Çinin Quandun əyalətinin səlahiyyətliləri COVID-19 pandemiyası zamanı tətbiq edilən sanitar tədbirləri qismən bərpa edib. Bu, əhalini "Çikugunya" virusundan qorumaq üçün edilir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Əyalətdəki apteklərdə xəstəliyin əlamətlərini yüngülləşdirməyə kömək edəcək dərmanlar alarkən sənədləri təqdim etmək lazımdır. Alıcılar haqqında məlumatlar bu halların qeydə alınması üçün sanitar nəzarət orqanlarına verilir. COVID-19 pandemiyası zamanı bu cür məlumatların toplanması xəstə insanların hərəkətini məhdudlaşdırmağa və koronavirus testlərinin çatdırılmasına nəzarət etməyə imkan verirdi.
"Çikugunya" virusu ağcaqanad dişləməsi ilə ötürülür. Xəstəlik bir neçə gündən sonra özünü göstərir və bədən istiliyinin 40°C-ə qədər kəskin yüksəlməsi, aylarla davam edə bilən şiddətli oynaq ağrıları, əzələ ağrıları, baş ağrıları, ürəkbulanma, halsızlıq və səpkilərlə müşayiət olunur.
Hazırda daşqın mövsümünün davam etdiyi və havanın isti qaldığı Quanqdonqda virus daşıyan ağcaqanadların çoxalması üçün ideal şərait yaranıb. Bir aydan az müddətdə təkcə Foşan şəhərində 7000-dən çox yoluxmuş insan müəyyən edilib.