Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.
Layihənin bugünkü qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan və bu gün 60-cı ildönümünü qeyd edən Pənahovlar ailəsidir.
Əsədulla Pənahov 1937-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) coğrafiya-biologiya fakültəsində ali təhsil alıb. Diyallı kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 44 il bu məktəbdə müəllim və direktor müavini işləyib. Təkcə işlədiyi məktəbdə, rayonda deyil, bütün respublikada işini kamil bilən, daim öz üzərində çalışan və nümunə göstəriləcək müəllim kimi tanınıb, “Metodist müəllim” adına, “Maarif əlaçısı” döş nişanına layiq görülüb.
Əsədulla müəllim 60 il əvvəl, 1 avqust 1965-ci ildə Zenfira xanımla ailə həyatı qurub. ZenfiraPənahova 1948-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində müəllim ailəsində anadan olub. Orta təhsillidir. 30 ildən çox Diyallı kəndində S.Vurğun adına kolxozda işləyib.
Ailənin 5 övladı – 3 oğul, 2 qız övladı, 15 nəvəsi, 9 nəticəsi var. Pənahovların övladları, həmçinin 15 nəvəsindən 11-i ali təhsillidir.
Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik.
- Xoşbəxt evliliyin sirri nədədir?
Əsədulla müəllim: -Xoşbəxt evliliyin sirri bir-birini başa düşməkdədir.
Zenfira xanım: - Gərək bir-birini başa düşəsən, danışmasa belə baxışından onu anlayasan.
- Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
Əsədulla müəllim: -Səbrlə, təmkinlə. Mən həmişə güzəştə getməyi, bağışlamağı bacarmışam, Allah bağışlayandırsa biz niyə bağışlamayaq. Ailəmizdə heç vaxt münaqişə olmayıb, kiçik anlaşılmazlıqlar olub, onu da özümüz sakitcə, uşaqlara hiss etdirmədən öz aramızda söhbətlə, müzakirə ilə aradan qaldırmışıq. Uşaqlarımız ailəni belə görüb, bu ruhda böyüyüblər. Ona görə də bu gün övladlarımızın ailəsində də mehribançılıqdır.
Zenfira xanım: -Valideyn olandan sonra insanın məsuliyyəti qat-qat artır, ata-ana təkcə valideyn yox, həm də övladının örnək, nümunə götürəcəyi şəxsiyyət olur. Bu mənada təkcə yaxşı valideyn yox, nümunəvi şəxs də olmağa borclusan və deyəsən, biz bunu bacarmışıq.
- Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
Əsədulla müəllim: -Özümüz nümunə olmaqla. Əgər uşaq balaca vaxtından görsə, duysa ki, sən öz evini, kəndini sevirsən o zaman o da yurd, Vətən sevgisi ilə böyüyəcək. Mənim övladlarım ağılları söz kəsəndən görüblər ki, ataları layiqli vətəndaşlar yetişdirə bilmək üçün necə səbrlə, əzmlə çalışır, bu, ən böyük həyat, Vətən sevgisi dərsidir.
- Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
-Uşaqlarımızın körpə yaşlarından qəlbini ələ almışıq, aramızda heç zaman səhvə yol verilməsinə imkan olmayan qəlb bağlantısı olub. Və bunun sayəsində uşaqlara həm valideyn olmuşuq, həm də ən yaxın dost.
- Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.
-Allaha şükür, uşaqlarımızı necə görmək istəmişiksə, necə tərbiyə vermək istəmişiksə, ona da nail olmuşuq. Ailə kimi ailə olmuşuq, uşaqlarımız da başqa bir ailəni yox, məhz içində böyüdükləri ailəni özlərinə nümunə götürüblər.
- Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
-Ailə quranda tələsməsinlər – seçsinlər, bir-birlərini tanısınlar, sevsinlər. Yəni sevməyə də tələsməsinlər – sevginin gözü kor olur, deyərlər. Ən əsası öz taylarını tapsınlar, ataların bir gözəl sözü var, deyir, “taylı tayını tapmasa günü ah-vayla keçər”. Bacarıb öz taylarını tapsınlar – düşüncə, təhsil, yaşam tərzi və sair baxımından. Bu gün boşanmaların artmasının başlıca səbəbi bax elə düşüncə fərqliliyindədir. Düşüncələr ən azından oxşar olmalıdır ki, ailə də tam ola bilsin. Bizim kimi, nəvə-nəticələrin əhatəsində, ötənlərin xoş xatirələri ilə evliliklərinin hər ildönümünə, elə ömrün hər gününə ürəkdən “xoş gəldin” deyib, şükür edə bilsinlər.
Hörmətli Pənahovlar ailəsinə dəyərli fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.