Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Səhləbad kəndində Vətən müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
“İki sahil” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Anar Məmmədov şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Vətən müharibəsi başlayanda Goranboy rayonundan “N” saylı hərbi hissənin tərkibində müharibəyə qatılıb, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub, oktyabrın 9-də yaşadığı kəndin qəbristanlığında dəfn olunub.
Ölümündən sonra Azərbyacan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.