq. Bu, həm də geoiqtisadi sistemin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Belə bir şəraitdə nəhəng ticarət axınının idarə olunması, daşınma yollarının səmərəli və təhlükəsiz təşkilini tələb edir. Məhz bu kontekstdə Zəngəzur dəhlizi alternativsiz və strateji arteriya kimi ön plana çıxır. Əgər bu ticarət dövriyyəsinin cəmi 10 faizi, yəni təxminən 20 milyard dollarlıq yük Zəngəzur dəhlizi vasitəsilə daşınarsa, Azərbaycan ildə 3 milyard dollardan artıq tranzit gəliri əldə edə bilər. Bu isə ölkənin qeyri-neft sektorunun gəlirlərini artırmaq və iqtisadi şaxələnməni gücləndirmək baxımından mühüm göstəricidir.

Zəngəzur dəhlizinin reallaşması yalnız dövlətin büdcəsinə tranzit gəliri qazandırmaqla bitmir. Yol boyunca infrastrukturun texniki xidmət mərkəzləri, anbarlar, mehmanxanalar, logistika terminalları və iaşə obyektlərinin yaradılması regionda minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. Bu isə həmin ərazilərdə əhalinin sosial rifahının yüksəlməsinə, urbanizasiya prosesinin sürətlənməsinə və regionun iqtisadi canlanmasına gətirib çıxaracaq.

Elçin Zaman, «İki sahil»