04 avqust 2025 15:33
139

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanası istifadəyə verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev, Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsin direktoru Nəhmət Rəhmanov və Şəmkir Regional Xəstəxananın kollektivi iştirak edib.

Diqqətə çatdırılıb ki, Kür qəsəbəsində yerləşən xəstəxanada Gəncə, Naftalan şəhərləri, Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarının sakinləri üçün tənəffüz sisteminin spesifik ve qeyri-spesifik xəstəliklərinin müalicəsi, diaqnostikası və profilaktikası ilə bağlı tibbi xidmətlər göstəriləcək. Xəstəxanada vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün bütün lazımi şərait yaradılıb. Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb olunan şəxslərə Reanimasiya və intensiv terapiya bokslarında xidmət göstəriləcək. Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri və avadanlıqlarla təchiz edilib.