Qarşımda bir kitab var: bir ömürdən bəhs edən kitab. “Ön söz” səhifəsində qədimi dostum, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli yazır “ Mən Hüseyn Əsgərovu professional yurnalist kimi tanıyıram. Onun Azərbaycan mətbuatında öz imzası və yeri var. Müstəqillik dövrü Azərbaycan mətbuatının, jurnalistikasının dəyərli simalarından biridir. Həm televiziyada, həm də mətbuatda Hüseyn Əsgərov böyük işlər görüb”. Dilimizin, ədəbiyyatımızın tədqiqində, inkişafında böyük işlər görmüş akademik dostumuz, müstəqilliyimiz uğrunda həmfikir olduğumuz İsa müəllimin Hüseyn Əsgərov haqqında söylədiyi fikirlər onun jurnalistlik fəaliyyətinə verilmiş qiymətdir. Mən çalışacağam H. Əsgərovun bütövlükdə həyat və fəaliyyəti, dost-tanışa münüsibəti, bir sözlə, həyat yolunun inkişaf pillələrindən söz açam. Beləliklə...
Naxçıvanın isti avqust günlərinin sonu idi. “Şərq qapısı” qəzeti redaksiyasının foyesində yığışıb adətimiz üzrə yeni ədəbiyyat nümünələrini, büynəlxalq hadisələri müzakirə edirdik. Həmişəki kimi şair Hüseyn Razi, yazıçı-jurnalist Möhsün Möhsünov, Cəlil Vəzirov (Allah hər birinə rəhmət eləsin) söz sahibiydilər. Bu ara pilləkənləri qalxan gənc oğlan bizə yaxınlaşıb iddialı baxışlarla, amiranə tərzdə “ redaktorun otağı hardadı!” deyə soruşdu. Bir anlığa söhbətə ara verildi. Otağı göstərdilər. “Hə, təyinatla gəlmişəm. İndən belə felyeton, tənqidi yazılar mənlikdir” - deyə redaktorun otağına tərəf getdi.
Bir neçə gündən sonra mənimlə bir yerdə işləməyə başladı. Az bir müddətdən sonra kollektivə alışdı.Əmisi oğlu ilə dost olduğumdan xarakteri mənə çox uyğun gəldi. Yavaş-yavaş dostlaşdiq. Mollanəsrəddinçiydi. Söhbətlərində universitet müəllimimiz rəhmətlik Nəriman Zeynalovun izləri görsənirdi. Şirin söhbəti, incə sarkazmı ətrafdakıları özünə cəlb edirdi. Ancaq, yaşlı nəsil bu gənc jurnalisti iddiasına görə qəbul etmirdi. İlyarım bir yerdə işlədik. Hüseyn vilayət partiya komitəsinin köməkliyi ilə Naxçıvan Muxtar Respublika Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə redaktor vəzifəsinə düzəldi.( O dövrdə informasiya vasitələrinə işə düzəlmək üçün mütləq kommunust partiya komitələrinə müraciət etməli olurdun).
H. Əsgərov televiziyada işləsə də bizlərlə əlaqəsini kəsmədi. Naxçıvan radiosunda, televiziyasında hazırladığı reportaj, oçerklərdə,hətta xəbərlərdə Çəlil Məmmədquluzadə ruhu, qələm nümunələri özünü göstərirdi. Tamaşaçı, dinləyici verilişlərdə yeni bir havanın yarandığını hiss edirdi. “ Şərq qarısı” qəzetində çap olunan hekayələrində Mollanəsrəddin məktəbinin, o zaman Azərbaycan gəncliyinin yeni-yeni tanıdığı türk yazıçısı Əziz Nesinin yaradıçılıq motivləri sezilirdi.
Ötən əsrin 80-ci illərinin əvvəllərindən jurnalistlik fəaliyyəti ilə yanaşı, Naxçıvan ədəbi mühitinə yeni nəfəs, yeni ab-hava gətirən H.Əsgərov yaradıcılığı Azərbaycan oxucusuna da təqdim olunurdu. H.Əsgərov Naxçıvan mühitində müstəqqilliyimiz uğrunda mübarizəyə qoşulan az-az jurnalistlərdən idi. Öz qələmi, verilişlərilə xalqa azadlıq fikirləri aşılayan, “Sərhəd hərakatı”nın fəal üzvü olan H.Əsgərov bu səpkidə hazırladığı verilişlərdə Azərbaycanın tarixinə ekskursiya edir, vaxtilə böyük, bütöv Vətən törpağını vəsv edir, imperialist qüvvələri tərəfindən ikiyə bölünmüş xalqı birliyə, azadlığa səsləyirdi. Müəllifin 1988-ci ilin sentyabrında Naxçıvan Televiziyasında nümayiş etdirilən “Ayrılıq” verilişi 200 ilə yaxın bir dövrdə parçalanmış, bir-birinə həsrət qalmış bacı-qardaşın, ana- balanın illər uzunu qəlblərində daşıdıqları yanğının atəşindən yaranmışdır. Verilişdən-verilişə “Ayrılıq”ın tamaşaçı auditoriyası genişlənirdi. Təəssüf ki, Azərbaycan tamaşaçısının əksər hissəsi Naxçıvan televiziyasını izləyə bilmirdi. Ancaq cənublu qardaşlarımızın bir qismi “Ayrılıq”ı seyr edirdilər. Şərqi və Qərbi Azərbaycan vilayətlərinin Arazboyu kəndləri, Xoy, Mərənd, Maku, Culfa, Ələmdar, Qaraziyyəddin və digər şəhər və kəndləri Naxçıvan televiziyası jurnalistinin verilişini səbirsizliklə gözləyirdilər. “Ayrılıq” zamanında o tayla bu tay-cənublu qardaşlarımızın təbirincə desək, “Şurəvi Azərbaycanı ilə Cənubi Azərbaycan” arasında bir körpü yaratdı. Milli-mənəvi birliyimizin ilkin özül daşlarını düzdü. 1989-cu ilin 31 dekabrında bir milləti ikiyə bölən dəmir pərdə ortadan götürüləndə o taydan gələn səslər arasında “Ayrılıg”a baxırıq. Bizim əzizlərimiz Naxçıvanda yaşayırlar. Artıq hər kəs öz doğmasənın yerin-yurdun bilirdi, adbaad çağırırdılar. Bu bizim qəhrəman, jurnalist H. Əsgərovun ürək verdiyi yaradıcılıq zəhmətinin bəhrəsi idi. Yaxşı yadımdadır İran İslam Respublikası ilə gediş-gəliş razılığı alınmışdı. Cənublu qardaşlarımızın ilk görüşünə Hüsenlə bir getmişdik. Bizi görənlər ətrafımıza toplaşır, Hüseyndən Naxçıvanda yaşayan qohum -əqrabalarını soruşur, təkidlə evlərinə qonaq dəvət edirdilər. Deyərdim ki, o dövrün qəhrəmanına çevrilmişdi. Deyim ki,Türkiyə körpüsü açılanda da yaxın bölgələrdən gələn insanlar televizyon spikeri Hüseyni axtarıb tapırdılar,,,
Bu da ömrün 70-i!!! Hüseyn Əsgərov geriyə baxanda gözləri önündən nələr, nələr gəlib keçir?.. 1955-ci ilin soyuq payızının son günlərində Şərur rayonunun Şəhriyar kəndində dünyaya göz açıb. İkinci Dünya müharibəsinin vurduğu zədələrin sarılması illərində uşaqlıq və gənclik dövrünü başa vurub.1977-ci ildə Azərbaycanın mötəbər ali məktəbinin, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. Təyinatını doğma Naxçıvana alıb. İlk jurnalistlik fəaliyyətinə “Şərq qapısı” qəzetindən başlayıb. Sonralar Naxçıvan radio-televiziya komitəsində formalaşıb, dinləyici, tamaşaçı, oxucu rəğbəti qazanıb, tanınmış söz sahibi olub. Naxçıvan teatrında, Naxçıvan kukla teatrında tamaşaları oynanılıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Molla Nəsrəddin” ensiklopediyasında görkəmli mollanəsrəddinçilər arasında yer alıb. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 29 oktyabr 2024-cü il tarixində elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin ən yaxşı köşə yazısı nominasiyasının qalibi olub.
H.Əsgərov 10 il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 11 il Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalistidir. O, peşəkar yazıçı kimi 2021-ci ilin Prezident təqaüdçüsü olub.
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev bu ilin 21 iyulunda Azərbaycanın öncül jurnalistlərinin bir qrupunu dövlət mükafatları ilə təltif edib. Təltif olunanlar arasında H. Əsgərov da vardır. Onun çoxillik səmərəli fəaliyyəti “Tərəqqi” medalı ilə qiymətləndirilib.
Yazıçı-jurnalist, ictimai xadim Hüseyn Əsgərovun bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən oxuculara təqdim olunan “Bu da bir ömürdür...” kitabından bir iqtibas gətirmək istəyirəm: “N.Ostrovskinin “Polad necə bərkidi” romanında belə bir deyim var: İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib, heyifsilənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan... Yaşamağa tələsmək lazımdır”.
H.Əsgərov 70 ilin astanasından geriyə baxdıqda, sözün həqiqi mənasında yaşamağa tələsib: Əlindəki qeyd dəftəri, bir də bərəkətli qələmi ilə.
Həyatdolu,özünün sevgisi, yumoru ilə qəlblərdə yer alan dostumuza-Hüseyn Əsgərova yaradıcılıq uğurları, sağlam ömür yolu arzulayırıq!
Telman Quliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü