03 avqust 2025 19:22
107

Yanğın Nabran-Xudat yolunda avtomobillərin hərəkətini çətinləşdirib

Xaçmazda dənizsahili ərazidə kolluq və qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, rayonun İstisu qəsəbəsi ərazisində başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Yanğın nəticəsində yaranan qatı tüstü Nabran-Xudat yolunda bir kilometrə yaxın məsafədə avtomobillərin hərəkətini çətinləşdirib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının ərazidəki istirahət mərkəzlərinə və çimərlik ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.