Mirağa Qasımov doğma yurdunu, xalqını öz canından artıq sevirdi. Odur ki, 44 günlük haqq savaşımız başlanan gündən Vətən torpaqlarının azadlığı naminə yağıya qarşı son damla qanına qədər döyüşüb, yaddaşlara əbədi olaraq yazılmış igidlik və mərdlik göstərib. Məhz buna görə də bu gün cismən aramızda olmasa da, bütün Azərbaycan onunla fəxr edir, böyüməkdə olan gənc nəsil Vətən sevgisini onun kimi ölümsüzlüyə qovuşan cəsur oğullardan öyrənir.
1995-ci ildə Cəlilabadın Moranlı kəndində anadan olan Mirağa Hafiz oğlu Qasımov yetkinlik yaşına çatanda birinci arzusu yağı tapdağında olan Vətən torpaqların azad görmək olub. Erməni dığaların Qarabağımızda törətdiyi qanlı əməllərlə heç cür barışa bilmirdi. Hər an qanında, ruhunda dövr edən Vətən sevgisi Mirağanı döyüşə çağırıb və elə doğma Azərbaycana əsl oğul olmağı bunda görüb. Əsgərliyə yola düşəndə də düşməndən Vətənin qisasını alacağına and içib. Həmçinin deyib ki, ordumuz tezliklə erməni işğalçılarına qalib gələcək, məndə sizin yanınıza zəfər sevinci, alnıaçıq, başıuca qayıdaram..
Mirağa Qasımov 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub . Hərb sənətinə olan maraq, ən əsası qəlbində cağlayan Vətən sevgisi, erməni dığalarına nifrət hissi onu 2015-ci ildə Dövlət Sərhəd Xidmətinə gətirib. Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayan Mirağa yüksək fiziki hazırlığı, intizamı və çalışqanlığı sayəsində qısa müddətdə peşəkar hərbi qulluqçu kimi formalaşıb. Xüsusi döyüş tapşırıqların icrasında, müxtəlif taktiki təlimlərdə yüksək nəticələr göstərərək rəislərinin və yoldaşlarının etimadını qazanıb, igidliyi, mərdliyi, dürüstlüyü nümunə olub.
Nəhayət, 2020-ci ildə Vətən müharibəsi başlayanda Mirağa istəyinə çatıb, erməni qəsbkarlarına qan qusdurmaq üçün əlinə silah alıb müharibə meydanına girib. 30 il əsarətdə qalan bizə məxsus kəndləri, rayonları azad etməkdə rəşadətlə vuruşub. Silahına tuş gələn dığaların sayı bilinməyib. Beləcə zəbt edilmiş yeni yaşayış məskənlərdə Azərbaycanın üç rəngli qələbə bayrağı dalğalananda igid döyüşçü Mirağa daha da ruhlanıb, atıldığı hər savaşda qəlbi qələbə eşqi ilə cuşa qəlib və Vətən olan sevgisini layiqincə sübut edib. Fizuli, Cəbrayıl istiqamətlərində gedən qanlı döyüşlərdə düşmənin başına od ələyib. Daha sonra Zəngilan şəhərinin və ətraf ərazilərin azadlığı naminə dığalara sarsıdıcı zərbələr vuran bölmələrin tərkibində xüsusi olaraq fərqlənib. Oddan-alovdan keçən, son qarşı Vətən torpaqların azad olunacağı günədək vuruşa hazır olan kiçik qizir Mirağa Qasımov
21 oktyabr 2020-ci il tarixdə Zəngilanda düşmən qüvvələrinin darmadağın edildiyi yerdə ağır yaralanıb. Bakı şəhərinə təxliyə olunaraq ölkəmizin ən qabaqcıl tibb müəssisələrində müalicə alsa da, noyabrın 12-də gözlərini yumaraq əbədiyyət dünyasına qovuşub.
Vətənə, millətə əvəzsiz xidməti ilə ürəklərə köçən kiçik gizir Mirağa Hafiz oğlu Qasımov ölümündən sonra ”Qarabağ” ordeni, ”Vətən uğrunda”, ”İgidliyə görə” və digər medallara layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü