06 avqust 2025 23:18
119

Qəhrəman Vətən oğlu

23 may 1998-ci ildə Cəlilabad rayonu, Ağdaş kəndində anadan olan  Alim  Davud oğlu Şükürov  orta təhsilini başa vuranda  öz mərdliyi, vətənsevərliyi ilə el-obada yaxşı ad çıxarıb. Yaxşılardan görüb-götürməklə özünü biləndən sonra o,   insan həyatının dəyərini Vətənə, xalqa, el-obaya təmənnasız xidmətdə  görüb.  Elə  onu 22 oktyabr 2020-ci ildə  müqəddəs şəhidlik zirvəsinə ucaldan da Vətən torpağının hər qarışına sonsuz sevgisi, xalqının xoşbəxt gələcəyi olub. Olduqca qısa bir ömür yolu yaşasa da, yaşının çərçivəsinə sığmayan igidliyi ona milyonların ürəyində yer edib. İndi adı qəhrəmanlıq simvolu kimi insanların dilində hallanır. Zaman keçəcək gələcək nəsillər də Alimi  özünə iftixar mənbəyi, qürur yeri bilər. Həmçinin ölümündən sonra layiq olduğu “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Qubadlının azadlığı uğrunda medalları da qəhrəmanlıq adına bir şərəf qatar...  

Zəfər şəhidimiz  Alim Şükürov  2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil alıb, 2018-ci ildə Cəlilabad Peşə Liseyini uğurla bitirib.  Çağırış yaşı çatanda  Alim ordu sıralarına yollanıb. 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində müddətli həqiqi hərbi xidmətdə olduğu vaxtda özünü intizamlı əsgər kimi göstərib, komandirlərin və rəislərin rəğbətini qazanıb. Məhz buna görə də  əsgərlik həyatı bitməmiş   o, peşəkar sərhədçi olmaq fikrinə gəlib.  Sinəsində Vətən üçün döyünən ürək gəzdirən Alim 2020-ci ilin fevral ayından  Çevik Hərəkət Qüvvələrinin Artilleriya     Briqadasında kəşfiyyatçı qismində xidmətə başlayıb. Mərdlik, dürüstlük, fədakarlıq  Alimin bütün işlərinin əsasında durub. Qarabağın azadlığı  uğrunda müharibə meydanında düşmənin başını əzmək üçün mükəmməl təcrübə əldə edib.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda qəlbində intiqam hissi  Alim  birincilər sırasında  ölüm-dirim savaşına qalxıb. İlk döyüşdə endirdiyi sarsıdıcı  zərbələrlə neçə-neçə erməni dığasını cəhənnəmə vasil edib. Odlardan, alovlardan  keçməklə dəfələrlə ölümlə pəncələşib, ancaq Vətənə olan məhəbbəti  hər şeyə qalib gəlib. Eləcə Alimin igidliyi əsgərlər arasında ruh yüksəkliyi yaradıb, şanlı qələbəmizə yollar açıb.

Alim daha sonra Cəbrayıl və Zəngilan istiqamətində gedən  döyüş tapşırıqlarını uğurla yerinə yetirib.  Ən çox Zəngilan şəhərinin və ətraf ərazilərinin düşməndən azad olmasında özünə məxsus qəhrəmanlıqlar göstərib. 21 oktyabr 2020-ci il tarixdə Zəngilanının işğaldan azad olunması ilə barışmaq istəməyən düşmən əks-hücuma keçib. Düşmənin 40-dan artıq hərbi qulluqçusunun məhv edildiyi, bir neçəsinin əsir götürüldüyü, darmadağın olunduğu bu savaşda Alim ağır yaralanıb. Təxliyə olunduğu Füzuli Diaqnostika Mərkəzində təcili  cərrahiyə əməliyyatı olunub. Həkimlərin bütün cəhətlərinə  baxmayaraq 22 oktyabr 2020-ci il tarixdə  şəhadətə qovuşub.  Qəhrəman Vətən oğlu cismən aramızdan  getsə də, əbədi bir ömür qazanıb.

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü